RU

Bu sahibkarlara güzəşt təklifi

Deputat Tahir Mirkişili Milli Məclisin iclasında Vergi Məcəlləsi və bir sıra qanunlara dəyişikliklərlə bağlı çıxış edib.

Musavat.com-un məlumatına görə, deputat Naxçıvan Muxtar Respublikasına tətbiq ediləcək vergi güzəştlərini təqdir edib:

“Hazırda Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin açılması fonunda Naxçıvana tətbiq olunan vergi güzəştləri yalnız iqtisadi deyil, ciddi strateji və geoiqtisadi məsələdir. Hətta təklif edərdim ki, bu güzəştlər müddətli yox, müddətsiz olsun.

Naxçıvan mühüm coğrafi məkanda yerləşir və Orta Dəhliz kontekstində emal sənayesi, istehsal və xidmət sahələrinin inkişafı Azərbaycan üçün vacibdir. Sadələşdirilmiş verginin hibrid sisteminin tətbiqini də əhəmiyyətli bir innovasiya hesab edirəm.

Vergi cəlb edilən dövriyyənin həcminin 200 mindən 400 minə qədər artırılması və bunun nağdsız ödənişlərlə əlaqələndirilməsi müsbət addımdır. Gələcəkdə bu limitin daha da artırılması mümkündür.

Ümumilikdə, vergi dövlət büdcəsinin ən təbii və sabit gəlir mənbəyidir. Dövlət büdcəsi gəlirlərinin böyük hissəsinin vergi hesabına formalaşması iqtisadi siyasətdə mühüm nəticə sayılmalıdır”.

17495674092718133712_1200x630.jpg

T.Mirkişili qeyd edib ki, hazırda Azərbaycanda büdcə gəlirlərinin hər 100 manatında 44 manatı verginin hesabına, 18 manatı isə gömrük rüsumları hesabına formalaşır:

“Müqayisə üçün qeyd edim ki, Gürcüstan dövlət büdcəsində büdcə gəlirlərinin hər 100 manatın 78 manatı vergi hesabına formalaşır. Türkiyədə isə hər 100 manatın 86 manatı vergi hesabına formalaşır. Bu onu göstərir ki, Azərbaycanda vergi siyasəti yumşaqdır və yük digər ölkələrlə müqayisədə aşağıdır.

Hazırda 7.3 milyard manat həcmində vergi və gömrük azadolmaları mövcuddur. Bu rəqəm büdcə gəlirlərinin təxminin 20%-nə bərabərdir. Onlardan 3.5 milyard manatı idxal azadolması, 3.8 milyard manatı sahibkarlığa tətbiq olunan vergi güzəştləri ilə bağlıdır”.

Deputat büdcənin sosialyönümlü olduğunu söyləyərək təkliflərini irəli sürüb:

“Yeni iş yeri açan və əməkhaqqını artıran sahibkarların ödədiyi əmək haqlarına bir il müddətinə bütün vergilərdən 50% güzəşt tətbiq olunsun. Universiteti yeni bitirib əmək bazarına daxil olan şəxslərə də gəlirlərdə 50% güzəştlərin tətbiq edilməsi faydalı olar”.

E.Paşasoy,
Musavat.com

Избранный
20
3
musavat.com

4Источники