Müzakirənizə təqdim olunan 2026-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında Qanun layihəsi də sosial ədalət və sosial rifah prinsiplərini rəhbər tutaraq tərtib edilib.
Musavat.com-un məlumatına görə, bunu komitə sədri Musa Quliyev deyib.
Bildirib ki, Fondun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat təşkil edəcək ki, bu da , cari ilin proqnoz göstəricisi ilə müqayisədə 705,7 milyon manat (9,3%) çoxdur: “DSMF-nin 2026-cı il üçün nəzərdə tutulan xərcləri 8 milyard 483 milyon manat proqnozlaşdırılır. Gələn ilin xərcləri cari ilin büdcəsinə nisbətən 807 milyon manat və ya 10,5% çoxdur. DSMF-un ehtiyatından 2026-cı ilin xərclərinə yönəldilən vəsait 159.970.000 manat təşkil edəcək.
Fondun gəlirlərinin 6 mlrd. 591 milyon manatının, yaxud 79,2%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 68%-i qeyri-büdcə sektorunun, 32%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.
2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib, bu meyl gələn ildə də davam edəcək. Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat proqnozlaşdırılır ki, bu da ümumi dövlət öhdəliyinin 47,%-ni təşkil edir”.
Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışan M.Quliyev qeyd edib ki, Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək: “Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540,3 manat təşkil edəcəyi gözlənilir, 2026-cı ildə isə 590,17 manat olacağı proqnozlaşdırılır.
Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576,02 manatdan 53,03 manat artaraq 629,05 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 49,05% və 50,41% olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək. Növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi, eləcə də pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri ümumilikdə 91 milyon manat məbləğində proqnozlaşdırılır.
Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahədə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaradıb. Hazırda ölkə üzrə 7 DOST mərkəzi, o cümlədən Şuşa filialı və Ağalı "Smart DOST" xidmət məntəqəsi fəaliyyət göstərir. Bu mərkəzlərə cari ildə 660 mindən çox vətəndaşımız müraciət etmişdir və məmnunluq indeksi 98,.3% təşkil etmişdir.
Bir sıra ölkələr, o cümlədən Avropa ölkələri DOST təcrübəsini öyrənərək tətbiq etməyə başlayırlar”.
E.Paşasoy,
Musavat.com