BAKI, 24 noyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stipraisi qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Prezident görüşdə Qazaxıstanın əsas və etibarlı tərəfdaşlarından biri olan Avropa İttifaqı ilə çoxşaxəli inteqrasiyanın daha da gücləndirilməsinin vacibliyini bildirib.
Tokayev 10 il əvvəl qəbul edilmiş Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini ikitərəfli münasibətlərdə mühüm mərhələ hesab edir.
Dövlət başçısı Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında fəal və konstruktiv dialoqu yüksək qiymətləndirib.
Eduards Stiprais Avropa İttifaqının Qazaxıstanla əməkdaşlığı daha da dərinləşdirməyə sadiq olduğunu bəyan edib və ikitərəfli və regional gündəmdə inteqrasiya tempinin bundan sonra da artacağına əminliyini bildirib.