Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu Publik Hüquqi Şəxsdə həkim radioloq vəzifəsində işləyən Ramil Abdullayev rəhbərlik tərəfindən təzyiq və qanunsuz tələblərlə üzləşdiyini iddia edir.
O, son bir neçə ay ərzində institutun direktoru Mətanət Əfəndiyeva tərəfindən təzyiq və təhdidlərə məruz qaldığını deyir. Həkim iddia edir ki, direktor ondan icbari tibbi sığorta xətti ilə aldığı bonusların yarısını tələb edib və bu təkliflə razılaşmadığına görə rəhbərlik tərəfindən fəaliyyətinə məhdudiyyət qoyulub.
Şikayətçinin sözlərinə görə, o, xəstəxanada yeganə rentgenoloq olduğu üçün gün ərzində xeyli sayda xəstə qəbul edib və buna görə maaşdan əlavə bonus alıb. Direktorun “bonus təklifi”ndən imtina etdikdən sonra isə ona gündə 25-dən artıq müayinə aparmaq qadağan edilib. Belə ki, iş vaxtı bitmədiyi halda xəstələrə talon verilməyib və
pasient qəbuluna qadağa qoyulub.
Ramil Abdullayev qeyd edir ki, cari ilin oktyabr ayında məzuniyyətdə olduğu müddətdə direktor tərəfindən əlavə rentgenoloq ştatı açılıb və saxta müsabiqə yolu ilə yeni həkim işə götürülüb. İddiaya əsasən, müsabiqədə təcrübəli namizədlər iştirak etsə də, radiologiya şöbəsinin müdiri Şəfiqə Əliyevanın yaxın rəfiqəsi işə qəbul edilib.Şikayətdə qeyd olunur ki, 26 noyabr 2025-ci il tarixində həkim radiasiya təhlükəsizliyinə cavabdeh şəxs statusundan azad edilməsi ilə bağlı direktora ərizə ünvanlayıb. Ekspert komissiyası onun xeyrinə qərar qəbul etsə də, direktor müvafiq sərəncam verməkdən imtina edib. Daha sonra 15 dekabr 2025-ci il tarixində həkimin iştirakı olmadan qanunsuz iclas keçirildiyi və rəsmi sənədin saxtalaşdırıldığı iddia olunur.
Bununla yanaşı, direktorun institut üçün nəzərdə tutulan vəsaitləri şişirdilmiş qiymətlərlə xərclədiyi, saxta tenderlər keçirdiyi də iddialar sırasında yer alır. Həkim bildirir ki, 2019-cu ildən etibarən o, rentgen texniki olmadan çalışıb, texnikin funksiyalarını da özü icra edib və bu barədə müraciətlərinə baxmayaraq, işçi təyin edilməyib.
Şikayətçi baş verənlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 313, 314 və 320-ci maddələrinə əsasən direktor Mətanət Əfəndiyevanın əməllərinə hüquqi qiymət verilməsini və onun cinayət məsuliyyətinə cəlb olunmasını aidiyyəti qurumlardan xahiş edir.Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan KONKRET.az-a bildirildi ki, “hər bir vətəndaşın, o cümlədən səhiyyə işçilərinin və konkret olaraq Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu əməkdaşlarının öz hüquq və qanuni mənafelərini müdafiə etmək hüququ var. Bunun üçün Azərbaycan Respublikasının Konstitusiyasına və qüvvədə olan qanunlara istinad etmək mümkündür. Hər hansı şəxs rəhbərlik tərəfindən hüquqlarının pozulduğunu, qanunsuz tələblərlə üzləşdiyini və ya digər qanunazidd hallara yol verildiyini iddia edirsə, bu cür məsələlərə hüquqi qiymət verilməsi hüquq-mühafizə orqanlarının və məhkəmələrin səlahiyyətinə aiddir.
İcbari tibbi sığorta çərçivəsində həkimlərə ödənilən vəsaitlərin tələb edilməsi, mənimsənilməsi və ya digər qanunsuz maliyyə münasibətləri ilə bağlı iddialar hüquqi qiymətləndirmə tələb edən hallardır. Bu cür iddialar üzrə araşdırmalar yalnız rəsmi və əsaslandırılmış müraciətlər əsasında aparıla bilər və belə hallarda hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edilməsi nəzərdə tutulur.
Dövlət tibb müəssisələrində ştat vahidlərinin açılması və işə qəbul prosesləri qüvvədə olan əmək və səhiyyə qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilir.Bir daha vurğulayırıq ki, hər hansı tibb işçisi rəhbərlik tərəfindən hüquqlarının pozulduğunu hesab edirsə və ya qanun pozuntularına yol verildiyini iddia edirsə, bununla bağlı konkret faktlar və sübutlar əsasında Səhiyyə Nazirliyinə müraciət etməklə yanaşı, birbaşa hüquq-mühafizə orqanlarına və ya məhkəməyə getmək hüququna malikdir”.
P.S. Yazıda adı çəkilən institutun direktoru Mətanət Əfəndiyevanın da mövqeyini dərc etməyə hazırıq!
