Lerik rayonunun Andurma kəndində bulaq ətrafının heyvan peyini ilə çirkləndirilməsi sakinlərin ciddi narazılığına səbəb olub.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, bir neçə yerli sakin əvvəllər yaylaqda maldarlıqla məşğul olsa da, son vaxtlar kəndə qayıdıblar. Onların kəndə qayıdışı müəyyən problemlərə yol açıb.
Belə ki, həmin şəxslər təsərrüfatlarında olan heyvanların peyinlərini mütəmadi olaraq bulağın yaxınlığına tökürlər. Bu isə kəndi içməli su ilə təmin edən mənbənin çirklənməsi riskini artırır.
Kənd sakini İbiş Köçəriyev bildirir ki, yağışlı günlərdə axar sular peyinin üstündən keçərək bulağa qarışır və suyu istifadəyə yararsız edir.
Kənd bələdiyyəsindən bildirilib ki, sözügedən ərazidəki heyvan tullantıları təmizlənib.
“Həmin şəxslərin təsərrüfatı bulaqdan nisbətən yüksəkdə yerləşdiyi üçün yağışlı havalarda tullantıların su mənbəyinə doğru axmasının qarşısını tam almaq mümkün deyil.
Problemin tam həlli üçün ya təsərrüfat ləğv edilməli, ya da həmin şəxslər ərazidən köçürülməlidir. Lakin ahıl yaşda olmaları səbəbindən bu şəxslərə belə tədbirlərin heç birini tətbiq etmək mümkün deyil”.
