RU

Trampdan Putinə “Lukoyl” jesti

ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Lukoyl” şirkətinə tətbiq olunmuş sanksiyalarla bağlı mühüm qərar verib.

Musavat.com xəbər verir ki, Vaşinqton şirkətə üç həftəlik əlavə möhlət tanıyaraq məhdudiyyətlərin qüvvəyə minməsini 13 dekabradək təxirə salıb. Qərar “Lukoyl”un xaricdəki aktivlərinin satışı ilə bağlı apardığı danışıqlar fonunda qəbul edilib və şirkətə bu istiqamətdə maneəsiz sövdələşmələr həyata keçirmək imkanı yaradır.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, “Lukoyl”un Rusiya ərazisi xaricində yerləşən yanacaqdoldurma məntəqələrinin istismarı, xidmət göstərilməsi və ya ləğv edilməsi ilə əlaqədar bütün tranzaksiyalara da 13 dekabradək icazə verilib. Bununla paralel, Bolqarıstandakı fəaliyyət üçün ayrıca lisenziya təqdim olunub. Qeyd olunur ki, “Lukoyl”un Bqurqas şəhərində yerləşən “Neftoxim” neft emalı zavodu Bolqarıstanın yanacaq bazarının təxminən 80 faizini təmin edir və bu obyekt, eləcə də şirkətin təyyarə və gəmilərin yanacaqla təminatı ilə məşğul olan strukturları 29 aprel 2026-cı ilədək sanksiyalardan istisna edilib.

Xatırladaq ki, oktyabr ayında ABŞ və Böyük Britaniya Rusiyanın “Lukoyl”, “Rosneft” və bu şirkətlərə bağlı 34 quruma qarşı sanksiyalar elan etmişdi. Bu qərar Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirməsi fonunda qəbul olunmuşdu. Sanksiyaların ardından “Lukoyl” xaricdəki aktivlərinin satış prosesini sürətləndirdiyini açıqlamışdı.

Müşahidəçilər ABŞ-ın bu addımını Moskva ilə münasibətlər fonunda “Trampdan Putinə jest” kimi dəyərləndirirlər.

Musavat.com

Избранный
156
37
musavat.com

10Источники