RU

DİQQƏT: Bu sürücülər 100 manat cərimələnəcək

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklikdən sonra avtobus zolağına daxil olan sürücülər üçün 100 manat cərimə nəzərdə tutulub. Yeni tələbin tətbiqindən sonra şəhər daxilində maraqlı mənzərə yaranıb – bəzi sürücülər avtobus zolağına girməmək üçün sərnişinləri yolun ortasında düşürür, bu isə ciddi qəza riski yaradır. Maraqlıdır, sərnişini düşürmək üçün avtobus zolağına girən avtomobil sürücüləri də cərimələnəcəklər?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, sürücülərin sərnişin mindirmək və ya düşürmək üçün yolun ikinci zolağında saxlaması qanun pozuntusudur və həmçinin piyadaların həyatına təhlükə yaradır.

Ekspertin sözlərinə görə, sürücülər yalnız qırıq-qırıq xətlə işarələnmiş hissədən avtobus zolağına daxil olub sərnişini mindirə və ya endirə bilərlər:

“Daha sonra qarşıdakı qırıq xəttdən avtobus zolağını tərk etməlidir. Bakı şəhəri ərazisində avtobus zolaqları boyunca yol kənarlarında ayrılmış minmə və düşmə yerlərindən də istifadə etmək mümkündür.”

Cəfərov qeyd edib ki, avtobus zolağına ümumi qaydada daxil olmaq qadağandır. Yalnız qırıq xətt olan hissələrdə manevr etməyə icazə verilir:

“Lüzumsuz şəkildə avtobus zolağı xəttini keçmək və ya kəsmək qanun pozuntusudur. Sürücülər yalnız qırıq xətlərin olduğu yerlərdə avtobus zolağına daxil olub, eyni qaydada da çıxmalıdırlar.”

Beləliklə, sərnişin düşürmək üçün avtobus zolağına qaydalara uyğun olmayan şəkildə daxil olan sürücülər də 100 manatlıq cərimə ilə üzləşə bilərlər.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
39
konkret.az

1Источники