AZ

Aqrar Xidmətlər Agentliyi rəqəmsal xidmət konsepsiyasını genişləndirir – MÜSAHİBƏ

Bakı, 29 dekabr, Günel Türksoy, foto Nicat Haşımov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

-Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirləri həyata keçirməkdir. Bu işin daha effektiv təşkili üçün Agentlik hansı metodlardan istifadə edir?

-Aqrar Xidmətlər Agentliyi bitki sağlamlığının qorunması və fitosanitar sabitliyin təmin edilməsi məqsədilə ölkə üzrə kompleks tədbirlər həyata keçirir. Agentlik kənd təsərrüfatında zərərverici və xəstəliklərə qarşı mübarizəni daha effektiv təşkil etmək məqsədilə bir sıra innovativ və çoxşaxəli metodlardan istifadə edir. Bu istiqamətdə həyata keçirilən monitorinq proqramı nəticəsində cari il ərzində respublikanın müxtəlif bölgələri üzrə ümumilikdə 900 min hektardan çox kənd təsərrüfatı təyinatlı torpaqlarda müşahidələr aparılıb, bu isə zərərvericilərin erkən aşkarlanmasına və vaxtında müdaxilə imkanlarının genişlənməsinə şərait yaradıb. Aparılan risk təhlilləri əsasında sirayətlənmə müəyyən edilən 651 min hektar sahədə zəruri tədbirlər görülüb və proses risk səviyyəsinə uyğun olaraq kimyəvi və bioloji mübarizə vasitələrinin kombinasiyası ilə icra olunub.

Təhlükəli zərərvericilərdən olan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə Agentlik monitorinq və müasir aşkarlama metodlarından istifadə edir. İl ərzində aparılan müşahidələr nəticəsində 13 mindən çox məntəqədə monitorinq həyata keçirilib, aşkarlanan zərərvericilər mexaniki üsulla məhv edilib və yayılmanın geniş olduğu 3000-ə yaxın məntəqədə kimyəvi mübarizə tədbirləri icra olunub. Bu tədbirlər zərərvericinin yayılma arealını nəzarətdə saxlamağa imkan verir. Sahədə tətbiq edilən mühüm tədbirlərdən biri də feromon tələlərinin geniş istifadəsidir. Monitorinqin dəqiqliyini artırmaq üçün ölkə üzrə 16 min 300 feromon tələ quraşdırılıb. Bu isə müşahidələrin avtomatlaşdırılmasına və operativ məlumat əldə edilməsinə şərait yaradıb. Eyni zamanda, Agentlik transsərhəd fitosanitar təhlükələrin qarşısının alınması məqsədilə sərhəd-keçid məntəqələrində dezinfeksiya tədbirlərini gücləndirib. Sərhəd nəzarətinin intensivləşdirilməsi nəticəsində Mazımqara, Qırmızı Körpü və Böyük Kəsik stansiyalarından daxil olan 50 mindən çox nəqliyyat vasitəsində və vaqonda dezinfeksiya aparılıb.

Bitki sağlamlığının təmin olunmasında əsas işlərdən biri də fumiqasiya tədbirlərinin icrasıdır. Respublika ərazisində karantin və xüsusi təhlükəli orqanizimlərin yayılmasının qarşısını almaq məqsədi ilə AXA tərəfindən fumiqasiya tədbirləri təlimata uyğun həyata keçirilir. Qeyd etmək lazımdır ki, yüksək toksiki maddələr olduğuna və peşəkar yanaşma tələb etdiyinə görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.

-Qəhvəyi mərmər bağacığı ilə mübarizədən danışdınız. Bu zərərvericini bitki mühafizəsi sahəsində fitosanitar risklərlə mübarizədə ən aktual problem hesab etmək olarmı?

-Beynəlxalq təcrübədə qəhvəyi mərmər bağacığı ilə üç növ mübarizə-mexaniki, kimyəvi və bioloji mübarizə formaları mövcuddur. Ölkəmizdə də zərərvericiyə qarşı monitorinq və mübarizə tədbirləri elmi əsaslara, zərərvericinin biologiyasına uyğun olaraq mərhələli şəkildə davam etdirilir. Onu qeyd etməliyəm ki, zərərverici Gürcüstanın Azərbaycanla həmsərhəd bölgələrində daha geniş yayılıb və beynəlxalq mənbələrə əsasən, 2016-cı ildə həmin ölkədə fındıq istehsalına 70 milyon ABŞ dollarına yaxın həcmdə iqtisadi ziyan vurub. Gürcüstanda aparılan elmi müşahidələr və mübarizə tədbirləri göstərir ki, zərərverici sentyabr ayının sonlarından etibarən qışlama üçün sığınacaq axtarmağa başlayır ki, bu da onun Azərbaycan ərazilərinə doğru miqrasiyasını sürətləndirir. Hazırda da zərərverici qışlama dövrünü keçirdiyindən bu dövrdə onunla ən effektiv mübarizə üsulu mexaniki mübarizə tədbirləri hesab olunur. Belə ki, zərərverici yayılan bölgələrdə AXA tərəfindən mübarizə tədbirləri gücləndirilib, qışlama yerlərinin aşkarlanması istiqamətində monitorinqlərin sayı artırılıb. Həmin bölgələr üzrə gündəlik 90-dan çox əməkdaşımız monitorinqlərdə iştirak edirlər. Yerli əhali, aidiyyəti dövlət qurumları və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları haqqında ətraflı məlumat çatdırılır. Görüşlər zamanı əhaliyə bağacığın toplanaraq məhv edilməsi, qışlama yerlərinin mexaniki təmizlənməsi, yarpaq, bitki qalıqları və tullantıların sahələrdən kənarlaşdırılmasının vacibliyi izah olunur. Eyni zamanda riskli sahələrin mütəmadi yoxlanılması və zərərverici aşkar edildikdə aidiyyəti qurumlara operativ məlumat verilməsi tövsiyə edilir.

Təcrübə göstərir ki, zərərvericinin qışlama mərhələsində aparılan mexaniki tədbirlər onun məhv edilməsinə və yaz aylarında kütləvi yayılmasının qarşısını almağa mühüm təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, hazırda zərərvericinin qışlama dövrü nəzərə alınaraq mexaniki mübarizə tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Maarifləndirici tədbirlər qəhvəyi mərmər bağacığının populyasiyasının azalmasına, yaz-yay mövsümündə kütləvi yayılmanın qarşısının alınmasına və kənd təsərrüfatı məhsullarında itkilərin minimuma endirilməsinə xidmət edir. Mexaniki mübarizə tədbiri ilə yanaşı Aqrar Xidmətlər Agentliyinin peşəkar mütəxəssisləri tərəfindən kimyəvi mübarizə tədbirləri uğurla icra olunur. Mütəxəssislər yaşayış məntəqələrinə yaxın ərazilərdə, qışlama yerlərində, həyətyanı sahələrdə, çardaxlarda, eləcə də yarımçıq tikililərdə zərərvericinin yayılma dinamikasını qiymətləndirir, riskli sahələri müəyyən edərək kimyəvi preparatlarla hədəf yönümlü mübarizə aparırlar. Mütəxəssislər çiləmə işlərinin düzgün temperatur və hava şəraitində aparılmasına, normadan artıq preparat sərf edilməməsinə, həmçinin təhlükəsizlik qaydalarına tam riayət olunmasına xüsusi nəzarət edirlər. Dünyada qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə üsulu kimi samuray arılarından geniş istifadə olunur. Bu metod artıq İtaliya, Fransa, İsveçrə, ABŞ, Kanada, Türkiyə kimi ölkələrdə geniş şəkildə tətbiq olunur. Belə ki, zərərverici müşahidə olunan ölkələrdə bu faydalı arı növləri laboratoriyada yetişdirilib təbiətə buraxılır. Ölkəmizdə də bu təcrübənin tətbiqi məqsədilə faydalı həşəratların yetişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu təşəbbüsün əsas məqsədi ətraf mühit üçün təhlükəsiz, kimyəvi vasitələrdən asılılığı minimuma endirən və dayanıqlı kənd təsərrüfatı sisteminin formalaşmasına töhfə verən bitki mühafizəsi strategiyasının tətbiqini genişləndirməkdir. Onu da qeyd edim ki, samuray arısı qəhvəyi mərmər bağacığının yumurtalarına parazitlik edərək onun inkişafını dayandırır və populyasiyasını nəzarət altında saxlayır, faydalı həşəratlara zərər vermir, həmçinin beynəlxalq təcrübədə kimyəvi mübarizəyə qarşı təbii bir alternativ hesab olunur.

- Hazırda ölkəmiz üçün ən çox risk yaradan heyvan xəstəlikləri hansılardır və onların qarşısının alınması üçün nə kimi tədbirlər görülür?

-Aqrar Xidmətlər Agentliyi ölkədə heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması və heyvandarlıq təsərrüfatlarının qorunması məqsədilə geniş profilaktik tədbirlər həyata keçirir. AXA-nın peşəkar baytarlıq mütəxəssisləri tərəfindən ölkədə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı epizootik vəziyyət daim nəzarətdə saxlanılır. Agentlik tərəfindən heyvanların monitorinqi, sanitar baytarlıq xidmətləri, müvafiq laborator analizlər və planlı peyvəndləmə aparılır. Belə ki, ölkədə heyvan sağlamlığının qorunması məqsədilə qarayara, nodulyar dermatit, çiçək, bruselyoz, quduzluq və s. kimi heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər həyata keçirilir. Həmçinin heyvanların sağlamlıq vəziyyəti izlənilir və xəstəliklərin yayılmasının qarşısının alınması üçün kompleks addımlar atılır. AXA tərəfindən bu və digər xüsusi təhlükəli xəstəliklər ilə bağlı mütəmadi olaraq müxtəlif informasiya resursları vasitəsilə ictimaiyyət arasında maarifləndirmə işləri aparılır. Düşünürəm ki, dabaq xəstəliyi ilə bağlı mövzuya gəldikdə, bu xəstəliyin A, O, C, SAT-1, SAT-2, SAT-3 və Asiya-1 olmaqla, ümumilikdə 7 serotipi var. Hər serotipin də bir neçə alt tipi mövcuddur. Ölkəmiz üçün onlardan sadəcə O, A və Asiya-1 serotipləri endemik hesab olunur. Respublika ərazisində endemik hesab olunan serotiplərə qarşı AXA tərəfindən dövri olaraq profilaktik peyvəndləmə tədbirləri icra olunur. Lakin onu nəzərə almaq lazımdır ki, heyvanlar arasında xəstəliyin başqa tipi yayıldıqda vurulan peyvəndlər həmin serotipə qarşı immunitet yarada bilmir. Mütəxəssislərimiz daim qonşu ölkələrdəki epizootik vəziyyətlə bağlı daxil olan məlumatları təhlil edilir, bu istiqamətdəki fəaliyyətimizdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tövsiyələri nəzərə alınır. SAT-1 serotipi ilə bağlı qonşu ölkələrdə müşahidə edilən yoluxma riskləri nəzərə alınaraq, cari ilin təsdiq edilmiş “Epizootik tədbirlər planı”ndan kənar bu serotipə qarşı əlavə peyvənd vasitələri alınıb və hazırda profilaktik tədbirlərin gücləndirilməsi həyata keçirilir. Belə ki, noyabr ayından etibarən peyvənd vasitələri ölkəyə gətirilərək bölgü əsasında rayonlara çatdırılıb, “soyuq zəncir” rejiminə əməl olunmaqla gücləndirilmiş iş rejimində peyvəndləmə tədbirləri həyata keçirilir.

-Baytarlıq xidmətlərinin keyfiyyətinin artırılması üçün hansı yeni yanaşmalar və texnoloji həllər tətbiq edilir?

-Heyvan sağlamlığının qorunması məqsədilə müayinə, müalicə, profilaktika istiqamətlərində yeniliklərin tətbiqi nəzərimizdədir. Belə ki, mövcud baytarlıq xidmətlərinin keyfiyyətinin daha da artırılması məqsədilə regionlarda baytarlıq klinikalarının açılması nəzərdə tutulur. Həmçinin məhsuldar heyvanların klinikalara gətirilməsinin çətinliyi nəzərə alınaraq, səyyar və çevik baytarlıq xidməti də vətəndaşlarımıza təklif olunacaq. Bunun üçün xüsusi təmin olunmuş avtomobillərdə, baytarlıq-sanitariya və sterillik tələblərinə tam riayət edilməklə, müalicə və cərrahi əməliyyatlar aparılacaq. Bundan əlavə, baytarlıq sahəsində müasir üsullardan biri hesab olunan səyyar çimizdirmə qurğuları vasitəsilə heyvan rifahını qoruyan, daha qənaətcil və effektiv üsulla ektoparazitlərə qarşı mübarizə nəzərdə tutulur. Eyni zamanda, müxtəlif səbəblərdən tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə yaratdığı riskləri minimuma endirmək üçün mobil kremasiya qurğuları alınıb və əhalimizin istifadəsində veriləcək. Bununla da, ölkə ərazisində epizootik vəziyyətin nəzarətdə saxlanması hədəflənir. Baytarlıq xidmətlərinin daha şəffaf və operativ olması üçün bütün hesabat və izləmə proseslərinin tam rəqəmsal sistemə keçməsi planlaşdırılır. Bu vasitə ilə təsərrüfat sahibləri, peyvəndlənən heyvanların sayı, hansı peyvəndin vurulması, müxtəlif səbəblərdən peyvənd vurulmayan heyvanlar barədə məlumatlar, həmçinin peyvəndləmənin görüntüləri və məkanı real vaxt rejimində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) ötürülməsi təmin ediləcək. Bu tədbirlər və texnoloji yeniliklər sayəsində Aqrar Xidmətlər Agentliyi ölkədə baytarlıq xidmətlərinin keyfiyyətini yüksəltməklə yanaşı, heyvan sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması və epizootik sabitliyin təmin edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir.

-Ölkəmizə idxal olunan, eləcə də ölkəmizdə istehsal olunan toxum məhsullarına nəzarət təmsil etdiyiniz qurum tərəfindən icra olunur. Yerli toxum bazarının inkişafı və fermerlərin keyfiyyətli toxuma çıxış imkanları ilə bağlı hansı işlər görülür?

-Sertifikatlı toxum dövlət nəzarətindən keçmiş, xəstəlik və zərərvericilərdən azad, məhsuldar toxum növüdür. Bu toxumlar xüsusi nəzarət altında yetişdirilir, analiz olunur və yalnız bütün göstəricilər uyğun olduqdan sonra dövriyyəyə buraxılır. Aqrar Xidmətlər Agentliyi tərəfindən fermerlərin keyfiyyətli toxumla təmin olunması məqsədilə mütəmadi olaraq toxumçuluqla məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin attestasiyası həyata keçirilir, yalnız qanunvericiliklə nəzərdə tutulan qaydaların tələblərinə cavab verən təsərrüfatlar toxum istehsalı ilə məşğul ola bilirlər. Qanunvericiliyə əsasən, qablaşdırılmayan və etiketlənməyən, sortluq və səpin keyfiyyətləri rəsmi sertifikatla təsdiqlənməyən toxumların ölkə ərazisində ticarət dövriyyəsinə daxil edilməsi qadağandır. Fermerlərimiz aldığı toxumun həqiqətən də keyfiyyətli və sertifikatlı olduğuna əmin olmaq üçün etiketdə olan QR kodu öz smartfonu vasitəsilə oxudaraq məhsul haqqında ətraflı məlumat əldə edə bilər. “Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlara təqdim edilib. Yeni qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla toxumçuluğun inkişafı üçün kompleks yanaşma tətbiq olunub. Müvafiq olaraq, hazırda ”Seleksiya nailiyyətləri haqqında” qanuna dəyişiklik üçün yerli və beynəlxalq ekspertlərlə iş aparılır ki, bu da istər yeni seleksiya nailiyyətlərinin, istərsə də xaricdə öz təsdiqini tapmış sortların qeydiyyatının beynəlxalq təcrübəyə uyğun aparılmasına təkan verəcək. Keyfiyyətli toxum istehsalının təmin edilməsində toxum sertifikatlaşdırılması prosesinin düzgün təşkili əsas prioritetimizdir. Bu istiqamətdə son illər kifayət qədər vacib təkmilləşdirmələr həyata keçirilib. Belə ki, bütün bitki növləri üzrə toxumluq əkin sahələri elektron formada bəyan edilir və rəqəmsal xəritələşdirmə işləri aparılır. Xəritələşdirmə zamanı fermerin toxumluq bəyan məlumatları xəritə üzərinə inteqrasiya edilir və sahələrin aprobasiyası başlamazdan öncə sahənin, daha sonra isə bəyan məlumatlarının yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkarlandığı halda aprobasiya prosesi dayandırılır. Bu məqsədlə cari ildə 45 min hektara yaxın bəyan olunmuş toxumluq əkin sahələri xəritələşdirilib. Xəritələşdirmə işləri AXA mütəxəssisləri tərəfindən yerində GPS qurğuları vasitəsi ilə ölçmələr həyata keçirilərək təmin olunur və bununla da ərazi yalnışlıqları tam aradan qaldırılır. Beləliklə, toxumluq sahələrə ən azı iki dəfə baxış keçirməklə nəzarət təmin edilir. Bu da toxumluq sahələrin izlənməsini asanlaşdırır, eləcə də toxumluq sahələrin aprobasiyası zamanı şəffaflıq və operativlik tam təmin edir. Hazırda AXA tərəfindən toxumluq sahələrin aprobasiyasının mobil tətbiq üzərindən aparılması üçün xüsusi tətbiq hazırlanıb. Mobil tətbiqin istifadəsi prosesin izlənməsini, operativliyini, eləcə də hesabatlılığın təmini baxımından yeni imkanlar açıb.

-Aqrar xidmətlər sahəsində tədqiqat, ekspertiza və sertifikatlaşdırma istiqamətində cari ildə hansı işlər görülüb və gələcək planlar nələrdir?

-Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən toxumların sortluq və səpin keyfiyyətlərinə uyğun olaraq sertifikatlaşdırılması, toxumluq əkinlərin qeydiyyatı və aprobasiyası həyata keçirilir. Kənd təsərrüfatı və digər təyinatlı torpaqlarda aqrokimyəvi tədqiqat işləri təşkil olunur, eləcə də heyvan xəstəliklərinin laborator diaqnostikası həyata keçirilir. Bundan əlavə, toxum istehsalı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin maddi-texniki bazası barədə rəy verilir, bioloji mübarizə metodu sahəsində istehsalçılara metodik köməklik göstərilir, tövsiyələr verilir və səmərəli bioloji agentlər laboratoriya şəraitində istehsal olunur. Cari il ərzində Mərkəzi Laboratoriyada toxum və ting nümunələri üzrə bakteriya, göbələk, həşərat və nematod analizlərinin tətbiqinə başlanılıb. Eləcə də laboratoriya ISO/IEC 17065 uyğunluğun qiymətləndirilməsi üzrə yoxlamadan uğurla keçib. Mərkəz kənd təsərrüfatı bitkiləri üzrə ümumilikdə 30-dan çox standart əsasında uyğunluq sertifikatı vermək hüququ əldə edib. Bu sertifikatlaşdırma prosesi məhsulların uyğunluğunu təsdiqləməklə yerli istehsalçıların məhsul keyfiyyətinə etibarını artırır, həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır.

Günümüzdə zərərvericilərə qarşı ən effektiv mübarizə üsullarından biri də bioloji mübarizə hesab olunur. Cari dövr ərzində Mərkəz tərəfindən pambıq sahələri üçün ciddi zərərverici hesab olunan pambıq sovkasına qarşı bioloji mübarizə metodu hesab olunan trixoqramma çoxaldılaraq tarlalara buraxılıb. Bu çərçivədə pambıq sahələrində pambıq sovkasının birinci və ikinci nəsil yumurtasına qarşı 20 min hektara yaxın sahədə bioloji mübarizə tədbirləri həyata keçirilib. Trixoqramma vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğun hesab olunur. Bioloji mübarizədən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur ki, nəticədə keyfiyyətli və təhlükəsiz məhsul əldə olunur. Növbəti il üçün isə sertifikatlaşdırma prosesinin tam rəqəmsallaşdırılması və OECD, ISTA və AZS standartlarının tətbiq dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, sertifikatlaşdırma prosesinə risk əsaslı yanaşmanın inteqrasiyasını planlaşdırırıq.

Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə toxumda GMO analizlərinin təşkili də Agentliyin prioritet fəaliyyət istiqamətləri sırasında yer alır.

- Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki vəziyyətinə və istismarına dövlət nəzarəti sahəsində vəziyyət necədir və qurum tərəfindən hansı işlər icra olunub?

- Cari ildə AXA əməkdaşları tərəfindən 43 min 581 ədəd nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilib, 10 min 406 ədəd nəqliyyat vasitələri dövlət qeydiyyatına alınıb. Həmçinin 1385 ədəd traktor və digər nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi üzrə imtahan həyata keçirilib. Mütəmadi olaraq həyata keçirilən monitorinqlər çərçivəsində mexanizatorlarla mövcud qaydalar, aşkar edilmiş nöqsanlar və profilaktik tədbirlər barədə maarifləndirici söhbətlər həyata keçirilib, texniki təhlükəsizlik və utilizasiya qaydaları izah olunub. Dövlət qeydiyyatına alınmayan və texniki baxışa təqdim olunmayan texnikalara İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 990 ədəd inzibati xəta üzrə cərimə protokolları tərtib edilib. Həmçinin Respublika ərazisində nasaz texnikaların aşkarlanması və texniki baxışdan yayınan texnikaların texniki baxışa cəlb olunması və bu sahədə nəzarəti gücləndirmək məqsədilə xüsusi tədbirlər planı hazırlanıb ki, növbəti ildən onun icrasına başlanacaq.

-Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi də fəaliyyət göstərir ki, Mərkəz tərəfindən il ərzində respublika üzrə müxtəlif istiqamətli təlimlərin keçirildiyini bilirik. Fermerlərin bilik və bacarıqlarının artırılmasında əsas prioritetlər nələrdir?

- Fermerlərə heyvandarlıq, əkinçilik, bitkiçilik, tərəvəzçilik, meyvəçilik, texnikalardan istifadə qaydaları, müasir suvarma sistemləri və müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir. Cari ildə Mərkəz tərəfindən ümumilikdə 54 rayonu əhatə edən 881 təlim keçirilib. Bu təlimlərdə 8 min 471 fermer iştirak edərək həm nəzəri, həm də praktiki biliklərini təkmilləşdirib. Təlimlərin məzmunu, əhatə dairəsi və innovativ metodlarla səmərəli həyata keçirilməsi Mərkəzin aqrar sahədə insan kapitalının inkişafına verdiyi töhfənin əyani göstəricisidir. Bununla yanaşı, Aqrar Təlim Mərkəzi tərəfindən rəqəmsal maarifləndirmə imkanlarının gücləndirilməsi məqsədilə onlayn təlim platformasının hazırlanması istiqamətində işlər davam etdirilir. Bu platforma fermerlərin bilik və bacarıqlarını onlayn şəkildə, daha operativ formada artırmasına şərait yaradacaq. Platforma vasitəsilə müxtəlif aqrar sahələr üzrə video dərslər, təlim modulları, testlər, metodik materiallar və interaktiv məzmun təqdim olunacaq. Fermerlər istənilən vaxt və istənilən yerdən platformaya daxil olaraq, öz maraq və ehtiyaclarına uyğun təlimləri seçə biləcəklər. Bu təşəbbüs həm təlimlərin coğrafi əlçatanlığını artıracaq, həm də aqrar biliklərin daha sistemli və rəqəmsal formatda yayılmasına mühüm töhfə verəcək. Aqrar Təlim Mərkəzi tərəfindən fermerlərin maarifləndirilməsi və məlumatlandırılmasında müxtəlif kommunikasiya vasitələrindən geniş şəkildə istifadə olunur. Bu çərçivədə 27 maarifləndirici videçarx hazırlanıb, 20 mindən çox maarifləndirici buklet hazırlanaraq bölgələr üzrə fermerlərə paylanıb. Bundan əlavə, Aqrar Təlim Mərkəzinin əsas prioritetlərindən biri də işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlərimiz üçün mütəmadi olaraq təlimlərin təşkili ilə bağlıdır. Bu təlimlər həmin bölgələrdə kənd təsərrüfatının bərpasına, müasir texnologiyalarının tətbiqinə və yerli fermerlərin peşə bacarıqlarının artırılmasına xidmət edir. Bu məqsədlə Zəngilan rayonunun Ağalı, Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində, eləcə də Laçın rayonunun Zabux kəndində aqrar potensialının gücləndirilməsi istiqamətində 132 təlim keçirilib. Təlimləri uğurla başa vuran 351 vətəndaşımıza “Müvəffəqiyyət sertifikatı” təqdim olunub. Həmin vətəndaşlarımız kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi prosesində birbaşa üstünlük hüququ qazanıblar. Bu isə öz növbəsində onlara torpaq resurslarından daha səmərəli istifadə etməyə və öz təsərrüfatlarını qurmağa real imkan yaradır.

-İşğaldan azad olunmuş ərazilərdə fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlərdən danışdınız. AXA bu ərazilərdə başqa hansı fəaliyyətləri icra edib və növbəti illərdə hansı sahələrdə fəaliyyətini genişləndirməyi planlaşdırır?

- Agentlik işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin bərpası üçün bir sıra mühüm xidmətlər həyata keçirməyə davam edir. Bu xidmətlərə torpaqların təyinatının müəyyənləşdirilməsi, fitosanitar və baytarlıq xidmətlərinin təşkili, zərərverici və xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması, toxumçuluq və bitkiçilik istiqamətində monitorinqlər daxildir. Belə ki, 2025-ci ilin toxumluq məhsulu üçün işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 9640 hektar toxumluq əkin sahəsi bəyan edilib, 2466,6 ton buğda toxumu sertifikatlaşdırılıb. Cari dövr ərzində torpaqların aqrokimyəvi analizlərinin aparılması məqsədilə 1248 hektar ərazidən götürülən 225 torpaq nümunəsi laborator analizə cəlb olunub. Onu da qeyd edim ki, aqrar xidmətlərin yerində və operativ təşkili məqsədilə Xankəndi şəhərində torpaq, su, bitki və gübrə analizlərinin aparılması üzrə müasir standartlara cavab verən laboratoriyanın qurulması istiqamətində işlər aparılır. Növbəti illərdə isə Agentlik həmin ərazilərdə aqrar infrastrukturun inkişafını, müasir xidmət modellərinin tətbiqini genişləndirməyi, rəqəmsal nəzarət və monitorinq imkanlarını artırmağı, həmçinin özəl sektorun proseslərə daha aktiv cəlb edilməsini planlaşdırır. Məqsəd bölgələrdə dayanıqlı kənd təsərrüfatı istehsalını bərpa etmək və fermerlərin xidmətlərə əlçatanlığını maksimum dərəcədə təmin etməkdir. İşğaldan azad olunmuş ərazilərdə AXA əməkdaşları tərəfindən ümumilikdə 175 ədəd texnikanın istismarına dövlət nəzarəti aparılaraq, nəticədə 131 ədəd texnikaya texniki baxış keçirilib, 28 ədəd texnika üzrə müayinə aktı tərtib olunub.

-Aqrar sahədə rəqəmsallaşma istiqamətində Agentlik hansı yenilikləri tətbiq edir?

-Agentlik göstərilən xidmətlərin rəqəmsallaşdırılmasına xüsusi önəm verir. “AXA mobile” tətbiqi vasitəsilə fermerlər toxum aprobasiyası, eləcə də laborator analizlər üzrə müraciətlərini elektron qaydada təqdim edə, həmin müraciətlərin icra vəziyyətini real vaxt rejimində izləyə və nəticələri onlayn şəkildə əldə edə bilirlər. Bu yanaşma xidmətlərin icra müddətini əhəmiyyətli dərəcədə qısaldır və subyektiv müdaxilə riskini minimuma endirir. Eyni zamanda, cari ildən etibarən fumiqasiya xidmətlərinin də bu tətbiq üzərindən elektron xidmət kimi təqdim edilməsi nəzərdə tutulur. Rəqəmsallaşmanın digər mühüm istiqaməti coğrafi informasiya sistemlərinin (CİS) və peyk məlumatlarının idarəetmə proseslərinə inteqrasiyasıdır. Toxumluq sahələrin rəqəmsal xəritələşdirilməsi, məsafədən zondlama məlumatları əsasında əkin strukturu, məhsuldarlıq potensialı və risk zonalarının monitorinqi artıq gündəlik idarəetmənin ayrılmaz hissəsinə çevrilib. Toplanan məlumatlar yalnız statistik məqsədlərlə saxlanılmır, eyni zamanda real vaxt rejimində idarəetmə qərarlarının qəbulunu dəstəkləyən effektiv alət kimi istifadə olunur. Agentlik CİS və data analitika alətlərindən istifadə etməklə resursların düzgün bölgüsü və optimallaşdırılmasın da aqrar xidmətlərin təşkilini tətbiq edir.

-Fermerlər üçün göstərilən dövlət xidmətlərində şəffaflığı və əlçatanlığı artırmaq məqsədilə Agentlik hansı yeniliklər tətbiq edir?

-Fermerlər üçün Agentliyin xidmətlərində şəffaflığı və əlçatanlığı artırmaq məqsədilə son illərdə Agentlik həm idarəetmə, həm də xidmət mexanizmlərində bir sıra əhəmiyyətli yeniliklər tətbiq edib. Agentlik fermer və sahibkarların təqdim olunan xidmətlərə rahat çıxışını təmin etmək üçün yerli idarələrdə operativliyi və çevikliyi artırıb, vətəndaşlarla ünsiyyət daha sistemli və səmərəli şəkildə qurulub. Bundan əlavə, Agentlik olaraq mobil platforma və rəqəmsal xidmət konsepsiyamızı genişləndirməyi planlaşdırırıq. Fermer müraciətlərini, laborator nəticələrini, xidmət tarixçəsini, bildirişlərini və gələcək xəbərdarlıqları tədricən bir mobil tətbiq və şəxsi kabinet üzərindən idarə edə biləcək. Eyni zamanda coğrafi informasiya sistemləri, peyk görüntüləri və dron xidmətləri ilə işləyən alətləri gücləndiririk. Fermer öz sahəsini xəritədə görə, əkin strukturu, torpaq xüsusiyyətləri, fumiqasiya edilmiş obyektlərini və risk zonaları barədə daha aydın məlumatı əldə edə biləcək. Planlaşdırılan və hazırda göstərilən xidmətlərin, yeniliklərin və innovativ yanaşmaların mərkəzində bir prinsip dayanır – fermerə operativ, şəffaf, əlçatan və dayanıqlı xidmət.

 

Seçilən
55
5
azertag.az

6Mənbələr