RU

Səməd Seyidov: İstəyirik 907-ci düzəliş birdəfəlik aradan qaldırılsın VİDEO

Vaşinqton, 21 noyabr, AZƏRTAC

8 avqust görüşü Azərbaycan tarixinə qızıl həriflərlə yazılmış bir hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda sülhün bünövrəsini, əsasını yaradaraq regionumuzu tamamilə başqa səviyyəyə yüksəltdi və Amerika-Azərbaycan münasibətləri də artıq strateji əlaqələr səviyyəsinə qalxıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Vaşinqtonda səfərdə olan Azərbaycan parlamentinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və yəhudi icmasının təmsilçilərindən ibarət nümayəndə heyətinin rəhbəri Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. O bildirib ki, əvvəlki ABŞ administrasiyası sayəsində ikili əlaqələr sıfır dərəcəsinə enmişdi.

“Ancaq 8 avqustdan sonra bunların hamısı dəyişdi. Minsk qrupunun ləğvi, 907-nin dayandırılması, bir neçə gün bundan əvvəl işçi qrupuna ABŞ-ın həmsədr təyin etməsi, ən yüksək səviyyədə məmurların Azərbaycana gedib, Azərbaycanda Azərbaycan-Amerika münasibətlərini müzakirə etməsi yeni tarixdir. Bu tarixi biz Konqresdə, Senatda hiss edirik. Vaxt var idi, onlar bizimlə şəkil çəkdirmək belə, istəmirdilər.

Ona görə ki, erməni lobbisi var idi. İndi də var, ancaq Azərbaycan artıq fərqli Azərbaycandır və ABŞ da fərqli ABŞ-dır. İndi görüşlərin sayı gündən-günə artır. İndi senatorlar, konqresmənlər Azərbaycana gəlmək istəyirlər və gəlirlər”,- deyə Səməd Seyidov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan güclüdür və haqq, ədalət yolunun ən yüksək səviyyədə təbliğatçısıdır: “Bu gün biz bunun şahidi oluruq və hesab edirəm ki, bu istiqamətdə əlaqələr inkişaf edəcək və biz daha çox nailiyyət görəcəyik. Biz istəyirik ki, ABŞ Konqresi və Senat 907-ci düzəlişi müzakirə edilərək birdəfəlik aradan qaldırılsın. Biz istəyirik ki, Azərbaycanla bağlı hələ də hər hansı təşəbbüsləri irəli sürüb, ümumi sülh məsələlərini zəhərləmək istiqamətində çalışan erməni lobbisi artıq başa düşsün ki, onlar bizə qarşı yox, ABŞ-ın maraqlarına qarşı işləyirlər. Bunu artıq Amerikanın ən yüksək səviyyəsində başa düşürlər”.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Избранный
14
4
azertag.az

5Источники