RU

Kürdəmirdə Heydər Əliyevin anım gününə  həsr olunmuş tədbir keçirilib

Dekabrın 12-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və Kürdəmir regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”  çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycanın quruculuğu” mövzusunda dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

YAP Kürdəmir rayon təşkilatının qərargahında keçirilən tədbirdə  Dövlət Himni səsləndirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov  bildirib ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır.  Ulu Öndər Heydər Əliyev XX və XXI əsrlərdə Azərbaycan tarixinin ən mühüm dönəmlərində xalqımızın taleyinə həlledici təsir göstərmiş görkəmli dövlət xadimi, müdrik siyasətçi və milli lider kimi yaddaşlara həkk olunmuşdur. Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.  Onun rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin əsası qoyulmuş, müstəqil respublikanın siyasi, iqtisadi və ideoloji sütunları formalaşdırılmış, ölkəmizin gələcək inkişaf strategiyası müəyyən edilmişdir. Ulu Öndərin əziz xatirəsi tariximizə və xalqımızın yaddaşına əbədi həkk edilib. Hər ötən gün dahi şəxsiyyətin siyasi həyat yolunun, fəaliyyətinin, ideyalarının, bitib-tükənməyən irsinin dəyərini, əzəmətini daha aydın görürük. Azərbaycan dövlətinin hər bir uğuru uzaqgörən siyasi xadimin, xalqının parlaq gələcəyi naminə misilsiz xidmətləri olan böyük şəxsiyyətin yorulmaz fəaliyyəti ilə bağlıdır. Tariximizin ən yüksək zirvəsinə ucalan Ulu Öndər Heydər Əliyevin yaşadığı ömür Azərbaycan xalqının, dövlətçilik, müstəqillik, demokratiya tarixini özündə əks etdirir. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır. Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyətin bu arzusu isə 2020-ci ildə Vətən müharibəsində əldə etidiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Bütün bu möhtəşəm uğurlar isə məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılmışdır.

Kürdəmir regional “ASAN xidmət” mərkəzinin direktoru Ruslan Muradov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev təkcə ölkəmizin siyasi lideri deyil, həm də Azərbaycan xalqının taleyini öz taleyinə çevirmiş, müdrikliyi, uzaqgörənliyi və dövlətçilik təcrübəsi ilə tarix yazmış nadir şəxsiyyətlərdəndir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bildi, sabitlik bərqərar oldu və bugünkü inkişafın təməli qoyuldu. Onun rəhbərliyi ilə qəbul olunan strateji qərarlar, “Əsrin müqaviləsi”, ordu quruculuğu sahəsindəki islahatlar, beynəlxalq əlaqələrin genişləndirilməsi və ölkəmizin beynəlxalq arenada nüfuzunun artması bu gün də öz bəhrəsini verməkdədir. Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması və ən əsası, 44 günlük Vətən müharibəsində tarixi Zəfər – bütün bunlar həmin siyasi xəttin davamının nəticəsidir.

YAP Kürdəmir rayon təşkilatı aparatının məsləhətçisi Gülnar Məmmədova, Kürdəmir regional “ASAN xidmət” mərkəzinin baş məsləhətçisi Röyal Yunusov  və Kürdəmir regional “ASAN xidmət” mərkəzinin könüllüsü Samirə Qaraşova çıxış edərək söyləyiblər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini təmin edib. Ulu Öndər Heydər Əliyev  bir ömür boyu Azərbaycanın taleyini öz çiyinlərində daşıdı, uzaqgörənliyi, iradəsi, əzmi  ilə ölkəmizi uçurumun kənarından möhkəm və dayanıqlı bir dövlətə çevirdi, sabitlik yaratdı. Azərbaycan dünyaya öz adını yenidən tanıtdı. Ümummilli Liderimizin layiqli davamçısı olan cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra keyfiyyətcə yeni mərhələ başlanıb, yeni tarixi nailiyyətlərə imza atılıb, xalq-iqtidar birliyi daha da möhkəmlənib. Bu gün Azərbaycan  daha da güclənir, möhkəm  təməllər üzərində daha möhtəşəm bir dövlətə çevrilir. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi isə tarixi torpaqlarımızın işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. 

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film izlənilmişdir.

Избранный
15
ikisahil.az

1Источники