RU

Ulu Öndər amallarından qüdrətli Azərbaycana

Zəfər qazanmış, suverenliyi tam təmin olunmuş, işğaldan azad edilən torpaqlarında quruculuq, qayıdış təntənəsi yaşanan, regionda bərqərar etdiyi sülh mühiti beynəlxalq aləmdə təqdirlə qarşılanan və nüfuzu dünyaya yayılan bu günün qüdrətli Azərbaycanı Ulu Öndər Heydər Əliyev amallarının təzahürüdür. Ötən 22 il ərzində Heydər Əliyev siyasi yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımız, dövlətimiz adına əldə etdiyi bu uğurlarla Azərbaycanı tarixindəki ən güclü dövrünə çatdırıb və bununla həm də ata vəsiyyətini qətiyyətlə gerçəkləşdirib. Çünki torpaqlarımızın azadlığına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü, keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmək, respublikamızı kompleks inkişafa malik dünya səviyyəli ölkəyə çevirmək hər zaman Ulu Öndər Heydər Əliyevin həyat kredosu olub. Yürütdüyü siyasi, diplomatik, hərbi, iqtisadi, mədəni  siyasətin ana xəttinin əsaslarını da elə bu qayələr təşkil edib. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin sadalanan istiqamətlərdə qoyduğu möhkəm təməllər üzərində inkişaf etdirilən Azərbaycan Beynəlxalq Millətlər Təşkilatlarının Təhlükəsizlik Şurasının qətnamələrini hərb yolu ilə yerinə yetirərək suverenliyini təmin edən və dünyada bu tip münaqişələrin həllində nümunə ortaya qoyan qalib ölkə kimi beynəlxalq miqyasda adından söz etdirir. Sülh ünvanı kimi tanınan respublikamızla çoxşaxəli əlaqələr qurmaq, əməkdaşlıq etmək istəyən ölkələrin sayının durmadan artması da Azərbaycanın bu gün Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalıqda qərarlaşdığını özündə təcəssüm etdirən vacib məqamlardandır. 

Milli qürur mənbəyi

Dövlətçilik tariximizə öz qızıl imzasını atmış, azərbaycanlı olması ilə hər zaman fəxr hissi duymuş, həyatını başdan-başa vətəninə həsr etmiş Ulu Öndər Heydər Əliyevin haqq dünyasına qovuşmasından 22 il ötür. Əziz xatirəsi qəlblərdə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev daim qədirbilən xalqımız tərəfindən böyük ehtiramla anılır, hörmətlə yad edilir. Milli qürur mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi epoxaya bu günümüzdən nəzər salanda o uca şəxsiyyətin xalqımızın milli amalları uğrunda həyata keçirdiyi sözlərlə ifadəsi mümkünsüz olan böyük işlər bir daha aydın şəkildə gözlər önündə canlanır. Ən ağır, ən çətin  günlərində verdiyi taleyüklü qərarlarla, atdığı qətiyyətli addımlarla Azərbaycanı bir dövlət kimi yox olmaqdan, parçalanmaqdan qurtuluş yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin dünyanın ən böyük azərbaycanlısı kimi tanınması, Azərbaycanın rəmzinə çevrilməsi təsadüfi deyil. 

Ölkəmizə siyasi rəhbərliyinin birinci dönəmində gördüyü işlərlə respublikamızı SSRİ-nin geridə qalmış ölkəsindən qabaqcıllar sırasına yüksəldən Ümummilli Lider Heydər Əliyev rejimin dəmir məngənəsinə rəğmən o dövrdə Azərbaycanın ərazi bütövlüyünü sual altında qoyan təhlükələri zamanında fərq edərək milli zəmində ölkəmizə, xalqımıza düşmən kəsilənlərə qarşı qətiyyətlə mübarizə apardı və onlara meydan vermədi ki, Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirsinlər. Yalnız Heydər Əliyev məqsədyönlü şəkildə vəzifəsindən uzaqlaşdırıldıqdan sonra siyasi arxa-dayaqlarına güvənən erməni millətçiləri bədnam niyyətlərini həyata keçirmək üçün fəaliyyətə başladılar. 1988-ci ildən start verilən və 1994-cü ilə - Ulu Öndər Heydər Əliyevin hərbi-siyasi-diplomatik səriştəsi və bacarığı sayəsində Azərbaycan ilə Ermənistan arasında atəşkəs barədə razılaşma əldə edilənə qədər sürən hadisələrin ölkəmiz üçün ağrı-acılı nəticələri hər birimizin xatirindədir. 

Ulu Öndər Heydər Əliyev 20 Yanvar 1990-cı ildə törədilən faciə zamanı bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirdi. Həmin tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etdi. İstər 20 Yanvar hadisəsinə kəskin reaksiyası, istərsə də 17 noyabr 1990-cı ildə Azərbaycan milli bayrağını Naxçıvan Muxtar Respublikasında dalğalandırması və bununla da mövcud təhlükələrə, təzyiqlərə rəğmən faktiki olaraq Azərbaycanın müstəqilliyini elan etməsi Heydər Əliyevin şəxsi şücaəti və qətiyyəti sayəsində tariximizə yazılmış müstəsna əhəmiyyətə malik hadisələrdir. 

1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafının kontur xəritəsini bu fikirləri ilə izhar edərək müdrikliklə deyirdi: "Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır". 

Xalqımızın milli qurtuluş mübarizəsinin qalibi Ulu Öndər Heydər Əliyev iki müxtəlif ictimai-siyasi formasiyada yaşayıb, çalışıb və hər iki sistemdə də siyasət zirvəsinə ucalmağı bacarıb. 

14 iyul 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsi ilə respublikanın həyatında yeni inkişaf mərhələsi başladı. Onun rəhbərliyi altında sosial-iqtisadi həyatın bütün sahələrində həyata keçirilən hərtərəfli islahatlar qısa vaxt ərzində Azərbaycanın inkişaf dinamikasına gətirib çıxardı. Güclü sənaye-aqrar potensialı yaradılan respublikanın hər yerində dirçəliş ab-havası hiss edilməyə başlandı. Dahi siyasətçi Heydər Əliyevin həmin dövrdə ölkəmizə rəhbər seçilməsi sanki İlahi missiya idi. Çünki hadisələrin sonrakı inkişafı da bir daha sübut etdi ki, həmin illərdə Ulu Öndərin sayəsində yaradılan iqtisadi və digər sahələrdəki potensial ölkəmizin gələcək müstəqilliyinin bünövrəsini qoydu. Xüsusilə milli-mədəni sahədə atılan özüllər rişələnərək xalqımızın Azərbaycanın müstəqilliyinə doğru uzanan yoluna öncüllük etdi. 

Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi planının həyata keçirilməsi üçün hələ 1920-ci illərin əvvəllərindən etibarən mərhələ-mərhələ addımlar atılırdı. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə də bu istiqamətdə cəhdlər edilirdi, lakin vətənpərvər şəxsiyyət Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində həmin cəhdlər beşikdəcə boğulurdu. O vaxt separatçılar iddia edirdilər ki, guya Qarabağ bölgəsinin sosial-iqtisadi vəziyyəti respublikanın digər ərazilərindən geridə qalır. Ancaq bütün bunlar bəhanə idi. Çünki məhz Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatı və digər sahələrinin inkişafı üçün xeyli işlər görülmüş, yeni iş yerləri açılmışdı. Su anbarları inşa edilmiş, Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, Xankəndidə ali məktəb yaradılmış, xeyli yeni bina tikilmişdi. Eyni zamanda Qarabağda milli ruhun yüksəlməsi üçün Ulu Öndərin atdığı addımlar erməni millətçilərinə qarşı qətiyyətli mübarizədə önəmli rol oynayırdı. Ölkəmizin tarixi mədəniyyət mərkəzi olan Şuşaya Azərbaycan xalqının qəhrəmanlıq qalası kimi baxan Ulu Öndərin təşəbbüsü və şəxsi rəhbərliyi ilə şəhərin inkişaf etdirilməsi məqsədilə xüsusi qərarlar qəbul edilmişdi. Bu vacib qərarlara uyğun olaraq Şuşanın keçmişdə tikilmiş binaları, tarixi abidələri, məscidləri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları və sair tikilmiş, bura ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi. Şuşanın milli-mənəvi dəyərlərinin yaşadılmasına xüsusi fikir verən Ulu Öndər Heydər Əliyev 1982-ci ilin yanvarında bu şəhərə səfər edərək burada Vaqifin məqbərəsinin, Poeziya evinin açılışını etmiş, həmin vaxt Vaqif Poeziya Günlərinin keçirilməsi barədə göstəriş vermişdi. Həmin ilin avqustunda yenidən Şuşaya üz tutan Heydər Əliyev şair Xurşidbanu Natəvanın abidəsinin açılışını həyata keçirmişdi. Bütün bu nümunələrin özü də Ulu Öndər Heydər Əliyevin Qarabağa olan müstəsna sevgisini göstərirdi. Təbii ki, bunları Azərbaycana düşmən olanlar, ölkəmizə qarşı torpaq iddiası güdənlər də görür və neçə ki, Heydər Əliyev hakimiyyətdədir, Qarabağın ölkəmizdən qoparılmasının mümkünsüz olduğunu anlayırdılar. 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldıqdan az sonra erməni millətçiləri yenidən baş qaldıraraq Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsini tələb etməyə başladılar, 1988-ci ildən etibarən isə heç bir tarixə, ədalətə, beynəlxalq hüquqa sığmayan bu haqsız tələblərini aqressiv tona keçirərək milli zəmində xalqımıza qarşı müharibə cinayətlərinə, torpaqlarımızın işğalına başladılar.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olmadığı 1987-ci ildən 1993-cü ilin iyun ayına qədərki 6 il xalqımızın tarixinə ən ağır, faciəvi illər kimi düşdü. Həmin dövrdə ölkəmizdə olan antimilli hökumətlərin milli maraqlarımızı deyil, öz şəxsi ambisiyalarını güdmələri, xəyanətkar fəaliyyətləri nəticəsində işğal acısını yaşadıq, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün halına düşdü, siyasi, iqtisadi, sosial, hərbi, bir sözlə, bütün sahələrdə böhranla çalxalanan Azərbaycan bir dövlət olaraq yox olma təhlükəsi ilə qarşı-qarşıya qaldı. 

Qurtuluş yolu  

Ancaq bu dəfə də tale Azərbaycan xalqının üzünə güldü və 15 iyun 1993-cü ildə ona Ulu Öndər Heydər Əliyevi xilaskar missiyası ilə göndərdi. Həmin çətin və ağır dövrdə müdrik qərar verərək təkidli tələblə Heydər Əliyevi özünün siyasi rəhbəri seçən xalqımız bu addımı ilə Azərbaycanın qurtuluşuna nail oldu. 

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin həlledici dönüş nöqtəsi oldu. Böyük strateq Heydər Əliyevin Prezident seçilməsi isə Azərbaycanda tamamilə yeni bir siyasi-ictimai münasibətlər sisteminin formalaşdırılmasına gətirib çıxardı. Ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən proseslərin start götürdüyü bu siyasi yol xalqın özünəinamını bərpa etdi, ictimai-siyasi sabitliyin əsasını qoyaraq dövlətçiliyimizin sarsılmaz bünövrəsini yaratdı. 

Heydər Əliyev dövlətçilik fəlsəfəsinin, ideyalarının əsasını hər zaman azərbaycançılıq məfkurəsi təşkil edib. Milli maraqlarımızın təmin olunmasının birbaşa xalqımızın həmrəyliyindən keçdiyini qətiyyətlə müdafiə edən milli liderin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı soy-kökü, varlığı ilə Azərbaycana  bağlı olan hər kəsin şüarına çevrildi. Yer üzündə yaşayan azərbaycanlıları bir amal - vətənin bütövlüyü uğrunda birləşdirən Heydər Əliyev dühası ölkəmizə dirçəlişdən, qurtuluşdan keçərək qələbə ilə nəticələnən qürurlu salnamə bəxş etdi. 

Ölkədə hökm sürən anarxiyaya son vermək, vətəndaş qarşıdurmasının qarşısını almaq və daxili sabitliyi təmin etmək üçün gərgin qrafiklə işləyən və qətiyyətli siyasət həyata keçirən müdrik lider Heydər Əliyevin ilk işi Ermənistanla atəşkəs haqqında razılaşma əldə edilməsi oldu. Dahi şəxsiyyət bilirdi ki, onsuz da Azərbaycan gec-tez öz ərazilərini işğaldan azad edəcək, ancaq bunun üçün müəyyən qədər  zaman, ölkəmizin iqtisadi, hərbi cəhətdən güclənməsi üçün vaxt lazım idi. Paralel olaraq diplomatik siyasət yürüdərək beynəlxalq səviyyədə ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması istiqamətində iş görülməli idi.  

Məhz Heydər Əliyevin sayəsində ölkəmiz BMT kimi mötəbər tribunadan istifadə etməklə dünya ictimaiyyətinin diqqətinin Qarabağ məsələsinə daha çox yönəlməsinə müvəffəq oldu. 1994-cü ildə Nyu Yorkda BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxışı zamanı Heydər Əliyev deyirdi: "Regionumuzda baş verən hadisələr haqqında dünya ictimaiyyətinin kifayət qədər məlumatlı olmadığını, bəzi hallarda işə birtərəfli məlumatı olduğunu bilərək sizi real vəziyyətlə qısaca tanış etmək istərdim".

Dahi siyasətçi əlavə edirdi ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun ərazisində qoşun qruplaşması yaradaraq respublikamıza qarşı fəal döyüş əməliyyatları aparmışdır: "Şuşa şəhəri və Laçın rayonu işğal edildikdən sonra Dağlıq Qarabağın ilhaqı başa çatdırılmış, Dağlıq Qarabağda yaşayan təxminən 50 min azərbaycanlı oradan qovulmuşdur. Erməni silahlı birləşmələri Dağlıq Qarabağ plasdarmından istifadə edərək bundan sonra hücumun gedişində Azərbaycanın digər altı rayonunu - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından Laçın rayonu kimi kənarda olan və sahəsi keçmiş vilayətin sahəsindən dörd dəfə çox olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarını işğal etmişlər".

Ümumiyyətlə, nüfuzlu kürsülərdən bölgədə yaşanan reallıqları mütəmadi olaraq çatdıran Ümummilli Lider Heydər Əliyev heç zaman imkan vermədi ki, Qarabağ məsələsi süni şəkildə beynəlxalq gündəlikdən çıxarılsın. 

Azərbaycanın iqtisadi inkişafına nail olmaq üçün düşünülmüş addımlar atan uzaqgörən siyasətçi Heydər Əliyev 20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"nin timsalında ölkəmizin investisiya yatırımları üçün əlverişli ünvan olduğuna beynəlxalq ictimaiyyətdə inam yaratdı. Həm "Əsrin müqaviləsi", həm də Bakı-Tbilisi-Ceyhan boru kəməri sayəsində Azərbaycanın güclü iqtisadiyyatının əsasları formalaşdırıldı. 

Vətənpərvər şəxsiyyət Heydər Əliyevin gündəliyinin əsasını daim işğal edilmiş torpaqlarımızın azad edilməsi və o ərazilərdən zorla didərgin salınan insanların doğma yurdlarına qaytarılması təşkil edirdi. Məcburi köçkünlərin problemlərini aradan qaldırmaq, bu insanlarımızın mənzil, məişət şəraitlərinin yaxşılaşdırılması üçün birbaşa Ulu Öndər Heydər Əliyevin diqqəti və nəzarəti altında mühüm işlər gerçəkləşdirilirdi. Ölkənin uğurlu neft strategiyasının nəticəsi olan "Əsrin müqaviləs"i sayəsində əldə edilən ilk gəlirlərin qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilməsi də bu istiqamətdə görülən işlərin davamı idi. Həmçinin Qarabağ və Şərqi Zəngəzurdan didərgin düşən insanların çətin vəziyyətdə yaşamağa məcbur olduqları çadır düşərgələri mərhələli şəkildə ləğv edilməyə başlanıldı.

Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə hər görüşü tarixə çevrilirdi, ən ümdəsi bu görüşlər həmin insanlara mənəvi güc verirdi. Çıxışlarında, məcburi köçkünlərlə olan söhbətlərində həmişə torpaqlarımızın işğaldan mütləq azad ediləcəyini vurğulayan Ulu Öndərin qayıdışa olan sarsılmaz inamı məcburi köçkün vətəndaşlarımızın da ürəyində yurdlarına dönüşə ümid işığını sönməyə qoymurdu.  

20 mart 1998-ci ildə Mərdəkandakı "Abşeron" sanatoriyasında Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkünlər üçün təşkil olunmuş bayram şənliyində Ulu Öndər Heydər Əliyev böyük inam və əminliklə dilə gətirmişdi: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm".

Xilaskarlıq missiyası 

Ulu Öndərin həmin tarixi çıxışının üzərindən 22 il keçdikdən sonra xalqımız Prezident İlham Əliyev tərəfindən həmin arzuların qətiyyətlə həyata keçirildiyinin şahidi oldu. 

Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ötən müddətdə Azərbaycanı mühüm inkişaf mərhələsinə yüksəltdi. Yürütdüyü daxili və xarici siyasətdə ölkəsinin və xalqının  maraqlarını əldə rəhbər tutan cənab İlham Əliyev güclü iqtisadiyyatın güclü dövlətin təməli olduğunu bilirdi və buna görə də bu sahənin inkişaf etdirilməsinə böyük diqqət ayırırdı. Eyni zamanda hərbi sahənin inkişafı və ordu quruculuğunun müasir standartlar səviyyəsinə yüksəldilməsi, istər silah-sursat və texniki bazanın gücləndirilməsi, istərsə də peşəkar kadr hazırlığı baxımından Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin gündəliyinin prioriteti idi.  Təbii ki, beynəlxalq arenada Azərbaycan həqiqətlərinin çatdırılması da görülən mühüm işlərin tərkib hissəsi idi. 

Dövlətimizin rəhbəri İlham Əliyevin hərtərəfli düşünülmüş, dəqiq ölçülüb-biçilmiş siyasət və hərbi strategiyası bizi indi beşinci ildönümünü qürurla qeyd etdiyimiz Şuşa Zəfərinə çatdırdı. 

O da təsadüfi deyildi ki, 8 noyabr 2020-ci ildə - Qarabağın mirvarisi Şuşanın azadlıq günündə Prezident İlham Əliyev milli mübarizəmizin simvolu olan Şəhidlər xiyabanına yollanaraq məhz bu məkandan xalqımıza müraciət edərək qürurla ata vəsiyyətini yerinə yetirdiyini dedi: "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!" 

Bu, Azərbaycan xalqının ötən 30 ildə keçdiyi keşməkeşli mübarizəsinin, nəhayət, öz məntiqi sonluğu olan qələbəyə çatması demək idi. Bu qələbə həm də sonrakı uğurlarımızın açarı oldu. Azərbaycanın suverenliyi tam təmin olundu, Qarabağda separatizmin kökü birdəfəlik kəsildi, regionda davamlı sülh üçün şərait yarandı.  

Vətən müharibəsindən dərhal sonra Şuşaya uzanan Zəfər yolunun təməlini atan Prezident İlham Əliyev bununla Qarabağ və Şərqi Zəngəzurda dirçəliş, quruculuq dövrünün başlanğıcını qoydu. Ötən beş il ərzində həmin ərazilərdə elə bir miqyasda işlər görülüb ki, dünyanın heç bir yerində onun analoquna rast gəlmək mümkün deyil. Xarabalıqlar üzərində yeni və "ağıllı" şəhərlər, qəsəbələr, kəndlər tikilib. Bütün sahələri əhatə edən müasir infrastruktur qurulub, yollar, tunellər, körpülər salınıb, beynəlxalq hava limanları istifadəyə verilib. 

Ümummilli Lider Heydər Əliyevin irsini layiqincə yaşadan Heydər Əliyev Fondu Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuğa böyük töhfələr verir. Bu ərazilərdə tarixi abidələrimiz fond tərəfindən müvəffəqiyyətlə bərpa olunur, məscidlərimiz yenidən insanlarımızın istifadəsinə verilir.  

1994-cü ildə Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu Horadiz əməliyyatı sayəsində Füzuli rayonunun Horadiz qəsəbəsinə sakinlərinin qaytarılması ilə Böyük qayıdışın təməli qoyulub. 44 günlük müharibədən sonra Qarabağ və Şərqi Zəngəzura köç karvanlarının yola salınması həmin tarixi qayıdışın davamıdır. 2022-ci ilin yayından etibarən keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz yurdlarına qayıdırlar. Bu gün Qarabağ və Şərqi Zəngəzurda on minlərlə insan yaşayır, işləyir və təhsil alır ki, bütün bunlar ağır müharibədən çıxmış bir ölkənin yalnız öz iqtisadi potensialı ilə həyata keçirdiyi mühüm işlərdir. 

Bu il 8 noyabrda keçirilmiş Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddakı çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətimizin qazandığı bu böyük nailiyyətlərlə bağlı dedi: "Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün Böyük qayıdış proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır".

Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar sayəsində Cənubi Qafqazda sülh, əməkdaşlıq və inkişaf üçün tarixi şərait yaranıb. Bu mənada cari ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfərinin nəticələri Azərbaycan diplomatiyasının tarixi qələbəsi oldu. 

Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın siyasi və diplomatiya tarixinə qızıl hərflərlə yazılan və Prezident Donald Trampın dəvəti ilə reallaşan Vaşinqton səfəri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə yüksəldilməsi və Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin hüquqi müstəvidə daha da möhkəmləndirilməsi, sülh sazişinin imzalanması istiqamətində əsas maneələrin aradan qaldırılması baxımından mühüm razılaşmaların əldə edilməsi ilə əlamətdar oldu. 8 avqust tarixində Vaşinqtonda ABŞ lideri Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri Birgə Bəyannamə imzaladılar, sülh mətni paraflandı və bir çox razılaşmalar əldə edildi. Bunların arasında Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı razılaşma həm də beynəlxalq maraq ehtiva etməsi səbəbindən xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını nəqliyyat-kommunikasiya blokadasından çıxaran Zəngəzur dəhlizi Orta dəhlizin vacib halqasına çevrilməklə, bölgənin və daha geniş coğrafiyanın iqtisadi-ticari inkişafına böyük potensial vəd edir. Ölkəmizi Şərqlə Qərbin mühüm iqtisadi tərəfdaşına çevirən bu dəhliz, həmçinin türk dünyası ölkələrinin hərtərəfli əməkdaşlıq və inteqrasiyası üçün mühüm əhəmiyyətə malikdir.   

Dahi Heydər Əliyevin siyasi yetirməsi Prezident İlham Əliyevin ötən müddətdə həyata keçirdiyi uzaqgörən və balanslaşdırılmış siyasət Azərbaycanın dünya nizamındakı bugünkü rolunu və yerini bərqərar edib. Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafına görə regionun ən inkişaf etmiş ölkəsi olan Azərbaycan qlobal siyasi böhranların həll edildiyi masalarda rəy və mövqe sahibi kimi çıxış edir. Dünyanın gələcəyi ilə bağlı məsələlərin müzakirə edildiyi toplantılarda yaratdığı sülh modeli nümunə çəkilən ölkəmizin daha ədalətli beynəlxalq nizamın qurulması üçün etdiyi çağırışlar diqqət və rəğbətlə qarşılanır. 

Azərbaycanın bu gün beynəlxalq siyasi zirvədə nəhəng ölkələrlə bir sırada  dayanması Prezident İlham Əliyevin qətiyyətli, əzmkar rəhbərliyi altında həyata keçirilən zəfər strategiyası sayəsində mümkün olub. 

Bu isə xalqı qarşısında misilsiz xidmətlər göstərmiş, onu böyük bəlalardan, faciələrdən xilas etmiş Ulu Öndər Heydər Əliyevin bütöv Azərbaycan amallarının gerçəkləşdiyini göstərir. 

Bəli, qalib, müstəqil, suveren Azərbaycan Ümummilli Lider Heydər Əliyevin vaxtilə  müəyyənləşdirdiyi və xalqımızı daim yüksəlişə, inkişafa, uğurlara  aparan milli yolla gələcəyə doğru inamla addımlayır... 

Asif ƏSGƏROV,

Milli Məclisin deputatı

Избранный
34
50
azerbaijan-news.az

10Источники