RU

Heydər Əliyev yolu

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfat etməsindən 22 il ötür. Lakin Ulu Öndər xalqımızın qəlbində yaşayır və əbədi olaraq da yaşayacaqdır. Bu 22 ildə Prezident İlham Əliyevin liderliyi ilə respublikamızın keçdiyi əzəmətli inkişaf yolu, əldə olunan uğurlar, qazanılan  tarixi zəfərlər göstərir ki, Heydər Əliyevin ideyaları davam edir. 

XX əsrin ikinci yarısı Azərbaycan tarixində çoxsaylı hadisənin yaşandığı mühüm siyasi-iqtisadi mərhələdir. Bu dövrdə inkişaf da baş verib, tənəzzül də yaşanıb. Ermənilər torpaqlarımıza qarşı açıq şəkildə növbəti  hərbi təcavüzə bu mərhələdə başlayıblar. XX əsrin sonlarına doğru xalqımız tariximizin ən böyük faciələri ilə üzləşib. Bu mərhələdə həmçinin xalqımız müasir tarixinin ən böyük siyasi hadisələrdən biri olan dövlət müstəqilliyini bərpa edib. 

Amma XX əsrin ikinci yarısını əhatə edən tariximizi təhlil və ya başqa cür desək, təftiş etsək görərik ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illər tariximizə inkişaf, quruculuq və rifah illəri kimi həkk olunub. Dahi insanın Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə fəaliyyətinin başlıca qayəsini Vətənini daha gözəl görmək, xalqının rifahını yüksəltmək olub. Hələ sovet illərində Heydər Əliyev Azərbaycanı keçmiş ittifaq üzvləri arasında iqtisadi və sosial göstəricilərinə görə qabaqcıllar sırasına çıxarıb, aqrar respublikadan sənaye respublikasına çevirib. Ulu Öndərin qətiyyəti sayəsində o illərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində cəsarətli addımlar atılıb. Sovet ideologiyasının hakim olduğu, milli təəssübkeşliyin mümkün olmadığı, süngü-bıçaqla qarşılandığı bir şəraitdə bunu yalnız Heydər Əliyev kimi nəhəng şəxsiyyətlər edə bilərdilər. Heydər Əliyev əsərlərində milli təəssübkeşliyi və müstəqillik ideyalarını təbliğ edən ziyalılarımızı qorumuş, Azərbaycan dilinə konstitusion hüquq verilməsinə nail olmuşdu. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində o illərdə Ermənistanın Azərbaycana qarşı bütün ərazi iddialarının qarşısı alınmışdı. Qarabağın Ermənistana birləşdirilməsi üçün Kremlə edilən bütün müraciətlər cavabsız qalmışdı. Ümumilikdə, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirdiyi bütün tədbirlər gələcək müstəqilliyimizin iqtisadi əsaslarının formalaşdırılmasını təmin etmişdi.

Təəssüflə qeyd etməliyik ki, Azərbaycana 1980-ci illərdə rəhbərlik edənlər Heydər Əliyevin həyata keçirdiyi qətiyyətli siyasəti davam etdirə bilmədilər. Məhz onların qətiyyətsizliyi və mütiliyi nəticəsində torpaqlarımıza qəsd edildi, 20 Yanvar faciəsi baş verdi. Azərbaycan ən böyük təbəddülatlarla, çətinliklərlə xalqımızın dahi oğlunun siyasi rəhbərlikdə təmsil olunmadığı illərdə üzləşdi.

Cəmiyyətdə yüksək siyasi-ictimai nüfuza malik olan Heydər Əliyev siyasi hakimiyyətdə olmadığı dövrdə də xalqının yanında idi. Sovet rəhbərliyini qorxudan da bu amillər idi və Ulu Öndərə qarşı müxtəlif təzyiqlər məhz bundan irəli gəlirdi. Təsadüfi deyil ki, Heydər Əliyevin 20 Yanvar hadisələrindən bir gün sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək verdiyi cəsarətli bəyanat bütün sovet rəhbərliyini silkələmiş, faciə ilə bağlı əsl həqiqətlərin sürətlə beynəlxalq ictimaiyyətə yayılmasına böyük təsir göstərmişdi. 

Xüsusilə qeyd edilməlidir ki, Heydər Əliyevin yüksək siyasi-ictimai nüfuzu o dövrdə xalqımızın milli müstəqillik mücadiləsinin genişlənməsinə və böyüməsinə əhəmiyyətli dərəcədə təsirini göstərmişdi. Bunu Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövründə aydın görmək mümkündür. 1990-cı ilin iyul ayında Azərbaycana qayıdan və daha sonra Naxçıvana gələn Heydər Əliyevə xalqın ehtiramı və sevgisi o qədər böyük idi ki, elə həmin ərəfədə Azərbaycan Ali Sovetinə və Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə yerli ictimaiyyət tərəfindən Ulu Öndərin namizədliyi irəli sürülmüşdü. Məhz Heydər Əliyevin təşəbbüsləri ilə 1990-cı ilin noyabr ayında Naxçıvan Ali Məclisi tərəfindən ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Naxçıvan Muxtar Respublikasının bayrağı kimi təsbit olunması, sovet atributlarından imtina edilməsi, muxtar respublikanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması, o cümlədən sovet dövlətinin saxlanılmasına xidmət edən və ümumittifaq miqyasında keçirilən referendumun Naxçıvanda boykot edilməsi sıradan siyasi hadisələr deyildi. Bu, hələ mövcud olan, repressiv fəaliyyəti davam edən sovet dövlətinə meydan oxumaq idi. Bunu da bir daha qeyd edirəm, Heydər Əliyev kimi nəhəng və cəsarətli siyasətçilər edə bilərdilər. 

Heydər Əliyev respublikamızın müstəqilliyi uğrunda siyasi mübarizəsini həm də Azərbaycan Ali Sovetində aparırdı. Əlbəttə, Heydər Əliyevin siyasi cəsarəti həmin dövrdə Azərbaycanın azadlığı uğrunda aparılan prosesdə iştirak edən bütün insanlar üçün böyük şəxsi nümunə idi. Heydər Əliyev qorxmazlığı həmin insanları müstəqillik uğrunda daha da mübariz etmişdi. Ümumilikdə isə Heydər Əliyevin təşəbbüsləri ilə Naxçıvanda qəbul edilən bütün qərarlar, Ulu Öndərin Ali Sovetdəki çıxışları milli azadlıq mübarizəsini tamamilə yeni keyfiyyət mərhələsinə yüksəltmişdi. Hansı ki, həmin vaxta qədər Azərbaycanda rəsmi səviyyədə buna bənzər hər hansı bir addım atılmamışdı. 

Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Ulu Öndərin Naxçıvandakı siyasi fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Ümumiyyətlə, Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycanın müasir dövlətçilik tarixinin olduqca mühüm səhifələridir. Azərbaycanın müstəqilliyinə aparan yolun bir çox vacib siyasi hadisələri məhz Naxçıvanda yaşanıb. Müstəqilliyimizin ilk illərində yaşanan ağır və gərgin siyasi-hərbi proseslərin fonunda bugünkü güclü Azərbaycanın siyasi-ideoloji təməlləri də məhz Heydər Əliyevin liderliyi ilə Naxçıvanda yaradılıb. 1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan ictimaiyyətinin Heydər Əliyev yoluna olan dərin inamının təcəssümü idi.

Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü dövlətçilik və müstəqillik tariximizin hər zaman xüsusi tədqiq və təbliğ olunmalı bir mərhələsidir. Hansı ki, bu mərhələ Heydər Əliyevin liderliyi ilə həm müstəqilliyimizin bərpası, həm Naxçıvanın işğaldan qorunması, həm də bərpa olunan müstəqilliyimizin xilası istiqamətində çox mühüm siyasi qərarların qəbulu ilə əlamətdardır.

Heydər Əliyev siyasi fəaliyyətinin növbəti missiyaları 1993-cü ildə respublikada siyasi rəhbərliyə gəlməklə müstəqilliyimizi qorumaq və müasir Azərbaycan dövlətini yaratmaq oldu. Artıq 1993-cü ilin ortalarına doğru Azərbaycan elə bir həddə gəlib çatmışdı ki, həmin vəziyyətdən ölkəni çıxarmaq hər siyasətçinin işi deyildi. Ona görə cəmiyyətimizdə bütün siyasi qütblərin diqqəti Naxçıvana, Heydər Əliyevə yönəlmişdi. Çünki hər kəs əmin idi ki, hələ sovet illərində respublikamızı intibah yoluna çıxaran, sonrakı dövrdə müstəqillik mübarizəmizə öndərlik edən, Naxçıvanın Ermənistan tərəfindən işğal olunmasının qarşısını alan Heydər Əliyev şəxsiyyəti ölkəni düşdüyü ağır siyasi və iqtisadi böhranlardan xilas edə bilər. Respublikamızın problemləri isə yalnız siyasi-iqtisadi böhranlardan ibarət deyildi. Ən təhlükəlisi Azərbaycanın çox böyük hərbi təhdidlə, işğal və separatizmlə üz-üzə qalması idi. Azərbaycanın həmin təbəddülatlı günlərini bu günün zirvəsindən təhlil və təftiş edəndə Heydər Əliyevin nə qədər dahi bir şəxsiyyət olduğu gözlərimizin önündə canlanır. Hətta həyatını riskə atsa belə, dahi lider xilas missiyasını qətiyyətlə yerinə yetirdi və göstərdi ki, dövlətimizin var olması onun siyasi fəaliyyətinin ən müqəddəs amalıdır.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri, həmin ilin oktyabrın 3-də isə ölkə Prezidenti seçilən Heydər Əliyev qarşıda dayanan strateji vəzifələri böyük uzaqgörənliklə müəyyən edərək, ardıcıllıqla həyata keçirdi. Ölkədə vətəndaş qarşıdurmasına və  hərbi böhrana son qoyuldu. Heydər Əliyevin vahid komandanlığa əsaslanmaqla yenidən qurduğu Azərbaycan Ordusu Ermənistanın güclənən hücumlarının qarşısını aldı, cəbhənin bir neçə istiqamətində torpaqlarımız işğaldan azad olundu. Ulu Öndər həmçinin hakimiyyətə silahlı çevriliş yolu ilə gəlmək kimi antikonstitusion hərəkətlərə son qoydu. Beləliklə, fenomenal siyasi təcrübəsi, yenilməz qətiyyəti və strateji hədəflərə hesablanmış siyasi gedişləri ilə respublikamız böhranlardan uzaqlaşdı, ağır sınaqlardan alnıaçıq çıxdı. 

Bütün bunları qətiyyətlə təmin edən Heydər Əliyev dövlət quruculuğu prosesini başlatdı, hüquqi, siyasi, iqtisadi və aqrar islahatlar həyata keçirdi. Dahi şəxsiyyət müasir, hüquqi və dünyəvi Azərbaycan dövlətini yaratdı, öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrildi. Ulu Öndərin  "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir"  sözləri real həyatda öz təcəssümünü tapdı. 

Bütövlükdə, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il tariximizə müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı təməllərinin yaradılması, dövrün çağırışları əsasında hüquqi dövlət quruculuğu prosesinin uğurla təmin olunması, respublikamızın iqtisadi tənəzzüldən xilas olaraq inkişaf yoluna çıxarılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi dövrü kimi daxil oldu.  

Ulu Öndər Azərbaycanın həm də mükəmməl təhlükəsizlik konsepsiyasını formalaşdırdı. Yeni təhlükəsizlik konsepsiyası yalnız ordu quruculuğu və dövlətin təhlükəsizlik orqanlarının yaradılması ilə yekunlaşmadı. Bütün bunlarla bərabər ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması, mükəmməl enerji siyasətinin həyata keçirilməsi, xarici siyasət kursunda baş verən keyfiyyət dəyişiklikləri Ulu Öndərin müəyyən etdiyi düşünülmüş və əsaslandırılmış təhlükəsizlik strategiyasının ayrı-ayrı elementləri idi.

Əbədiyaşar şəxsiyyətin Azərbaycanın gələcəyi ilə bağlı planları və arzuları böyük idi. Bütün bunlar Ulu Öndərin 2003-cü ilin prezident seçkilərindən əvvəl xalqımıza etdiyi müraciətdə öz əksini tapıb. "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə Ulu Öndər tarixi müraciətində bildirib.

Ötən 22 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, əldə etdiyimiz möhtəşəm uğurlar həm də Heydər Əliyevin gerçəkləşən arzularının real ifadəsidir. Ulu Öndər Azərbaycanın zirvələrə yüksəlməsini arzulayırdı. Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın dünyanın sayılıb-seçilən dövlətləri ilə bir sırada dayanması, tarixinin ən qüdrətli dövlətinə çevrilməsi göstərir ki, respublikamız Ulu Öndərin arzuladığı səviyyəyə yüksəlib. Bu dövrün bütün həqiqətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi bütün nailiyyətlər bir daha təsdiq edir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev nə qədər müdrik şəxsiyyət olub.

Ulu Öndər əmin idi ki, torpaqlarımız işğaldan mütləq azad ediləcək, məcburi köçkünlər doğma evlərinə qayıdacaqlar. Vaxtilə çıxışlarının birində Heydər Əliyev bu barədə demişdi: "Azərbaycan bu vəziyyətdən çıxacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqınlar öz yerinə-yurduna qayıdacaqlar və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, inkişaf edəcəkdir". 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə, antiterror tədbirləri nəticəsində ərazilərimizdə erməni separatizminə son qoyulması ilə Ulu Öndərin müdrikcəsinə dediyi bu sözlər həyata vəsiqə aldı. Bir vaxtlar doğma yurdlarından köçkün düşmüş soydaşlarımız bu gün doğma yurdlarına qayıdırlar. Şuşada, Xankəndidə, Laçında, Füzulidə, Cəbrayılda, Ağdamda, Zəngilanda, Kəlbəcərdə həyat yenidən canlanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün bunları təmin etməklə, həm də Ulu Öndərin arzularını yerinə yetirdi.

Azərbaycan müasir tarixinin dahi şəxsiyyəti, bütün siyasi dövrlərdə dövlətimizin və xalqımızın yüksəlişi və güclənməsi yolunda misilsiz işlər görmüş Heydər Əliyev hər bir azərbaycanlı üçün unudulmaz insandır. Vəfatının 22-ci ildönümündə bir daha Ulu Öndərin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinə nəzər yetirməklə, xatirəsini böyük ehtiram hissi ilə yad edirik. Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyəcək. Çünki Heydər Əliyev yolu xalqımızın inkişaf və rifah yoludur. Ulu Öndərin əbədiyaşar ideyaları hər zaman Azərbaycanın yüksəlişinin mayakı olacaq.

Ziyafət  ƏSGƏROV, 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini

Избранный
45
50
azerbaijan-news.az

10Источники