RU

Məktəblərin ətrafında qida təhlükəsizliyi zonası yaradılmalıdır TƏKLİF

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Məktəblərdə qidalanma məsələsi təkcə valideynlərin deyil, həm də dövlətin və məktəb rəhbərliyinin nəzarətində olmalıdır. Xüsusilə dərs vaxtı məktəb ətrafında satılan fast food məhsulları yüksək risk daşıyır və bunun qarşısını almaq üçün sistemli mexanizmə ehtiyac var. Belə qidalar sağlamlıq baxımından ciddi təhlükə yarada bilər. Tez xarab olan məhsulların istifadəsi, sanitar normalara uyğun olmayan satış yerləri və ümumi nəzarətsizlik təhlükəni daha da artırır".Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. "Yol kənarında satılan qidalar da nəzərətsiz olduğu üçün risk xüsusilə məktəbyaşlı uşaqlar üçün daha yüksəkdir. Uşaqların immuniteti zəif olduğundan zəhərlənmə halları onlarda daha tez baş verir. Buna görə də məktəb bu prosesdə əsas nəzarətçi tərəflərdən biri olmalıdır. Dərs vaxtı uşaq valideynin nəzarətindən uzaq olur və bu səbəbdən məktəb ətrafındakı iaşə obyektlərinin monitorinqi, qida təhlükəsizliyi ilə bağlı məlumatlandırma və məktəbdaxili sağlam qidalanma şəraitinin yaradılması məktəbin vəzifələrindən biri olmalıdır. Çünki o anda uşaq artıq məktəbin himayəsindədir".O bildirib ki, təkcə regionlarda deyil, Bakı daxil olmaqla ölkənin bir çox şəhərlərində qida təhlükəsizliyi mədəniyyəti aşağı səviyyədədir:"Gəncə, Sumqayıt və digər şəhərlərdə məktəblərin ətrafında ucuz fast food satışının çoxluğu ciddi təhlükə mənbəyidir. Bu məkanlarda nə laboratoriya nəzarəti, nə də sanitar normaların tətbiqi lazımi səviyyədədir.Məktəb ətrafında qida təhlükəsizliyi zonası yaradılmalıdır. Bir çox ölkələrdə tətbiq olunduğu kimi, məktəbin 200–300 metr ətrafında dönərxana, fast food və ucuz iaşə obyektlərinin fəaliyyətinə məhdudiyyət qoyula bilər. Məktəbdə sağlam qidalanma sistemi qurulmalı, burada yalnız keyfiyyət sertifikatı olan məhsullar satılmalı, kalori baxımından balanslaşdırılmış menyu təqdim edilməlidir. Dövlətin təsdiqlədiyi qida standartlarına əməl olunmalı, təkrar yoxlamalar və laborator analizlər mütəmadi keçirilməlidir. Hazırda bir çox məktəblərdə bu nəzarət ya zəifdir, ya da ümumiyyətlə yoxdur".Ekspert deyib ki, qida təhlükəsizliyi ilə bağlı xüsusi monitorinq proqramı olmalıdır:"Məktəb ətrafındakı iaşə obyektləri siyahıya alınmalı, onların icbari yoxlamaları aparılmalı və nəticələr məktəblərlə və ictimaiyyətlə paylaşılmalıdır. Pozuntulara yol verən obyektlərə qarşı sərt tədbirlər görülməlidir. Mövcud nəzarət olsa da, sistemli şəkildə həyata keçirilmədiyi üçün effektivlik yetərli deyil. Bununla yanaşı valideynlər və məktəblilər də bu sahədə maarifləndirilməlidir. Uşaqlara təhlükəli qidaların təsirləri, şəxsi gigiyena qaydaları və sağlam menyu seçimi barədə mütəmadi məlumat verilməlidir.Məktəblər üçün təhlükəli qidalarla bağlı xəbərdarlıq sistemi yaradılmalıdır. Məsələn, hər hansı iaşə obyektində yoxlama zamanı pozuntu aşkarlanarsa və ya valideynlər və şagirdlər təhlükəli məhsulla bağlı məlumat verirsə, bu məlumat dərhal paylaşılmalı və xəbərdarlıq siqnalı kimi qəbul olunmalıdır. Bu mexanizm hətta sadə WhatsApp qrupları vasitəsilə belə effektiv şəkildə işləyə bilər.Gəncədə baş verən hadisə bir daha göstərdi ki, məktəbli uşaqların qidalanmasına nəzarət mexanizmi gücləndirilməsə, qida zəhərlənmələri yenə də davam edəcək. Bu nəzarət hüquqi, sanitar və maarifləndirmə istiqamətlərini əhatə etməlidir".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
demokrat.az

1Источники