RU

Slovakiya-Azərbaycan dostluq modeli və enerji əməkdaşlığının strateji əhəmiyyəti

Qlobal siyasətin mürəkkəb və çoxqütblü olduğu XXI əsrdə dövlətlər arasında sabit, etibarlı və uzunmüddətli tərəfdaşlıqlar xüsusi strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Slovakiya və Azərbaycan münasibətləri beynəlxalq əməkdaşlığın nümunəvi modellərindən biridir. Müxtəlif coğrafi regionlarda yerləşmələrinə baxmayaraq, bu iki ölkəni birləşdirən əsas məqam qarşılıqlı hörmət, dostluq prinsiplərinə sadiqlik və ortaq maraqlara əsaslanan strateji əməkdaşlıqdır.

Slovakiya Avropa İttifaqının mühüm üzvlərindən biri, Azərbaycan isə Cənubi Qafqazın geosiyasi və enerji baxımından əsas aktorudur. Bu xüsusiyyətlər onların münasibətlərini təkcə ikitərəfli çərçivədə deyil, həm də daha geniş regional kontekstlərdə, Avropa-Qafqaz əməkdaşlığı, enerji təhlükəsizliyi və nəqliyyat şəbəkələrinin inkişafı kimi sahələrdə ön plana çıxarır.

Məqalənin əsas məqsədi Slovakiya-Azərbaycan münasibətlərinin elmi-publisistik aspektdə təhlili, bu tərəfdaşlığın siyasi, iqtisadi və enerji sferalarında dinamikasının araşdırılması və Azərbaycanın zəngin təbii qaz ehtiyatlarının ikitərəfli münasibətlərə verdiyi töhfənin elmi əsaslarla şərhidir.

Slovakiya və Azərbaycan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuş və həmin dövrdən etibarən əməkdaşlıq davamlı şəkildə inkişaf etməyə başlamışdır. Müstəqillik əldə etdikdən sonra hər iki ölkə öz xarici siyasət istiqamətlərini yenidən formalaşdırırdı. Slovakiya Avropa İttifaqı və NATO məkanına inteqrasiya etdiyi halda, Azərbaycan Avropa ilə əməkdaşlıqda balanslaşdırılmış siyasət apararaq, regionda sabitlik və iqtisadi inkişafın təmin olunmasına çalışırdı.

Bu paralel siyasi kurslar iki ölkə arasında təbii yaxınlaşma yaratdı. Xüsusilə, 2000-ci illərin ortalarından başlayaraq Slovakiya–Azərbaycan münasibətləri intensivləşdi, müxtəlif sahələri əhatə edən əməkdaşlığa dair sənədlər imzalandı, hökumətlərarası komissiyalar və siyasi dialoq mexanizmləri aktivləşdi.

Slovakiya və Azərbaycan arasındakı siyasi əməkdaşlıq bir neçə mühüm prinsip üzərində qurulub. Hər iki dövlət qarşılıqlı olaraq bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Slovakiya Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədlərini dəstəkləyən dövlətlərdən biridir. Azərbaycan isə Slovakiyanın Avropa məkanındakı rolunu və dinc diplomatiya siyasətini yüksək qiymətləndirir. Bu qarşılıqlı yanaşma iki ölkə arasında siyasi inamı gücləndirir.

BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində Slovakiya və Azərbaycan çox zaman bir-birinin maraqlarını nəzərə alan mövqelər sərgiləmişdir. Bu da münasibətlərin strateji mahiyyətini təsdiqləyir.

Parlamentlərarası dialoqlar zamanı  Milli Məclis və Slovakiya Milli Şurası arasında parlamentlərarası komissiyalar, qarşılıqlı səfərlər və qanunvericilik sahəsində təcrübə mübadiləsi əməkdaşlığın institusional əsaslarını möhkəmləndirmişdir.

Slovakiya texnoloji inkişaf səviyyəsinə, sənaye potensialına və Avropa bazarına çıxış imkanlarına görə Azərbaycan üçün önəmli tərəfdaşdır. Eyni zamanda Azərbaycan da zəngin enerji ehtiyatları, Böyük İpək Yolunun strateji qovşağında yerləşməsi və sürətlə inkişaf edən iqtisadiyyatı ilə Slovakiya üçün cəlbedici əməkdaşlıq mühitidir.

Bu çərçivədə iki ölkə arasında avtomobil sənayesi, kənd təsərrüfatı, nəqliyyat-logistika, müdafiə sənayesi və rəqəmsal texnologiyalar üzrə əməkdaşlıq genişlənməkdədir.

Azərbaycan dünyanın ən böyük enerji ehtiyatlarına malik ölkələrindən biridir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz", "Abşeron", "Ümid-Babək" və digər qaz yataqları ölkənin enerji strategiyasının əsasını təşkil edir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları Avropa üçün uzunmüddətli və etibarlı enerji mənbəyi rolunu oynamağa imkan verir.

Bu zəngin resurslar sayəsində Azərbaycan bu gün yalnız regional güc deyil, həm də qlobal enerji bazarında mühüm aktordur. Bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qaz ixrac edək.

Bu baxımdan Cənub Qaz Dəhlizi XXI əsrin ən strateji enerji layihələrindən biri hesab olunur. Bu layihə vasitəsilə Azərbaycan qazı Türkiyəyə (TANAP), Yunanıstan və Albaniyaya, İtaliyaya (TAP), həmçinin potensial olaraq Mərkəzi Avropa ölkələrinə, o cümlədən Slovakiyaya çatdırıla bilər.

Slovakiya enerji daşıyıcılarının şaxələndirilməsi siyasətinə sadiqdir və bu baxımdan Azərbaycanla əməkdaşlıq ölkə üçün böyük əhəmiyyət kəsb edir. Hazırda Slovakiya Cənub Qaz Dəhlizi ilə bağlı inteqrasiya imkanlarını araşdırır və bu istiqamətdə danışıqlar davam edir.

Qloballaşan dünyanın enerji təhlükəsizliyində Azərbaycan modelinin bir sıra üstünlükləri vardır. Azərbaycanın enerji siyasəti bir neçə xüsusiyyətilə fərqlənir. Azərbaycan müstəqillik illərində etibarlı tərəfdaş olaraq heç bir ölkəyə qarşı enerji təzyiqi tətbiq etməmişdir. Bu, dövlətin beynəlxalq aləmdə imicini daim artırır. Azərbaycan enerji nəqli üçün şaxələndirilmiş ixrac marşrutları prinsipini əsas tutaraq müxtəlif boru kəmərləri inşa etmişdir. Bu isə enerji təhlükəsizliyinin əsas elementidir. Davamlı modernizasiya və yeni yataqların işlənməsi yuxarıda qeyd olunan yataqlarla yanaşı, yeni qaz ehtiyatlarının araşdırılması və hasilatı ölkənin ixrac potensialını genişləndirir.

Slovakiya enerji asılılığını azaltmaq və alternativ mənbələr əldə etmək istiqamətində siyasət yürüdür. Azərbaycan qazının Avropanın Mərkəzi hissəsinə çatdırılması Slovakiya üçün uzunmüddətli enerji təminatı, qiymət sabitliyi, enerji bazarında rəqabətdən yaranan iqtisadi üstünlüklər kimi faydalar vəd edir.

İki ölkə arasındakı münasibətlər təkcə enerji və iqtisadi sahələrlə məhdudlaşmır. Humanitar, mədəni və elmi əlaqələr çərçivəsində mədəniyyət günləri, tələbə mübadilələri və elmi konfranslar xalqlar arasında mənəvi körpülər qurur. Slovakiya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı artmaqdadır. Bu da gələcək əməkdaşlığın intellektual əsaslarını gücləndirir.

Slovakiya və Azərbaycan arasındakı münasibətlər müasir, qloballaşan dünya siyasətində nümunəvi tərəfdaşlıq modelidir. Bu münasibətlərin əsasında dostluq, qarşılıqlı hörmət, strateji məqsədyönlülük, enerji təhlükəsizliyi sahəsində qarşılıqlı faydalı tərəfdaşlıq kimi prinsiplər dayanır.

Fatimə Binnətova,
Bakı şəhəri, Xətai rayonu Ədalət Abbasov adına 257 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Избранный
23
ikisahil.az

1Источники