RU

Gürcüstanlı ekspert: Manipulyativ informasiya kampaniyaları region üçün strateji təhdidə çevrilib

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycan və Gürcüstan eyni informasiya təhdidləri ilə üz-üzədir. Xüsusilə son illərdə hər iki ölkədə dezinformasiya kampaniyalarının miqyası sürətlə genişlənir. Artıq proses tək-tək xəbərlərin manipulyasiyası səviyyəsindən çıxaraq, ictimai rəyin sistemli şəkildə formalaşdırılması üçün istifadə olunan təhlükəli alətə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində keçirilən “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzulu panel sessiyada Gürcüstanın “Eurocracy - Former Europe” proqramının aparıcısı İoane Şaişmelaşvili deyib.

O qeyd edib ki, Gürcüstanda son illərin siyasi prosesləri ilə bağlı yayılan məlumatların əksəriyyətinin dezinformasiya hədəfi olması bunun açıq şəkildə sübutudur. Bizim televiziya qurumlarımız bu istiqamətdə illərdir mübarizə aparır və kifayət qədər təcrübə toplayıb. Lakin görünən odur ki, dezinformasiya kampaniyasının miqyası getdikcə daha da böyüyür, mövzular genişlənir və məqsədlər daha koordinasiyalı xarakter alır.

“Daha narahatedici məqam odur ki, artıq medianın bütün növlərində - televiziyada, sosial şəbəkələrdə, onlayn platformalarda, hətta regional xəbər mənbələrində belə bu təsiri açıq şəkildə görürük. Təhlükənin miqyası yalnız informasiya sahəsi ilə məhdudlaşmır. Bu, milli təhlükəsizlik məsələsinə, dövlətin sabitliyinin qorunmasına, ictimai etimadın saxlanılmasına birbaşa təsir göstərən problemə çevrilib. Radikal qrupların, siyasi maraq daşıyıcılarının, manipulyativ şəbəkələrin hazırladığı saxta məlumatlar, təxribat xarakterli xəbər axınları artıq cəmiyyətin düzgün məlumatlandırılmasını ciddi şəkildə təhdid edir. İş o yerə çatıb ki, siyasi qərəzlə formalaşdırılan informasiyalar təkcə ictimai rəyə təsir etmir, həm də dövlətin idarəçilik proseslərinə, ölkənin beynəlxalq nüfuzuna zərbə vurmaq məqsədi daşıyır.

Düşünürəm ki, hər iki ölkə üçün hədəf eyni olmalıdır. Belə ki, bu, informasiya təhlükəsizliyi sahəsində müdafiə mexanizmlərinin gücləndirilməsi, saxta xəbərlərin yayılma sürətini azaltmaq üçün media savadlılığının artırılması, süni intellekt vasitəsilə istehsal olunan manipulyativ kontentin tanınması və zərərsizləşdirilməsi üzrə yeni metodların tətbiqidir. Çünki cəmiyyətin doğru məlumatlandırılması bu gün milli məsələ, təhlükəsizlik prioriteti və strateji istiqamət kimi dəyərləndirilməlidir”, - deyə İoane Şaişmelaşvili vurğulayıb.

Избранный
51
azertag.az

1Источники