“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər, yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaq.
Tribuna-nın xəbərinə görə, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2020-ci ilin sonundan etibarən yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənib:
“Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də ilk növbədə bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur”.
S.Babayev qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur:
“Bu, cənab Prezident tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik”.