Fransa Universitetləri Assosiasiyasının (France Universities) məlumatına görə, 117 ali təhsil müəssisəsini birləşdirən sektor üzrə 2026-cı ildə dövlət tərəfindən ödənilməyən xərclər 230 milyon avro artacaq. Bunun 180 milyon avrosu məhz sosial öhdəliklərin genişlənməsi ilə bağlıdır.
Universitet ictimaiyyəti hesab edir ki, hökumətin bu yanaşması məsuliyyətsizdir və ali təhsilin gələcəyini risk altına qoyur. Rektorlar və akademik birliklər vurğulayırlar ki, sosial öhdəliklər artırıldığı halda maliyyə təminatının olmaması universitetləri ağır seçimlər qarşısında qoyur.
Artıq bir çox ali məktəblər xərclərin azaldılması yolunu seçib: əməkhaqqı fondları ixtisar olunur, tədris proqramları və kampuslar bağlanır, minlərlə müəllim və tədqiqatçı vəzifəsi ləğv edilir. Bu proses akademik karyeranı cəlbedicilikdən uzaqlaşdırır, doktorantura pilləsinə maraq azalır.
Ekspertlərin fikrincə, hökumətlə universitetlər arasında gərginlik son illərdə sistemli xarakter alıb. Son 10 ildə Fransada tələbələrin sayı 200 mindən çox artsa da, ali təhsilin dövlət maliyyələşməsi eyni templə yüksəlməyib. Hakimiyyət təhsilin sosial əlçatanlığını genişləndirməyə çalışsa da, tələbə sayının artmasının universitet xərclərini də artırdığı reallığı nəzərə alınmır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, dövlət dəstəyi olmadan bu yükü daşımaq mümkün deyil və uzunmüddətli perspektivdə tədrisin keyfiyyətinin aşağı düşməsi, elmi tədqiqatların zəifləməsi və insan kapitalının itirilməsi qaçılmaz ola bilər.
France Universities assosiasiyası hökuməti təhsili milli prioritet kimi tanımağa və universitet rəhbərlərinə maliyyə təminatı olmadan yeni öhdəliklər yükləməyə son qoymağa çağırır. Ali təhsil naziri Filip Batist isə universitetlərin vəziyyəti şişirtdiyini bildirərək, "Biz Zola romanında yaşamırıq" ( Émil Zola - XIX əsr fransız yazıçısıdır və onun romanları: ağır sosial ədalətsizlikləri, yoxsulluğu, əmək istismarını, insan ləyaqətinin tapdalanmasını son dərəcə qaranlıq, dramatik və realist (naturalist) üslubda təsvir edir) deməklə tənqidlərə cavab verib.
Müşahidəçilərin fikrincə, Fransa ali təhsil sistemi üçün qarşıdakı illər həlledici olacaq: ya dövlət məsuliyyəti paylaşacaq, ya da Avropanın aparıcı universitet modellərindən biri ciddi geriləmə riski ilə üzləşəcək.
Zahid Fərrux Məmmədov
İqtisad elmləri doktoru, professor, Əməkdar müəllim
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31