RU

Türk dünyası beynəlxalq arenada mühüm aktora çevirilir

Türk birliyinin sarsılmazlığını “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” söyləməklə hədəfləri dəqiq müəyyənləşdirən Prezident İlham Əliyev daim bildirir ki, biz böyük Türk dünyasının ayrılmaz hissəsiyik

Oxşar tarixə, köklərə, adət-ənənələrə malik, Şərqlə Qərb arasında yerləşən türk dövlətlərinin siyasi inteqrasiyasına doğru atılan mühüm addımlar, qlobal enerji, nəqliyyat layihələrinin, kəmərlərinin təhlükəsiz keçidinin türk dövlətlərinin sərhədləri daxilində yerləşməsi də Türk Dövlətləri Təşkilatının (TDT) nüfuzunun daha da artması imkanlarını genişləndirir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən TDT, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqində, maddi və mənəvi dəyərlərimizin dünyada təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə dövlətin parlamentlərarası qrupları ilə sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman sahələrində birgə fəaliyyət xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Bildiyimiz kimi, ötən ilin iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar Astanada TDT-nin "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilmişdi. "Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması" mövzusunda qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə baş tutmuşdu. Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısının yekunları üzrə qəbul edilən Qarabağ Bəyannaməsi türk dövlətləri arasında gələcək əməkdaşlığın yol xəritəsi oldu. Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyəti danılmazdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüş türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürüdür.

Cari ilin 21 may tarixində isə Macarıstanın paytaxtı Budapeştdə TDT-nin Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. "Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.

Oktyabrın 7-də “Regional sülh və təhlükəsizlik” devizi altında Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü Türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşmasında mühüm mərhələ oldu. İlk dəfə bu miqyasda səsləndi ki, türk birliyi təkcə tarixi və mədəni irs deyil, həm də Avrasiyanın gələcəyini müəyyən edə biləcək siyasi və iqtisadi sistem kimi formalaşır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan TDT-nin mərkəzi dayaqlarından birinə çevrilib. Ölkəmiz Katibliyin hesabına 2 milyon ABŞ dolları ianə köçürməklə Təşkilatın institusional güclənməsinə mühüm dəstək verib. Ümumiyyətlə, Azərbaycan bu günə qədər türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırıb, bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına yönəlib. Eyni zamanda, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan və Azərbaycan-Qırğızıstan birgə sərmayə fondları yaradılıb və yeni layihələrin maliyyələşdirilməsi üzərində işlər gedir.

Azərbaycanın daxili sabitliyi, strateji coğrafi mövqeyi, logistika və nəqliyyat imkanları, artan hərbi-texniki potensialı TDT-ni qlobal arenada daha təsirli aktora çevirir. Prezident İlham Əliyev Zəngəzur dəhlizini həm Orta Dəhliz, həm də Şimal–Cənub dəhlizləri çərçivəsində yeni strateji marşrut kimi qiymətləndirib. Bu dəhliz “Türk qapısı” rolunu oynayaraq Avrasiya boyunca inteqrasiya olunmuş iqtisadi və logistik məkanın əsasını qoyacaq. "Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır", - deyən Prezident bildirib ki, Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verilir.

TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Azərbaycan tarixi Zəfərdən sonra azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini davam etdirir. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kəndi müasir məkana çevirir. Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər.

Bir məqamı da vurğulayaq ki, bir müddət öncə Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında 15 dekabr tarixi Dünya Türk Dili Ailəsi Günü kimi qəbul edildi. Bu qərar təkcə türkdilli ölkələrin mədəni əməkdaşlığının deyil, həm də türk xalqlarının ortaq mənəvi köklərinin və dəyərlərinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. UNESCO kimi nüfuzlu bir beynəlxalq təşkilatın türk dillərinin ailəvi bir sistem kimi qəbulunu və qeyd gününün təsis edilməsini rəsmiləşdirməsi türkologiya elminin, eləcə də türk kimliyinin dünyada artan nüfuzunun təsdiqidir. UNESCO-nun bu qərarı türkdilli ölkələrin elmi və mədəni təşkilatları, xüsusilə TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və digər qurumlar arasında əməkdaşlığın daha da dərinləşməsinə geniş imkanlar açır. Bu, həm də gələcək nəsillərə türk dillərinin öyrənilməsi, qorunması və inkişafı istiqamətində beynəlxalq səviyyədə daha sistemli proqramların həyata keçirilməsi üçün ciddi stimul olacaq. Bundan əlavə, mədəniyyət sahəsində əməkdaşlıq məqsədilə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin 2026-cı ildə TDT çərçivəsində təntənəli qeyd olunması Azərbaycan tərəfindən təklif edilib. Bu, ortaq dil və mədəni kimliyin yenidən gücləndirilməsinə yönəlmiş mühüm təşəbbüsdür.

Sevinc Azadi, “İki sahil”

Избранный
57
ikisahil.az

1Источники