RU

“2026-cı ilin büdcəsinin beşdə biri müdafiə və təhlükəsizliyə ayrılacaq”

Deputat Rizvan Nəbiyev parlamentin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı ölkənin fiskal siyasəti, təhlükəsizlik prioritetləri və regional proseslər barədə çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, cari büdcə zərfində makroiqtisadi və fiskal sabitliyə təsir edən risklər daha geniş təqdim olunub və onların idarə olunması üçün mitiqasiya tədbirləri nəzərdə tutulub.

Onun sözlərinə görə, qlobal və regional çağırışların fonunda Azərbaycanın hərbi, müdafiə sənayesi və diplomatik sahələrdə paralel şəkildə gücünü artırması büdcə siyasətində də öz əksini tapır:

“Hərbi sənaye kompleksini müasirləşdirən Azərbaycan hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirib və ilk dəfə olaraq yerli özəl sektoru da bu sahəyə cəlb edib. Büdcəmiz bu sahələrdəki dövlət strategiyasının reallaşdırılması üçün maliyyə təminatıdır”, – deyə deputat vurğulayıb.

Rizvan Nəbiyev qlobal enerji, maliyyə və ərzaq bazarlarında qeyri-sabitliyin yaratdığı təhdidlərin ölkələrə təsir etdiyini xatırladıb.

Onun sözlərinə görə, bütün bu çağırışlara baxmayaraq, Azərbaycan müdafiə və təhlükəsizlik imkanlarını gücləndirməkdə davam edir:

“2026-cı ilin büdcəsinin beşdə bir hissəsi müdafiə və təhlükəsizlik sahəsinə ayrılacaq. Bu, 2024-cü illə müqayisədə 33% çoxdur”, – deyə deputat diqqətə çatdırıb.

Nəbiyev çıxışında bölgədə yaranmış yeni siyasi reallıqlara da toxunub:

“Azərbaycan Ermənistanı səngərdən diplomatik masaya gətirməyi bacarıb. Vaşinqton danışıqları münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində dönüş yaratdı”, – deyə o bildirib.

Deputat Prezident İlham Əliyevin fəaliyyətinin beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini də vurğulayıb:

“Prezident Trampın böyük lider, prezident Putinin isə tarixi miqyasda görkəmli dövlət xadimi kimi dəyər verdiyi prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın rifahına və beynəlxalq şəraitin sağlamlaşdırılmasına xidmət edir”, – deyə o qeyd edib.

Nəbiyev əlavə edib ki, beynəlxalq hüquqa əsasən, Azərbaycan bu gün də dörd anklav kəndi üzərində suverenliyini saxlayır.

Deputat Şərqi Zəngəzur və Qarabağın bərpasına da diqqət çəkib:

“Təkcə Şərqi Zəngəzur və Qarabağın bərpası və inşası üçün 2026-cı ilə daxil olmaqla 26,5 milyard manat vəsait ayrılıb. Bu gün həmin ərazilər qlobal miqyasda ən böyük tikinti meydançasıdır”, – deyə o bildirib.

Rizvan Nəbiyev həmçinin büdcə layihəsində 549 milyon manatın beynəlxalq münasibətlərlə əlaqəli fəaliyyətlərə ayrıldığını, Azərbaycan diplomatik nümayəndəliklərinin saxlanması üçün 215 milyon manat nəzərdə tutulduğunu deyib.

Deputat bəzi ölkələrdə Azərbaycan konsulluqlarının yaradılması təklifini də səsləndirib. Onun sözlərinə görə, Almaniyanın sənaye potensialı yüksək olan federal vilayətlərindən birində baş konsulluğun açılması iqtisadi və konsulluq xidmətlərini daha da operativ edə bilər.

Sonda Nəbiyev Abşeron seçki dairəsi ilə bağlı iki təklifini hökumətə yazılı şəkildə təqdim edəcəyini bildirib. Bunlardan biri Xırdalanda fəaliyyət göstərən dəri qalereyası və tikiş fabrikinin pandemiya sonrası fəaliyyətinin bərpası üçün dəstək məsələsidir.

Afət Ziyadqızı

Избранный
3
operativmm.az

1Источники