RU

İlham Əliyev türk dövlətlərini daha iddialı məqsədlər ortaya qoymağa çağırdı - TƏHLİL

Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirildi.

Tədbirin "Gülüstan" sarayında təşkil olunması bu təşəbbüsə dövlətimizin və vətəndaş cəmiyyətimizin verdiyi önəmi ən bariz şəkildə ortaya qoyur.

Forumun açılışında Prezidentin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev tribunadan dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirdi.

Hikmət Hacıyev bildirdi ki, indiyədək türk dövlətləri arasında 34 fərqli əməkdaşlıq formatı mövcud olsa da, bu səviyyədə QHT-lər arasında bu səviyyədə tərəfdaşlıq platforması olmayıb.

Bu açıqlamada da qeyd olunduğu kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu Türk dünyasının inteqrasiya prosesində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Təkcə dövlətlərarası siyasi əməkdaşlıq deyil, cəmiyyətlərin bir-birinə yaxınlaşması, ictimai diplomatiyanın güclənməsi və vətəndaş cəmiyyəti xəttinin vahid platformada birləşməsi bu tədbiri strateji hadisəyə çevirir. Bu forum TDT-nin gələcək institutlaşma xəttində QHT sektorunu artıq mühüm aktor kimi tanıdır və təşkilat daxilində sosial, humanitar və ictimai koordinasiyanın gücləndirilməsi üçün yeni imkanlar yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətində bir nüans xüsusi diqqətimi çəkdi:

“Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.”

Zənnimcə, bu çağırış bir tərəfdən Türk dünyasının mövcud imkanlarının qiymətləndirilməsi, digər tərəfdən isə gələcək mərhələnin intellektual konturlarının müəyyənləşdirilməsi baxımından prinsipial əhəmiyyət daşıyır.

Türk dövlətlərinin artan potensialı mədəni bağlarla məhdudlaşan ənənəvi əməkdaşlıqdan strateji güc mərkəzinə doğru keçidi sürətləndirir. Enerji, nəqliyyat, müdafiə sənayesi, rəqəmsal iqtisadiyyat və logistika sahələrində yüksələn imkanlar TDT-nin artıq yalnız regional platforma deyil, qlobal oyunçuya çevrilməsinə zəmin yaradır.

Bu səbəbdən Prezidentin vurğuladığı “iddialı məqsədlər” ifadəsi həm obyektiv reallığa, həm də siyasi iradəyə söykənir.

Türk soylu dövlətlərin ayrı-ayrılıqda təsir gücü kifayət qədərdır, amma birlikdə onların yaratdığı snerji çoxqütblü beynəlxalq sistemdə yeni güc mərkəzinin yaranmasına səbəb ola bilər. Bu isə planlaşdırmanı, koordinasiyanı və institusional çevikliyi daha vacib edir.

Məhz buna görə “çevik mexanizmlər” çağırışı TDT-nin yalnız qərar qəbul edən deyil, qərarı icra edən dinamik platformaya çevrilməsini zəruri edir. Böhran zamanlarında operativ reaksiya, qısa müddətdə koordinasiya və vahid mövqe formalaşdırmaq üçün yeni strukturlara, daha çevik əməkdaşlıq modellərinə ehtiyac yaranır. TDT-nin gələcək mərhələsi məhz bu operativlik üzərində qurulmalıdır. Əks halda təşkilat gücünü tam reallaşdıra bilməz.

Избранный
50
aznews.az

1Источники