RU

İyli qatarda səyahət

Təsadüfən bu yazının dərci 25 noyabra təsadüf edəcək. Düz 25 il bundan qabaq məhz 25 noyabr axşamı bütün Bakı camaatı küçələrə axışmışdı. Son 100 ildə Abşeron yarımadasındakı ən güclü zəlzələlərdən biri olmuşdu. 7 bala yaxın gücdə. Sadəcə, bəxtimiz gətirmişdi ki, zəlzələ çox qısa, 22 saniyə çəkmişdi, episentri isə dənizdə idi.

O günü yada salmağımın mənası var. Son günlər tikintilərdə qəzaları, yanğınları, uçqunları görəndə istər-istəməz fikirləşirəm: “Nə yaxşı o zəlzələ indi olmur”. Çünki həmin vaxt Bakıda cəmi 2-3 göydələn tipli yeni bina tikilmişdi, qalanları hamısı Sovetdən və Çar dövründən qalma tikililər idi. Həmin tikililər 6-7 bal zəlzələyə dözdülər, bəs 2025-ci ildən sonra tikilənlərin dözümü neçə olacaq? Hələ təkan yoxdur, balkonlar uçur, ara divarlar dağılırsa, təkan olsa bəs?..

Dünən Nərimanov rayonunda qaz partlayışından sonra binadakı ofisin müdiri deyirdi ki, bizim göydələnə qaz çəkilməyib, yaxından torpağın altı ilə iri qaz borusu keçir, oradan sızma olub. Şəhərin içində böyük qaz kəmərini torpağın altı ilə o şəkildə çəkmək kimin ağlına gəlib?

Maşallah, camaat bütün dünyada evdə yandırmağa qaz tapmır, bizdə isə o qədər çoxdur, ofislərə sızdırıb havaya uçururuq. Araşdırma aparılacaq, məlum olacaq bütün qaz xətlərinin istismar qaydalarına əməl olunub, təhlükəsizliyə cavabdeh yoldaş dəftərinə qol çəkdirib, fövqəladə hallardan siçan-pişik idarəsinə, təhsildən mədəniyyətə, Jek müəllimdən Bələdiyyə bəyə qədər hər yerdən müvafiq sənədlər, arayışlar, qəbzlər vaxtlı-vaxtında alınıb, qovluğa tikilib, şkafa qoyulub. Hətta istəsən partlayan ofisdə yerə dağılan kağız-kuğuzun içindən həmin arayışların surətini də taparsan.

Binəqədidə yüksək gərginlikli elektrik xətti 4 gəncin ölümünə səbəb olan gün fikirləşdim: axı elə xətləri açıq havada, şəhərdə çəkmək faktiki ölümcül tələlər qurmaq kimi bir şeydir. İzolyasiya edib yeraltı çəkmək olardı. Amma bizdə tərsinədir. Qazı torpağın altı ilə, elektriki isə üstündə çəkirlər. Bir tanış həmin axşam yaxınlıqdakı məktəbin hasarı üzərindən uzanan yüksək gərginlikli xətti mənə göstərib dedi: “Bax, ağacın budaqlarını belə qurudub”.

Yüksək gərginlikli elektrik xətlərini hava ilə yox, yeraltı kabellə ötürməyə niyə həvəsli deyillər, onun səbəbini bilirsinizmi? Bir qədər bahadır. Vəssalam. Nəticədə xətləri havada çəkib bizə ucuz ölüm yaradırlar.

İndi yaşadığım küçədə azı 15 ildir kanalizasiya xətti aşıb-daşır, hər yan iylənir, di gəl bunu düzəltdirmək mümkün olmur. Arada İlon Mask Marsda kanalizasiya xətti çəkəcək, bizim küçəyə əlac edən isə yoxdur. Bir nəfər var, ömrü boyu qəzet oxumayıb və qəzetə heç Sovetin vaxtında 3 qəpik də xərci çıxmayıb, ancaq məni hər görəndə deyir: “Bunu qəzetində yaz” (ona görə rahatlıqla yazıram, bilirəm heç bunu da oxumayacaq). Guya mən yazan kimi su idarəsi qaça-qaça gəlib deşiyə paz tıxayacaq, küçəmizdən də qızılgül iyi gələcək. Sanki biz Niderlandda-zadda yaşayırıq. Heç istəmirik də. Orada küçə təmizdir, ancaq kişilərin kişilərlə evlənməyə icazəsi var. Biz nəcis içində yaşamağa razıyıq, milli dəyərlərimizi itirməyə isə hayır!

Üstəlik, yüz metr aralıda dəmiryolu vağzalının ərazisində kanalizasiya sularından yekə bir “Gö.göl” yaranıb, elə keçəl bir dərman bilsə öncə onu qayırardı... Hökumət öz vağzalını təmiz saxlaya bilmirsə, bizim qotur küçəmiz nəyinə lazımdır? Bakının bütün dəmiryolu qonaqlarını ilk olaraq həmin iylənmiş sular qarşılayır.     

Nobelli Kolumbiya yazıçısı Qabriel Qarsia Markes gəncliyində, 1957-ci ildə SSRİ-yə gəlib, səfər təəssüratlarını “SSRİ - Koka-Kola reklamı olmayan 22 milyon 400 min kvadrat kilometr” adlı essedə qələmə alıb. Oradan bir tragikomik epizod yadıma düşdü. Markes yazır ki, gecə qatarımız dözülməz üfunət, çürüntü iyi ilə doldu, qaranlıqda bunun haradan gəldiyini də tapa bilmədik. Heç qatardakı ruslar da iyin haradan gəldiyini bilməyib.

Qatar həmin qatardır.

Избранный
39
10
musavat.com

10Источники