RU

ADSEA tərəfindən tullantı su təchizatının yaxşılaşdırılması məqsədilə bir sıra irihəcmli layihələr icra olunur - AÇIQLAMA

Bakı, 16 dekabr, AZƏRTAC

İntensiv yağıntılar zamanı müəyyən ərazilərdə yağış sularının ətrafa toplanması müşahidə edilir. Drenaj sistemlərinin qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrinin yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

Qurumdan bildirilib ki, elə ərazilər var ki, orada təchizat sistemi mövcud olmasa da İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş içməli və tullantı su şəbəkələri mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb.

“Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə almaqla həyata keçirilir və sistemin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Bu kimi ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək ərazilərdə toplanan yağış sularını istismar qaydalarının mümkün şərtləri çərçivəsində idarə edirlər”, - deyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

O da qeyd olunub ki, payızda mövsümlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən bütün tullantı və yağış xətlərində monitorinqlər aparılır: “Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur. İntensiv yağışlar zamanı bütün sukanal idarələrində növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilir, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif texniklar da cəlb olunub. Bir daha xatırladaq ki, yağışlar zamanı suların toplandığı əksər ərazilərdə drenaj sistemləri qurulmayıb, mərkəzləşmiş şəbəkə yoxdur”.

Həmçinin qeyd olunub ki, hazırda ADSEA tərəfindən tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədilə bir sıra irihəcmli layihələr icra olunur.

“Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində hazırda müntəzəm tikinti-quruculuq işləri icra olunur. Bu layihələrin icrası tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq”, - deyə xidmətdən bildirilib.

Избранный
70
2
azertag.az

4Источники