RU

İlahiyyatçı Əkrəm Həsənov: Azərbaycanda dövlət dindən ayrıdır, bütün dinlər qanun qarşısında bərabərdir

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bildiyimiz kimi din və dövlət mövzusu həmişə insanın həm vicdanına, həm tarixə, həm də milli kimliyə toxunan bir məsələdir. Paşinyan iddia edir ki, guya 301-ci ildə erməni kilsəsi dövlət qərarı ilə yaradılıb və bu gün kilsədə himnin oxunması milli məsələnin bir hissəsi olmalıdır. Amma bu məsələdə yanaşma istər dini, istər hüquqi, istər mədəni yöndən çox sual doğurur. Çünki, biz bilirik ki, dini məkanın öz xüsusi abi havası, xüsusi ruhu var. O ruhu qorumaq da həm tarixi məsuliyyət, həm də etik borcdur”.

Bu barədə Bizimyol.info xəbər portalına ilahiyyatçı Əkrəm Həsənov danışıb: “Quranda bu barədə Allah Təala buyurur ki, “Məscidlər Allahındır, orada Ondan başqasına ibadət etməyin”. Alimlərin böyük əksəriyyəti də bu ayənin mənasında məscidin əsas funksiyasının ibadət eləmək, zikr eləmək və elm öyrənmək olduğunu bildirirlər. Hər hansı dünyəvi, siyasi və ya milli rəmzin məscid daxilində rituallaşdırılması ibadətin mahiyyətinə müdaxilə sayılır. Hədislərdə də Peyğəmbərin (s) məscidin içini, atmosferini, niyyətini qorumağa xüsusi həssaslıq göstərməsi var; məsələn, səhabələrin dünya söhbətlərini məsciddə uzatmasını xoşlamadığı açıqlanır. Alimlər – istər klassik fiqh, istər müasir tədqiqatçılar – deyirlər ki, ibadətgaha siyasi simvol daşımaq, onu məcburi rituala çevirmək dini məkanın toxunulmazlığını zədələyir”.

Əkrəm Həsənov qeyd edib ki, bəzi xristian ölkələrində milli bayramlarda kilsə xorunun himn oxuması tarixi ənənə ola bilər, amma bu da universal norma deyil.

“Hər xalqın dini ilə dövləti arasında formalaşan münasibət onun öz tarixi, öz ağrıları, öz mədəni yaddaşı ilə bağlıdır. Bu səbəbdən bir ölkədə olan praktikaya baxıb digərində tətbiq etmək doğru yanaşma deyil.

Azərbaycanda məsələ daha aydındır: dövlət dindən ayrıdır, bütün dinlər qanun qarşısında bərabərdir. Bu o deməkdir ki, ibadətgahlar siyasi alətə çevrilə bilməz. Məscid, kilsə, sinaqoq – fərqi yoxdur – dövlət rəmzlərinin məcburi tətbiqi, himnin oxunması kimi bir addım həm konstitusion prinsipə, həm də dini idarələrin illərlə qoruduğu ənənəyə ziddir. Dövlət rəmzlərinə hörmət başqa bir şeydir, ibadət ayininə daxil etmək isə tamamilə başqa bir şeydir. İbadət məkanı nə məktəbdir, nə stadion, nə də hökumət binası. Orada insanlar Allahla baş-başa qalmaq üçün toplaşır. İbadətin yerini dövlət simvolları ilə doldurmaq həm dini, həm mədəni həssaslığa uyğun deyil. Din xəlvət istəyir. Dövlət rəmzləri isə təntənə. Bu iki aləmi qarışdırmaq mənəvi abu-havanı pozur. Bu dediklərim ümumi alimlərin bu barədə dedikləri nəticələridir. Məsələn; Peyğəmbərin zamanında məscid həm də dövlət idarəsi kimi fəaliyyət göstərirdi, ama müasir dövrümüzdə bu tamamilə fərqli nüanslarda özünü göstərir. Məscidlər indi yalnız, ibadət eləmək, namaz qılmaq, elm öyrənmək, Quran oxumA kimi Allahın evi hesab olunur. Məscidlərdə siyasi söhbətlər və dünyəvi məsələləri danışma indiki dövrdə doğru yanaşma deyil”-deyə ilahiyyatçı vurğulayıb.

Əkrəm Həsənov bildirib ki, praktik tərəfdən də belə bir addım cəmiyyətdə lazım olmayan gərginlik yarada bilər, çünki bir qrup bunu millətçilik işarəsi, digər qrup siyasətin dinə müdaxiləsi kimi görəcək: “Dini məkan heç vaxt gərginliyin, qarşıdurmanın, ideoloji mesajların ünvanı olmamalıdır. Azərbaycan mühitində bu addımın hüquqi əsası yoxdur, dini əsası yoxdur, mədəni ehtiyacı yoxdur. Himnimiz, bayrağımız bizim şərəfimizdir, amma onların yeri ibadətin içi deyil. Bizim məscidlərdə, kilsələrdə ən böyük bayraq Allahın adıdır. Bu yetər. Dövlətlə dinin münasibətində ən sağlam prinsip odur ki, hər ikisi öz məkanında öz hörmətini qoruyur. Dövlət ibadətə qarışmır, ibadət də dövlətin rəmzlərini rituala çevirmir.

Buna görə belə təşəbbüslərin başqa ölkələrdə də uğurlu model kimi qəbul edilməsi nadir haldır. Çünki insanın imanla bağlandığı yer siyasətə açılan yer olmamalıdır. İbadət məkanının qapısından içəri yalnız qəlb girir, bayraq, himn, ideologiya yox. Dövlətin gücü hüququnda, ordusunda, bayrağının dalğalanmasındadır. Dinin gücü isə məscidin sükutunda, səcdənin dərinliyində, insan ruhunun təmizliyindədir. Hərəsinin öz yeri var və qarışanda heç biri öz əvvəlki parlaqlığını qorumur. Bunları birbirinə qarışdırmaq mənim fikrimə görə doğru yanaşma deyil”.

İlahiyatçının fikrincə, ən sağlam yol budur ki, dini məkanlar yalnız ibadət üçün nəzərdə tutulmalıdır: “Dövlət rəmzləri  başqa yerlərdə öz şərəfini həmişə qoruyub saxlamalı və yaşamalıdır. Bu balans qorunanda həm din ucalır, həm dövlət güclənir, həm də cəmiyyət rahat nəfəs alır”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-dakı şəxsi səhifəsində Ermənistan Apostol Kilsələrində liturgiyalardan əvvəl dövlət himninin səsləndirilməsi təklifinin səbəbini izah etməyə çalışıb. Baş nazirin sözlərinə görə, kilsələrdə istər girişdə, istərsə də içəridə erməni dövlət bayrağının olması məsələsi də müzakirə mövzusu olmalıdır ki, bu da bir sıra ölkələrdə qəbul olunmuş təcrübədir. Bir neçə gün əvvəl, Paşinyan belə yazmışdı: "301-ci ildə Erməni Apostol Kilsəsi dövlət tərəfindən, dövlət qərarı ilə yaradılıb. Məncə, bazar günü liturgiyalardan əvvəl səhər saat 10:55-də bütün kilsələrdə xor kollektivlərinin Ermənistan Respublikasının dövlət himnini oxuması məqsədəuyğun olardı".

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
bizimyol.info

1Источники