RU

İrandan ŞOK TƏHDİD –  Azərbaycan, Türkiyə və İsrailə qarşı…

Son günlər kibertəhlükəsizlik mənbələrinin yaydığı məlumatlar regionda yeni və təhlükəli bir mərhələnin başlandığını göstərir.

İranla əlaqələndirilən “MuddyWater” haker qrupunun Türkiyə, İsrail və Azərbaycana qarşı yeni kiberhücum kampaniyasına start verməsi təkcə texniki təhlükəsizlik məsələsi deyil, eyni zamanda ciddi geosiyasi siqnaldır. Bu hücumların miqyası və hədəfləri regional güc balansına birbaşa təsir edən faktor kimi dəyərləndirilir.

Xüsusilə hücumların Azərbaycana yönəlməsi Bakı–Tehran münasibətlərinin həssas fonunda əlavə gərginlik riski yaradır.

Diplomatik qurumların və dövlət strukturlarının hədəf alınması isə bu prosesin sırf kiber müstəvidə deyil, siyasi-strateji müstəvidə aparıldığını göstərir. Bütün bunlar İranın regional strategiyasında hansı məqsədləri güddüyü, bu addımların münasibətlərə necə təsir edəcəyi və region ölkələrinin buna hansı formada cavab verəcəyi ilə bağlı ciddi suallar doğurur.

Eyni zamanda baş verənlər Türkiyə, Azərbaycan və digər regional tərəfdaşlar arasında birgə kibertəhlükəsizlik əməkdaşlığının zəruriliyini daha da aktuallaşdırır. Belə bir şəraitdə kiberməkan artıq yalnız texnoloji deyil, həm də siyasi mübarizə meydanına çevrilməkdədir.

Buradan bir neçə sual ortaya çıxır: İranın bu kiberhücum kampaniyası regiondakı geosiyasi balansa necə təsir edir? Hücumların Azərbaycana yönəlməsi Bakı–Tehran münasibətlərində gərginliyi artırırmı? Bundan başqa, bu hadisə region ölkələrinin birgə kibertəhlükəsizlik əməkdaşlığını sürətləndirə bilərmi?

Elçin Xalidbəyli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Elçin Xalidbəyli qeyd edib ki, təbii ki, Tehranın İsraillə yanaşı Türkiyə və Azərbaycanı da hədəfə alması, kiberhücumlar təşkil etməsi onu göstərir ki, İranda aqressiv, eyni zamanda pozucu və təxribatçı xarakterli qüvvələr hələ də güclü mövqelərə malikdir:

“Məsələ ondadır ki, İranın Prezidenti Pezeşkian həm Azərbaycana, həm də Türkiyəyə münasibətdə pozitiv mövqeyini qətiyyən gizlətmir. Onun hakimiyyətə gəlişindən sonra həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərdə prioritetlər tədricən dəyişməyə başlayıb. Bu isə olduqca pozitiv məzmun daşıyır və hətta münasibətlərin fərqli müstəvidə, müsbət istiqamətdə inkişaf edəcəyinə böyük ümidlər yaradır”.

Elçin Xalidbəylinin sözlərinə görə, görünən odur ki, İranda bu proseslərlə barışmaq istəməyən, qonşu dövlətlərlə qarşıdurmanın davam etdirilməsində maraqlı olan qüvvələr hələ də mövcuddur və onların təsiri kifayət qədər güclüdür:

“Bu qüvvələr İranın Azərbaycan və Türkiyə ilə münasibətlərinin müsbət məzmun daşımasına və inkişaf etməsinə əngəl törətməyə çalışırlar. Halbuki, İranın xarici işlər naziri Azərbaycana səfəri çərçivəsində iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini vurğulayan kifayət qədər pozitiv açıqlamalar vermişdi. Bununla paralel olaraq isə məhz İran ərazisindən kiberhücumların baş verməsi belə bir qənaət yaradır ki, İranın dövlət sistemində ziddiyyətli mövqelərə malik qüvvələr mövcuddur və aktiv fəaliyyət göstərir”.

Ekspert qeyd edib ki, ona görə də hesab etmək olar ki, bu, nə Azərbaycanın, nə də Türkiyənin problemidir:

“Bu, ilk növbədə İranın öz daxili problemidir. İranda qonşu ölkələrlə münasibətlərin normal inkişafına əngəl törədən qüvvələrin nəzarətə alınması, eləcə də bu cür kiberhücumların və oxşar addımların qarşısının alınması rəsmi Tehranın üzərinə düşən məsələdir.

Ümid etmək olar ki, Pezeşkian hakimiyyəti — yəni Prezident Pezeşkian və onun hökuməti bu cür neqativ addımların qarşısının alınması istiqamətində konkret addımlar atmağa çalışacaq”.

Избранный
96
nocomment.az

1Источники