RU

“Hammer”lə yarı yolda qalanlar... – onlar “Moskviç”ə mindirilmək riski gözləyir

Rusiya-Ukrayna müharibəsinə fəal hərbi-siyasi-maddi-diplomatik müdaxiləsini də nəzərə alsaq, indiyədək ABŞ düz 50 dəfə müharibə aparıb.

Bu savaşların 40-dan çoxu ABŞ-nin öz ərazisində olmayıb. Bəzən bunu bu dövlətin uğuru, üstünlüyü kimi təqdim edir, “vətəndaş müharibəsindən sonra ABŞ torpağı hərbi əməliyyatlar görməyib” deyirlər. Əvəzində ABŞ-nin hərbi qüvvələri Kuba, Liberiya, Çin, Vyetnam, İran, İraq, Əfqanıstan, Filippin, Nikaraqua, Koreya, Laos, Kamboca, Qranada, Panama, Somali, Bosniya Herseqovina, Pakistan, Yəmən və başqa ölkələrdə müharibələr aparıb. ABŞ əsgərlərinin çəkməsi Afrika və Avropa ölkələrinin əksərinin torpağına dəyib.

Bu savaşların tam əksəriyyətində ABŞ hərbçiləri qələbə qazanıblar. Zatən, özündən qat-qat zəif ölkənin ordusunu, müqavimət göstərən partizanlarını əzmək elə də böyük hərbi zəfər deyil.

Ancaq ABŞ üçün pis başa çatan müharibələr də olub. Bunların sırasında Vyetnam müharibəsi (1964-1975) və Əfqanıstan müharibəsi (2001-2021), eləcə də Kubaya məxsus Donuzlar körfəzinin uğursuz işğalı var. Bu hərbi münaqişələr ABŞ-nin əhəmiyyətli itkiləri ilə yadda qalıb.

ABŞ tarixindəki ən uzun və ən mübahisəli müharibələrdən biri olan Vyetnam savaşı qoşunların geri çəkilməsi və kommunist Vyetnamın qələbəsi ilə başa çatıb. Yüz minlərlə hərbçinin və günahsız insanın ölümü ilə müşayiət olunan bu savaşda SSRİ ABŞ-ni məğlub edib. Bu, Ağ Evin rus dövlətindən aldığı ilk karlı şapalaqdır.

Hərbi baxımdan ən qüdrətli iki dövlətin mövqe, nüfuz savaşında qırılanlar əsasən vyetnamlılar olub. ABŞ bir tərəfdən, SSRİ isə o biri tərəfdən ölkədə başlanmış vətəndaş müharibəsini qızışdırıblar, son nəticədə ABŞ öz “şir”lərini sahibsiz buraxaraq okeanın o tayına qayıdıb, on minlərlə insan taleyin ümidinə qalıb.

Ötən əsrin ortalarında Kubadakı inqilabçı kommunistlərin ABŞ-yə yaxın Batista rejimini devirməsi ilə razılaşmayan Vaşinqton Kubaya məxsus Donuzlar körfəzini işğal edib. ABŞ-nin kəşfiyyat agentlikləri və Mərkəzi Kəşfiyyat İdarəsinin məqsədi Fidel Kastronun rəhbərlik etdiyi Kuba hökumətini devirmək olub. Yenə SSRİ adlanan rus dövlətindən yardım alan yerli kommunistlərin müqaviməti sayəsində ABŞ-nin bu cəhdi uğursuz olub. Əməliyyatın qarşısı Kuba qüvvələri tərəfindən tez bir zamanda alınıb, nəticədə ABŞ diplomatik və nüfuz baxımından məğlub duruma düşüb.

ABŞ-nin Əfqanıstanda apardığı müharibəni isə iki mərhələyə ayırmaq olar. Birinci mərhələdə ABŞ Pakistan və ərəb ölkələrinin köməyindən yararlanıb, Əfqanıstana hərbi müdaxilə etmiş və onu 10 il (1979-1989) işğalda saxlamış SSRİ-ni məğlub edə, sovet qoşunlarının bu ölkədən çıxarılmasına nail ola bilib. Ancaq ikinci mərhələdə ABŞ özü 20 il (2001-2021) boyunca işğalda saxladığı Əfqanıstandan çıxmağa məcbur olub.

Bu məsələdə rus dövlətinin rolu olmayıb, sadəcə, ABŞ özü silahı yerə qoymayan, yerli əhalidən dəstək alaraq müqaviməti davam etdirən “Taliban”la “əbədi müharibə” rejimində döyüşmək və daha bir neçə trilyon dollar zərərə düşmək istəməyib, hərbi kontingentini Əfqanıstandan çıxarmağa qərar verib.

ABŞ dövləti bu addımla öz xidmətinə cəlb etdiyi on minlərlə əfqanı taleyin ümidinə buraxıb, onların bir çoxunun başqa ölkələrə dağılışmasına, bir xeylisinin edam olunmasına, yarısının həbs edilməsinə, bir sözlə, çox sayda insanın bədbəxt olmasına bais olub. Dünənə qədər ABŞ istehsalı olan “Hammer”də gəzən əfqan zabitlər dağ aşırımlarını qatırla, ulaqla aşıb canlarını qurtarıblar.

ABŞ-nin Əfqanıstanda bərqərar etdiyi siyasi rejimi satması nəticəsində ölkədə hakimiyyətə gələn “Taliban” indi xalqa qan uddurur, insanları daş dövrünə qaytararaq idarə etməyə çalışır, 21-ci əsrdə quldarlıq quruluşu formasiyasını bərpa edir, qəddar istibdad rejimi yaradır.

İndi ABŞ düz bir ildir ki, Rusiyaya qarşı müharibədə dəstək verdiyi Ukraynanı yarı yolda qoymaq üçün yüz bir plan fikirləşir, gah açıq şəkildə, gah eyhamla Kiyevin Moskvaya təslim olmasını tövsiyə edir, onu dəstəkləməkdən yayınmağa çalışır.

Bunu ABŞ dövləti adından Tramp administrasiyası edir. Trampın sələfi Bayden Rusiya ilə münasibətlərdə daha prinsipial və qətiyyətli idi. Bəlkə də Trampın xələfi də Moskvaya qarşı yumşaq mövqedə olmayacaq.

Hər halda görünən odur ki, ABŞ dövləti Rusiyanın aqressiv siyasətinin qarşısından geri çəkilir və bu yolda başqa dövlətləri, xalqları qurban verməyə hazırdır.

Bundan əvvəl eyni aqibət ABŞ-nin hərtərəfli dəstəklədiyi, hətta özünün Corciya (Georgia) ştatı ilə adaş saydığı Gürcüstanın (ingiliscədə - Georgia) başına gəlib. Vaşinqton gürcü demokratiyasını sona qədər dəstəkləmədi və onu Rusiyanın adamlarının ayağına verərək məğlub olmalarına imkan yaratdı. İndi ABŞ Gürcüstanın yeni rejimini qəbul etmir, onu qeyri-legitim sayır, ancaq artıq gecdir, Avropaya inteqrasiya edən Gürcüstanı qorumaq lazım idi.

İndilikdə Ermənistan və Moldova da ABŞ-nin “Hammer”inə minmək, Avropaya inteqrasiya etmək fikrindədirlər. Ancaq onlar risk qarşısındadırlar. Rusiya onları “Hammer”dən düşürüb öz “Moskviç”inə mindirmək üçün əlindən gələn hər şeyi edəcək. Bəs ABŞ erməniləri və moldavanları qoruyacaqmı? Budur məsələ.

Araz Altaylı, Musavat.com

Избранный
155
50
musavat.com

10Источники