AZ

"Şərurlu İsfəndiyar"ın məhkəməsi keçirildi

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə AMEA-nın Nəsimi adına dilçilik İnstitutunun eksperti Nəzakət Qazıyeva iştirak edib.

Nəzakət Qazıyeva ekspert qismində dindirilməsi üçün məhkəməyə dəvət olunsa da, təqdim etməli olduğu sənədləri özü ilə gətirməyib.

Emil Səməndərovun vəkili Asim Abbasov bildirib ki, ekspertin fəaliyyəti ilə bağlı illəri əks etdirən arayış məhkəməyə təqdim olunmalıdır: “Ekspertin fəaliyyət illərini göstərən arayış təqdim edilməlidir. Əgər sənədlər yoxdursa, prosesin təxirə salınmasını xahiş edirəm”.

Təqsirləndirilən şəxs İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli isə qeyd edib ki, sənədlər gün ərzində elektron qaydada təqdim edilə biləcəksə, proses davam etdirilsin: “Prosesin təxirə salınması məhkəmənin uzanmasına səbəb olur. Müvəkkilim xəstədir və müalicə üçün ölkə xaricinə gedə bilmir". Məhkəmə, ekspert qismində çağırılan Nəzakət Qazıyevaya sənədləri elektron qaydada təqdim etmək üçün yarım saat vaxt verib. Nəzakət Qazıyeva isə sənədləri 1 saata hazırlaya biləcəyini bildirib. Növbəti məhkəmə prosesi noyabrın 14-nə təyin edilib. Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Seçilən
46
3
teleqraf.com

4Mənbələr