“İranın üç adasına iddia edənlər ərazi bütövlüyümüzü müdafiə etmək əzmimizi sınağa çəkməməlidirlər”.
“Cebheinfo.az” “Mehr”-ə istinadən xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf xəbərdarlıq edib.
Bazar günü parlamentin açıq iclasında çıxış edən və Tələbələr Günü münasibətilə təbriklərini çatdıran Qalibaf müasir İran tarixində tələbələrin "müstəmləkəçi güclərə və diktatorlara qarşı mübarizədə sosial liderlər" olduğunu söyləyib.
Qalibaf İranın Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı son yenidən irəli sürülən iddiaları qətiyyətlə pisləyib.
O, “tez-tez digər ölkələrin təsiri altında irəli sürülən bu cür əsassız və absurd iddiaların ərazi bütövlüyünə hörmət və mehriban qonşuluq prinsipləri ilə uyğunsuz olduğunu” deyib.
O, regional qonşulara İran xalqının ərazi bütövlüyünü və İranın ayrılmaz hissəsi adlandırdığı Fars körfəzi adalarını müdafiə etmək iradəsini sınamamağı tövsiyə edib:
“İran həmişə sabitliyə, sülhə və mehriban qonşuluq prinsiplərinə sadiq qalmağa çalışıb və qonşularından da eyni şeyi gözləyir”.