RU

Biləsuvarda qanunsuz addım: AYMX magistralda maşın saxlada bilər? – VİDEO

Biləsuvar rayonunda, Bəhramtəpə istiqamətində çəkilmiş və sosial şəbəkələrdə sürətlə yayılan görüntülər ictimaiyyətdə ciddi narazılığa səbəb olub.

Kadrlardan görünür ki, Avtomobil Yollarının Mühafizəsi Xidmətinə (AYMX) məxsus xidməti avtomobil magistralın hərəkət hissəsində yük maşınının qarşısında dayanaraq yolu tam kəsir və sürücüdən sənəd tələb edir. Hadisə baş verən yol sahəsində sürət həddinin 90–100 km/saat olması, həmçinin hər iki istiqamətdə nəqliyyatın intensiv hərəkəti fonunda bu davranış sosial media istifadəçiləri tərəfindən ciddi təhlükə kimi qiymətləndirilib. Şikayətçi sürücü bildirib ki, AYMX əməkdaşları heç bir xəbərdarlıq nişanı quraşdırmadan, dayanma barədə xüsusi işarə vermədən yalnız avtomobilin sarı yanıb-sönən işığını yandırmaqla yolu bağlayıb. Onun sözlərinə görə, bu, arxadan gələn sürücülər üçün qəfil təhlükəli situasiya yaradıb və yüksək sürətli hərəkət şəraitində qəza ehtimalını artırıb. Sürücü bunu “qəza törədilməsinə səbəb ola biləcək, cinayət xarakterli hərəkət” kimi qiymətləndirib və qeyd edib ki, yolun bu şəkildə kəsilməsi qanunvericiliyə uyğun deyil.

Hazırda hadisənin səbəbləri və AYMX əməkdaşlarının həmin yerdə hansı məqsədlə belə addım atması barədə rəsmi açıqlama verilməyib, lakin görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunur və ictimai narahatlıq davam edir.

Eldəniz Cəfərov

Məsələni NOCOMMENT.az-a şərh edən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, görüntülərdə əks olunan davranış yol hərəkəti təhlükəsizliyi baxımından ciddi pozuntu kimi dəyərləndirilə bilər.

Onun sözlərinə görə, Avtomobil Yollarının Mühafizəsi Xidməti yolun mühafizəsi, infrastrukturun qorunması və texniki təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə məşğuldur, lakin hərəkətdə olan nəqliyyat vasitəsini saxlayaraq sürücüdən sənəd tələb etmək funksiyası yoxdur:

“Yolun hərəkət zolağında dayanaraq nəqliyyat vasitəsinin qarşısını kəsmək yalnız Yol Patrul Xidmətinin səlahiyyətidir və bu, xüsusi qaydalar çərçivəsində — təhlükəsizlik məsafəsi, nişanlanma, siqnalizasiya tədbirləri və xidmət avtomobilinin düzgün mövqeyi nəzərə alınaraq həyata keçirilə bilər. AYMX əməkdaşları yalnız yolun texniki xidmət məqsədilə məhdudlaşdırılmasına və ya təmir-təxirəsalma işlərinə nəzarət edə, lakin nəqliyyat vasitələrini yoxlamaq və sənəd tələb etmək səlahiyyəti daşımır”

Eldəniz Cəfərov əlavə edib ki, hərəkətdə olan avtomobili xəbərdarlıq nişanları olmadan, yüksək sürətli magistralda qəfil dayandırmaq təhlükəsizlik qaydalarının ən ciddi şəkildə pozulması deməkdir:

“Bu cür vəziyyətlər arxadan gələn sürücülərin reaksiya verə bilməməsi səbəbindən zəncirvari qəzalar yarada bilər. Əgər yayılan görüntülər araşdırma ilə təsdiq olunarsa, bu, həm səlahiyyət həddinin aşılması, həm də yol hərəkəti qaydalarının pozulması kimi qiymətləndirilə bilər və məsuliyyət doğurur. Belə halların təkrarlanmaması üçün AYMX əməkdaşlarının fəaliyyət səlahiyyətləri barədə əlavə izahatların verilməsi, xidməti təlimatların yenidən nəzərdən keçirilməsi və əməkdaşların təhlükəsizlik protokolları üzrə maarifləndirilməsi vacibdir”.

Ekspertin sözlərinə görə, əsas məqsəd nəqliyyat təhlükəsizliyinin qorunmasıdır:

“İstər sürücülər, istər xidmət əməkdaşları qanunvericiliyin tələblərinə uyğun davranmalıdır. Yolda məsuliyyətsiz dayanma, xüsusilə magistral yollarda qəfil manevr və hərəkətə müdaxilə ciddi nəticələrlə nəticələnə bilər.

Bu səbəbdən mövcud görüntülər mütləq araşdırılmalı, məsələ aydınlaşdırılmalı və gələcəkdə oxşar olayların qarşısı alınmalıdır”.

Избранный
125
45
nocomment.az

10Источники