RU

Kəlbəcər Şəhəri Günü qeyd edilib, atəşfəşanlıq olacaq - FOTO - YENİLƏNİB

Bu gün işğaldan azad olunduqdan sonra Kəlbəcərdə ilk dəfə Kəlbəcər Şəhəri Günü keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, tədbir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Şəhər gününün qeyd edilməsi Kəlbəcərin zəngin mədəniyyətinin təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, illərlə həsrət qaldıqları yurdun yenidən canlanmasını görən və doğma torpaqlarına geri qayıtmış sakinlər üçün həm rəmzi, həm də dərin mənəvi məna daşıyır.

Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Uşaqlar üçün təşkil edilən mədəni proqram və Gəncə Dövlət Teatrının “Tıq-tıq xanım” tamaşası onların marağına səbəb olmaqla yanaşı, tədbirə xüsusi rəng qatıb.

Şəhər ərazisində qurulan sərgi zonasında “Kəlbəcər – obyektivdən tarixə” fotosərgisi, “Kəlbəcərin palitrası” adlı rəsm sərgisi, rəssamların iştirakı ilə keçirilən ustad dərsləri, eləcə də bölgənin qədim aşıq sənətini təmsil edən aşıqların ustad dərsləri ziyarətçilərə təqdim olunub.

Şəhər Günündə ictimai-siyasi xadimlər, Kəlbəcər ziyalıları, hərbiçilər və mədəniyyət xadimləri Kəlbəcərin yenidən qurulan ictimai-mədəni həyatına həmrəylik və dəstək nümayiş etdiriblər.

Bayram çərçivəsində ziyarətçilər üçün qida və istirahət guşəsi fəaliyyət göstərib. Burada qonaqlara Kəlbəcərin milli təamları, bölgənin dağ bitkilərindən dəmlənmiş çayları və keyfiyyəti ilə seçilən Kəlbəcər balı təqdim olunub.

Tədbirlər planına uyğun olaraq günün sonunda konsert proqramı, atəşfəşanlıq və müasir lazer şousu təşkil ediləcək.

Qeyd edək ki, tədbirin gələcək illərdə də ənənəvi təşkili nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr - Kəlbəcər Şəhəri Günü qeyd edilir.

***

13:41

Kəlbəcər Şəhəri Günü qeyd olunur.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Kəlbəcər şəhər meydanında fotosərgi təşkil edilib.

"Kəlbəcər Obyektivdən Tarixə" adlı fotosərgidə sərgilənən şəkillərdə əsasən işğal dönəmi və işğaldan sonrakı inkişafı əks etdirən kadrlar öz əksini tapıb.

Qeyd edək ki, bu gün Kəlbəcər şəhər günü ilə əlaqədar olaraq tamaşa nümayiş olunacaq. Daha sonra konsert proqramı, günün sonunda isə atəşfəşanlıq nəzərdə tutulur.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 25 noyabr – Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Kəlbəcər Kəlbəcər Kəlbəcər Kəlbəcər Kəlbəcər Kəlbəcər Kəlbəcər
Избранный
49
9
apa.az

10Источники