İlin-günün bu vaxtında, əcnəbi süni intellekt məhsulu olan robotlarla dünyanı xilas edəcəyinin anonsunu verəndə biz hələ də çoxmərtəbəli binada baş verən yanğına görə insanımızı itiririk. Ölkənin ucqarı-filanı deyil, paytaxtın qamışlıq adlandırılan ərazisi də deyil. Yasamalda, binaların boy-boy düzüldüyü, evin kvadratmetrinin az qala 3 min manata yüksəldiyi bu rayonumuzda bina tikiblər, camaatı köçürüblər, yanğın çıxıb və artıq 3 nəfər dünyasını dəyişib. Xəstəxanada ölüm-dirim savaşı verənlərdən isə danışmıram hələ. Allah özü kömək olsun.
İndi açıqlamalara baxıram. Sakinlər deyir, baş verənlərə görə binanın zirzəmisindəki restoran günahkardır. Çünki o boyda binanın yalnız bir giriş-çıxışı olub. Sakinlərin dediyinə əsasən, digər qapı “Loft” restoranı tərəfindən nəzarətə götürülərək qapadılıb. Hətta daha öncə binanın işçisi restorandan o giriş-çıxışın açarını istəyib, döyüb qaytarıblar geri. İş məhkəməyə düşüb, qırğın-qiyamət, axırda restoranla döyülən barışıb. Əslində isə barışmamalı idi, elə bu məsələ o vaxt qalmaqala çevrilməliydi. Birinin burnunun davada sınması 3 nəfərin ölməsindən, onlarla şəxsin xəstəxanaya düşməsindən daha az itki sayıla bilərdi. Restoran sahibinin açıqlamasını da dinlədim. Elə izahatlar verir, elə əsaslandırmalar gətirir, az qalırsan deyəsən ki, “günah öləndə idi. Niyə tüstüdən boğulurdu axı? Pəncərəni açıb, nəfəs alaydı da...” Açıqlamaya diqqət: “Mən həmin obyektləri 2023-cü ildən icarəyə vermişəm. Həm “Loft Restoranı”, həm də “Loft Dent” klinikası kimi fəaliyyət göstərir. Təmir zamanı “Azərişıq”dan 160 kV-lıq əlavə texniki şərt almışıq. Bu isə o deməkdir ki, obyektlər binanın ümumi elektrik xəttinə qoşulmayıb, hər birinə ayrıca xətt çəkilib”.
Bu sözləri Yasamalda yanan binadakı obyektin sahibi Vüqar Abbasov “İctimai TV”ə deyib.
O bildirib ki, əgər yanğın baş veribsə, bu obyektlərin biri digərinə cavabdeh deyil:
“Əgər mənim obyektimdə baş veribsə, qonşu obyektin məsuliyyəti yoxdur və əksinə. Lazımi sənədləri aidiyyəti qurumlara təqdim etmişik, istənilən ekspertiza və yoxlamaya da açığıq. Restoranın ümumi elektrik istifadəsi maksimum 20-30 kV təşkil edir. Halbuki bizə verilmiş texniki şərt 160 kV-lıqdır. İstiliyin tüstülənmə yaratması üçün gərginlik bu həddi aşmalıdır. Sadəcə olaraq, bizim elektrik şitimiz binanın şaxtasının altında yerləşirdi. Yanğın da həmin şaxtada baş verdiyindən ərimiş materiallar bizim şitin üzərinə tökülüb. Lakin biz həmin şitə heç bir müdaxilə etməmişik. Sakinlərin bildirdiyinə görə, tüstü “trap”lardan da çıxıb. Əgər binanın müxtəlif yerlərindən tüstü çıxırsa, necə bizim obyektdən çıxmasın?”.
Dincəldiz? Tüstü “trap”lardan çıxıb. Amma zirzəmidəki “Loft Dent”in rəhbərini həbs ediblər. Səhər-axşam kabab bişirib, binanı tüstüyə bürüyən restoran sahibi qalıb qıraqda, camaatın dişini implant edəni basıblar içəri. Hələ istintaq prosesi bitməyib deyə tam pessimist olmaq istəmirəm.
Amma ölən 4 gənc ofisianta nə deməli? “Lake Otel” adlı məkanda (Maşallah olsun, məkanların adları da amerikanskidir. Lake, Loft... Kasıb itinə Gümüş adı qoyan kimi) 4 ofisiantın ölümü. Gənclər metal konstruksiyalı mexanizmi hotelin arxa tərəfindəki tikintidən gətiriblər. Hotelin arxa həyətində tikinti gedib, metal qurğu da orada olub. Hotelin şüşələri silinməli idi, ona görə də gənclər həmin qurğunu gətirmək istəyirdilər. Ərazidən keçəndə qurğu yüksəkgərginlikli elektrik naqilinə toxunub və beləcə ofisiantların dördünü də cərəyan vurub öldürüb. İnsan həyatı bu qədər ucuzmu? Ümumiyyətlə, ofisiant niyə otel şüşəsi silir? Niyə bunun üçün standartlara uyğun təmizlik şirkəti çağırmırsız? Niyə otelin düz böyründə yüksəkgərginlikli elektrik naqili olub? Elə yerdə otel tikməyə kim icazə verib? Ofisiant dediyin yemək paylayar, müştərinin sifarişini mətbəxə ötürər, bəxşişini alıb, həyatına davam edər. Bir işçiyə 5 nəfərin işini yükləyib, bir nəfərin maaşını vermək nədir axı? Ağlımda dəli suallar…
Əlimizi hara atırıq, gözümüz hara baxır, əsəbləşmədən keçə bilmirik. Burda da müğənni Samira Əfəndinin beynəlxalq müsabiqədə erməni iştirakçıya maksimum olan 12 balı verməsi insanımızı qeyzləndirir. Deyirlər, ay bacı, yaxşı, 12 bal verdin, bəs niyə o ermənini qucaqlayıb, bağrına basır, duz kimi yalayırsan? Şəhidlərimizin ruhundan utanmırsanmı? Qalmaqallar kraliçası Nura Suri də deyir, düz edib, hökumətin normallaşma siyasəti var, bu da onun bir hissəsidir. Deyirəm axı, müğənnisi də diplomat kimi çıxış edir. Ofisianta şüşə sildirəndə, binadakı giriş-çıxış qapısının açarını götürüb restoran müdiri cibinə qoyanda müğənni də bizə diplomatiya nitqi söyləyəcək. Əlinin papağı Vəlinin, Vəlinin papağı da Əlinin başındadır. Siz öz papağınızdan, bir də öz canınızdan muğayat olun.