RU

İran qatarları Naxçıvan üzərindən İrəvana yük aparacaq...


Firdovsi Şahbazov: “Bunun qarşılığında İrəvan da kommunikasiya xətlərini açmalıdır”

İran Naxçıvandan keçən dəmir yolu ilə yüklərin daşınmasına başlamağa çalışır. Bunu “İran Dəmir Yolları”nın rəhbəri Cabbar Əli Zakeri bildirib.

O qeyd edib ki, hazırda İranın dəmir yolları şəbəkəsinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirilməsi üzrə iş gedir: “Bu gün biz MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının kuluarlarında "Cənubi Qafqaz Dəmir Yolları" QSC-nin nümayəndələri ilə danışıqlar aparmışıq ki, İrandan Ermənistana gedən yüklərin bir qismi Naxçıvan vasitəsilə tədarük olunsun. Bununla Naxçıvandakı dəmir yolu işə düşəcək. Bunun qısa zamanda həyata keçirilməsi üçün çalışırıq”.

Məlumat üçün qeyd edək ki, noyabrın əvvəlində Azərbaycan ərazisindən tranzit keçməklə 1 048,8 ton Qazaxıstan taxılı ilə yüklənən 15 vaqon Ermənistana göndərilib. Yük Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə daşınıb. O cümlədən, Rusiya taxılı bu marşrut vasitəsi ilə Ermənistana daşınıb. Görünən odur ki, İran da Naxçıvan üzərindən Azərbaycanın dəmir yol şəbəkəsi vasitəsi ilə Ermənistana yük daşımaq istəyir. Maraqlıdır, Zəngəzur dəhlizi açılmamış Azərbaycan buna gedərmi?

“Zəngəzur dəhlizi açılmadan İranın Naxçıvan üzərindən Ermənistanla dəmir yolu əlaqəsi qurması real deyil”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bunu istisna etdi: “Azərbaycanın xoşməramlı siyasət yeridərək Qazaxıstan və Rusiya taxılının dəmir yolu ilə Ermənistana keçməsinə şərait yaratması o demək deyil ki, bu hər zaman birtərəfli olacaq. O cümlədən, İran da eyni qaydada Naxçıvan üzərindən Ermənistanla dəmir yolu əlaqəsi quracaq. Təbii ki, yox. Bunun qarşılığında İrəvan da kommunikasiya xətlərini açmalıdır. Düzdür, cavab olaraq Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana və əks istiqamətdə yük daşımaları üçün Gorus marşrutunu təklif edib. Paşinyanın təklifinə görə, Alichan-Yexeqnadzor-Sissian-Gorus yolu istifadə oluna bilər. Lakin bu marşrutun işə düşməsi üçün həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan sərhəd keçidlərinin açılması tələb olunur. Üstəlik, bu yol çox uzundur. Ona görə də ən əlverişli variant Zəngəzurdan keçən 42 kilometrlik yolun açılmasıdır. Məlum olduğu kimi, Zəngəzurdan keçən dəmir yolunun bərpası vaxt aparacaq. Ancaq avtomobil yolu barəsində bunu demək doğru olmaz. Yəni qısa müddətdə avtomobil yolunu təmir edib istismara vermək mümkündür. Belə olduqda İran Naxçıvan vasitəsi ilə Ermənistanla dəmir yolu əlaqəsi qura bilər. Ona görə də hesab edirəm ki, Zəngəzur dəhlizi açılmadan İranın Naxçıvan üzərindən Ermənistanla dəmir yolu əlaqəsi qurması real deyil”.

Vidadi ORDAHALLI

Избранный
19
baki-xeber.com

1Источники