RU

Moskva yeni sülh təklifini qəbuledilməz sayacaq – Alman diplomat

Moskva yeni sülh planını qəbuledilməz elan edəcək. Alman diplomat Vladimir Putinin müharibəni dayandırmaq niyyətində olmadığını və əsl məqsədinin Qərbi parçalamaq olduğunu bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb. 

Münxen Təhlükəsizlik Konfransının keçmiş sədri, təcrübəli alman diplomat Volfqanq İşinger nəşrə açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin müharibəni dayandırmağı düşünmür.

Diplomatın fikrincə, “sülh planı” ətrafındakı müzakirələr Putinə sadəcə Qərbi parçalamaq üçün lazımdır.

“Rusiya Federasiyasının Şərqi Ukraynada tədricən hərbi irəliləyişini nəzərə alaraq, onun hazırda sülh planının tətbiqində, atəşkəsdə və ya əsl sülhdə maraqlı olduğuna ciddi şübhələrim var”, – İşinger qeyd edib.

Diplomat proqnozlaşdırır ki, Putin sülh planı ətrafındakı müzakirələri öz xeyrinə çevirməyə çalışacaq:

“Qorxuram ki, bu sülh planı ilə bağlı hazırkı xaos, Avropa və Ukraynanın onu təkmilləşdirmək cəhdləri Rusiyanın hesablamalarına uyğundur. Moskva planın yeni redaksiyasını tamamilə qəbuledilməz elan edəcək və günahı avropalıların üzərinə atacaq. Məqsəd transatlantik gərginliyi artırmaq, NATO daxilində inamı sarsıtmaq və Aİ ilə Ukrayna arasındakı münasibətləri ciddi şəkildə korlamaqdır. Rusiyanın planı sülh yox, parçalanma planıdır”.

Bundan əlavə, İşinger avropalıları Rusiyaya böyük güzəştlər ehtiva edən planı qəbul etməkdən çəkindirib:

“Əgər biz Avropada sərhədlərin hərbi yolla dəyişdirilməsini qəti şəkildə istisna etməyən sülh planını qəbul etsək, o zaman Avropa təhlükəsizliyinin sıfır nöqtəsində olacağıq”.

Diplomatın fikrincə, Kreml üçün məsələ təkcə Ukrayna deyil:

“Söhbət həmişə bütün Avropadan və Rusiyanın tamamilə qurtulmaq istədiyi ABŞ-nin Avropadakı hərbi mövcudluğundan gedib”.

Xuraman Etibarlı

İnterpress.az


Избранный
11
interpress.az

1Источники