RU

Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb

Bakı, 24 noyabr, AZƏRTAC

ABŞ-nin Mayami şəhərində yerləşən Florida Beynəlxalq Universitetinin Yəhudi muzeyində Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunan tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycanda dünyaya gələn amerikalı musiqiçi, bəstəkar, yazıçı Ella Leyanın təşkilatçılığı ilə baş tutub.

Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxış edərək sülhsevər xalqımızın qədim tarixə və mədəniyyətə malik olduğunu, ölkəmizdə çoxsaylı etnik qrupların bərabər hüquqlarla birlikdə yaşadığını xatırladıb. Komitənin fərqli mədəniyyətlər arasında körpü rolunu gücləndirərək soydaşlarımızın yaşadıqları ölkələrin, eləcə də Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirakını hər zaman dəstəklədiyini bildirib. Xalqımızın şanlı Zəfər tarixindən və bu yolda həmrəyliyindən danışıb.

Tədbirin təşəbbüskarı, “Leylanın Skripkası” filminin müəllifi və prodüseri, “Kimsəsiz səma” kitabının müəllifi, bir sıra Hollivud filmlərində musiqilər ifa edən soydaşımız Ella Leya uşaqlıq və gənclik illərinin Bakı ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. Monakoda keçirilən kinofestivalda mükafat qazanan “Leylanın Skripkası” filminin Qubada və Bakıda aparılan çəkilişlərindən söz açıb.

Culliard Musiqi Məktəbinə qəbul olunan ilk azərbaycanlı skripkaçı, dünyanın 40-dan artıq ölkəsində səhnəyə çıxan mədəniyyət elçisi və tədqiqatçı Səbinə Rakçeyeva mədəniyyətlərarası körpülərin qurulmasında musiqinin birləşdirici rolunu vurğulayıb. Vətəni Azərbaycanın zəngin mədəniyyətindən bəhs edib. O, Azərbaycan musiqiləri ilə yanaşı, ölkəmizdə yaşayan dağ yəhudilərinin əsərlərindən parçalar səsləndirib.

Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova tədbir iştirakçılarına Floridada Azərbaycan icmasının fəaliyyəti ilə bağlı məlumat verib.

Florida Universitetinin professoru Tyudor Parfit çıxışında Azərbaycanda birgə yaşayış ənənələri barədə faktları və fikirlərini diqqətə çatdırıb.

Yəhudi muzeyinin maarifləndirmə, tədqiqat və əməkdaşlıq proqramları üzrə məsul şəxsi Boaz Levi Azərbaycanın tanıdılması üçün bu görüşün yaratdığı imkanları yüksək qiymətləndirib. Muzeyin icraçı direktoru Syuzan Qledston Pasternak isə bu tədbirdə Azərbaycan haqqında yeni məlumatlar öyrəndiyini və belə görüşlərin Amerika ictimaiyyəti üçün çox faydalı olduğunu söyləyib.

Sonra “Leylanın Skripkası” filmi nümayiş olunub və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri mövzusunda müzakirələr Mayami Universitetində növbəti gün də davam etdirilib. Ella Leya və Universitetinin dini tədqiqatlar üzrə professoru Henri Qrin tələbələrə Azərbaycan və onun sosial-mədəni həyatı, multikultural ənənələri ilə bağlı məruzə oxuyublar.

Избранный
79
2
azertag.az

3Источники