AZ

Komitə sədri: DSMF-nin 2026-cı il üçün nəzərdə tutulan xərcləri 8 milyard 483 milyon manat proqnozlaşdırılır

BAKI, 20 noyabr. TELEQRAF

"Azərbaycan dövlətinin daxili siyasətində sosial siyasət həmişə prioritet istiqamət təşkil edib. Heç də təsadüfi deyil ki, ənənəvi olaraq, bizim dövlət büdcəmizin 40%- dən çoxu sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilir. "Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun təhlükəsizliyi, onun sosial rifahı, onun xoşbəxtliyi dayanır”, - deyə bəyan edən dövlət başçısının tapşırıqları əsasında xüsusilə son illər aparılan dərin sosial islahatlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını təmin edib".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 2024- cü il 23 dekabr tarixli sərəncamı ilə 2025- ci il üçün 5- ci sosial İslahatar zərfi qəbul edilmiş, cari ildə minimum əmək haqqı 16%, pensiyaların minimum məbləği isə 14,3% artmış, 3 milyondan çox vətəndaşımızın sosial rifah halının yüksəlməsi təmin edilib. Ümumuyyətlə, 2019- cu ildən başlayaraq ölkəmizdə cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul olunub.
Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir.
Cənab prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti sayəsində 2025-ci ildə də ölkəmizin iqtisadiyyatı güclənmiş, makroiqtisadi saditlik təmin edilmiş, ölkəmiz sabitlik və inkişaf baxımından yeni uğurlara imza atmışdır.

Komitə sədri bildirib ki, ölkəmizin 2025-ci ildə əldə etdiyi iqtisadi uğurlar 2026-cı ilin büdcə siyasətinin pozitiv və sosialyönlü istiqamətdə formalaşmasını, DSMF-nun büdcəsinin dayanaqlılığını təmin etmişdir. Dövlətimizin daxili siyasətinin ən mühüm istiqamətlərindən biri olan sosial müdafiə və sosial təminat sahəsində aparılan dərin islahatlar vətəndaşlarımızın sosial rifah halının qorunmasına və yüksəldilməsinə etibarlı təminatlar yaratmışdır.
Müzakirənizə təqdim olunan 2026-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında Qanun layihəsi də sosial ədalət və sosial rifah prinsiplərini rəhbər tutaraq tərtib edilmişdir.
DSMF-nun 2026-cı il üçün büdcə layihəsi “Büdcə sistemi haqqında”, “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında" qanunların və digər normativ hüquqi aktların tələbləri çərçivəsində, ölkəmizin iqtisadi və sosial inkişafına dair proqnozlar nəzərə alınmaqla, demoqrafik göstəricilərə əsaslanaraq hazırlanmışdır.
Fondun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat təşkil edəcəkdir ki, bu da , cari ilin proqnoz göstəricisi ilə müqayisədə 705,7 milyon manat (9,3%) çoxdur”.
Musa Quliyev vurğulayıb ki, DSMF-nin 2026-cı il üçün nəzərdə tutulan xərcləri 8 milyard 483 milyon manat proqnozlaşdırılır. Gələn ilin xərcləri cari ilin büdcəsinə nisbətən 807 milyon manat və ya 10,5% çoxdur.
DSMF-un ehtiyatından 2026-cı ilin xərclərinə yönəldilən vəsait 159.970.000 manat təşkil edəcəkdir.
Fondun gəlirlərinin 6 mlrd. 591 milyon manatının, yaxud 79,2%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulur.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 68%-i qeyri-büdcə sektorunun, 32%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcəkdir.
2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələmişdir, bu meyil gələn ildə də davam edəcəkdir.
Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat proqnozlaşdırılır ki, bu da ümumi dövlət öhdəliyinin 47,%-ni təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışarkən qeyd etmək lazımdır ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcəkdir.
Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540,3 manat təşkil edəcəyi gözlənilir, 2026-cı ildə isə 590,17 manat olacağı proqnozlaşdırılır.
Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576,02 manatdan 53,03 manat artaraq 629,05 manata yüksəlməsi proqnozlaşdırılır.
Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 49,05% və 50,41% olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcəkdir.
Növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi, eləcə də pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri ümumilikdə 91 milyon manat məbləğində proqnozlaşdırılır.
Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahədə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaradıb. Hazırda ölkə üzrə 7 DOST mərkəzi, o cümlədən Şuşa filialı və Ağalı "Smart DOST" xidmət məntəqəsi fəaliyyət göstərir. Bu mərkəzlərə cari ildə 660 mindən çox vətəndaşımız müraciət etmişdir və məmnunluq indeksi 98,.3% təşkil etmişdir.
Bir sıra ölkələr, o cümlədən Avropa ölkələri DOST təcrübəsini öyrənərək tətbiq etməyə başlayırlar.
2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 203,6 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 2,6%, yaxud 5,2 milyon manat çoxdur.
Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdiriləcək xərclər 25 milyon manat nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim edilmiş Qanun layihəsi ölkə qanunvericiliyinin tələblərinə uyğun hazırlanmaqla sosial və büdcə siyasətinin ümumi məqsədlərinə, Azərbaycan Respublikasının büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiqdir və gələn il şəhid ailələrinin, qazilərin pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosial rifahının yaxşılaşması üçün etibarlı təminat yaradacaqdır”.

Seçilən
22
11
teleqraf.com

10Mənbələr