RU

“Şərurlu İsfəndiyar” təhqiramiz sözlərinin girovuna çevrilib – ÖLKƏDƏN ÇIXA BİLMİR

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi davam etdirilib.

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) Cinayət Məcəlləsinin böhtan və təhqir maddələri ilə ittiham olunmasını əsassız hesab edir. Xüsusi ittihamçı Emil Səməndərov isə qeyd olunan maddələr üzrə onun təqsirli bilinməsini, cəzalandırılmasını tələb edir. Məhkəmədə ekspert qismində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Nəzakət Qazıyeva iştirak edib. Lakin ekspert təqdim etməli olduğu sənədləri özü ilə gətirmədiyindən, proses müəyyən gərginlik yaşayıb. Emil Səməndərovun vəkili Asim Abbasov məhkəmədə bildirib ki, ekspertin fəaliyyəti ilə bağlı sənəd arayış məhkəməyə təqdim olunmalıdır: “Ekspertin fəaliyyət illərini göstərən arayış təqdim edilməlidir. Əgər sənədlər yoxdursa, prosesin təxirə salınmasını xahiş edirəm”. Təqsirləndirilən İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli isə qeyd edib ki, sənədlər gün ərzində elektron qaydada təqdim edilə biləcəksə, proses davam etdirilsin: “Prosesin təxirə salınması məhkəmənin uzanmasına səbəb olur. Müvəkkilim xəstədir və müalicə üçün ölkə xaricinə gedə bilmir”.
Hakim ekspertə sənədləri elektron qaydada təqdim etmək üçün yarım saat vaxt verib. Ekspert isə sənədləri 1 saata hazırlaya biləcəyini bildirib.

Xatırladaq ki, İsfəndiyar Axundov barəsində Səməndərov tərəfindən verilmiş şikayət əsasən Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırması ilə bağlıdır. Buna görə də Axundov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında ittiham olunur. Xüsusi ittihamçı İsfəndiyar Axundovun azadlıqdan məhrum edilməsini tələb edir. Əvvəlki məhkəmə proseslərində İsfəndiyar Axundov özünü təqsirsiz sayaraq, ittihamı rədd etmiş və bildirib ki, Səməndərovun ittihamları əsassızdır.

Ötən prosesdə ekspertiza rəyi elan edilib. Linqvistik ekspertiza müəyyən edib ki, İsfəndiyar Axundov verdiyi müsahibələrdə bir neçə dəfə Emil Səməndərovu təhqir edib. Təqsirləndirilən şəxsin vəkilləri Ülvi Nəsibli və Şahbaz Kərimli isə ekspertiza rəyinin ziddiyyətli olduğunu bildiriblər. Vəkil Ülvi Nəsibli AMEA-nın Dilçilik İnstitutundan əlavə mütəxəssis çağırılması ilə bağlı vəsatət vermişdi. Emil Səməndərovun vəkili Asim Abbasov isə demişdi ki, linqvistik ekspertizanın rəyində İsfəndiyar Axundovun müvəkkilini təhqir etdiyi açıq-aşkar göstərilib. Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir. Növbəti proses noyabrın 14-nə təyin olunub.

Musavat.com

Избранный
19
3
editor.az

4Источники