RU

Avrokomissiya Rusiyanın 210 mlrd avroluq aktivlərini müsadirə etmək üçün fövqəladə səlahiyyətlər istəyib

AK Ukraynaya reparasiya krediti planına Belçikanın təkid etdiyi şərtləri daxil etdi, lakin hüquqi mexanizm hələ Brüsseli qane etmir…

Poliqon xəbər verir ki, Avropa Komissiyası Ukraynaya böyük həcmli reparasiya krediti ayırmaq üçün yeni mexanizm hazırlayıb və bu mexanizmə Rusiyanın yalnız Euroclear-da deyil, digər Aİ ölkələrində dondurulmuş aktivlərini də daxil edib. Bu barədə Politico EK sənədinə istinadən məlumat yayıb.

Plana əsasən, Aİ 210 milyard avroya qədər kredit ayırmağı nəzərdə tutur. Bunun 140 milyard avrosu Belçikanın Euroclear depozitarında Bank Rossiyaya məxsus dondurulmuş vəsaitlərin faiz gəlirlərindən formalaşır. Qalan məbləğ Aİ-nin digər ölkələrində bank hesablarında dondurulmuş rus aktivləridir.

Avrokomissiyanın planına görə:

115 milyard avro Ukraynanın müdafiə sənayesinin maliyyələşdirilməsinə yönəldiləcək;

95 milyard avro isə Kiyevin “Böyük yeddilik” ölkələrindən aldığı kreditlərin ödənməsi və büdcə ehtiyacları üçün istifadə olunacaq;

Vəsaitin 45 milyard avrosu Qərbin daha əvvəl Kiyevə verdiyi girov kreditlərinin qapanmasına gedəcək,

50 milyard avro isə birbaşa büdcə dəstəyinə ayrılacaq.

Ən mühüm yenilik ondan ibarətdir ki, aktivlərin müsadirəsi Aİ Şurasında yekdil səsvermə tələb etməyəcək, qərar “ixtisaslı çoxluqla” qəbul ediləcək. Bu isə Macarıstanın potensial vetosunu neytrallaşdırmaq üçün nəzərdə tutulub. EK eyni zamanda Rusiyaya məxsus dondurulmuş vəsaitlərin geri qaytarılmasını və Aİ daxilində Rusiya məhkəmələrinin qərarlarının icrasını “müvəqqəti olaraq” qadağan etməyi təklif edir.

Komissiya bu addımı Aİ müqavilələrində nəzərdə tutulan “fövqəladə tədbirlər” maddəsi ilə əsaslandırır və Rusiyanın Ukraynada apardığı müharibənin Avropa üçün yaratdığı “iqtisadi çətinliklərə” cavab kimi təqdim edir.

Belçikanın narahatlığı

Belçika hökuməti aktivlərin müsadirə mexanizminin hüquqi təhlükəsizliyinə dair tələblər irəli sürüb. Brüsselin əsas qorxusu odur ki, gələcəkdə sanksiyaların qaldırılması və ya Rusiyanın məhkəmə qalibiyyəti halında Belçika Euroclear vasitəsilə müsadirə edilmiş pulları dərhal qaytarmaq öhdəliyi ilə üzləşə bilər.

Belçikanın xarici işlər naziri Maksim Prevo AK-nin təklif olunan mətninin hələ də onları qane etmədiyini bildirib.

“Bizim narahatlıqlarımız lazımi qədər nəzərə alınmır. Danışıqlara açığıq, amma özümüzü eşidilməmiş hiss edirik”, deyə nazir vurğulayıb.

Belçika alternativ olaraq Aİ-nin birbaşa kredit götürüb Ukraynaya verməsini təklif edir. EK planına bu variantın 90 milyard avroluq avro-tahvil emissiyası formasında əlavə edildiyi bildirilir.

Aİ daxilində mövqelərin bölünməsi

Almaniya Bundestaqının xarici siyasət üzrə rəsmisi Yohann Vadeful bildirib ki, risklər olsa da, “dondurulmuş aktivlərin istifadəsi əsas variant olaraq qalır” və Belçikanın narahatlıqlarını həll etmək olar.

Avropa Komissiyasının bu addımı Aİ-nin Ukraynaya maliyyə dəstəyinin növbəti mərhələsini formalaşdırır və Rusiyanın dondurulmuş aktivlərinin taleyi ilə bağlı ən radikal planlardan biri hesab olunur.

Poliqon.info

Избранный
49
poliqon.info

1Источники