Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 13 noyabr, Leyla Muradzadə, AZƏRTAC
Klassik tank, təyyarə və ya avtomobillərin hətta miniatür surətini yenidən və heyrətamiz dərəcədə dəqiq yaradan texniki modelləşdirmə əmək tələb edən prosesdir. Bu hobbi yalnız kolleksiyaçılar üçün deyil, o, gənclərə səbirlə detallara diqqət yetirməyi öyrədir və mühəndisliyə dərin maraq aşılayır.
Bu günlərdə Bakıda tarix, incəsənət və texniki yaradıcılığı birləşdirən tədbir keçirilib.

Zəfər və Bayraq Günü münasibətilə Azərbaycan Modelçilər Klubu və “AzerII scale models” brendinin təşkil etdiyi sərgidə gənclər, sadiq kolleksiyaçılar və texniki modelləşdirmə həvəskarları iştirak ediblər. Qonaqlara hərbi-texniki və miniatür retro nəqliyyat vasitələrindən ibarət kolleksiya təqdim olunub. Burada İkinci Dünya müharibəsindən bu günə qədər gəlib çıxan müxtəlif tank modelləri, zirehli texnikalar və klassik avtomobillər nümayiş etdirilib.

Azərbaycan Modelçilər Klubunun rəhbəri İlqar İsmayılov AZƏRTAC-a müsahibəsində bildirib ki, sərgi ziyarətçiləri çox təsirləndirib: “Modelçilər orijinalların ən kiçik detallarını, texniki quruluşunu və dizayn xüsusiyyətlərini diqqətlə yenidən yaradıblar. Biz təkcə eksponatları nümayiş etdirmirik, həm də texniki yaradıcılığı təbliğ edirik və gənclərin bu maraqlı sahəyə marağını artırırıq”.
Klub rəhbərinin sözlərinə görə, sərgidə “AzerII” brendi tərəfindən Azərbaycanda istehsal olunan 1:16 miqyasda tanklar, eləcə də 1:18 miqyasda BMW-lərin böyük kolleksiyası nümayiş etdirilib. Bundan başqa, müxtəlif növ texnikanı təsvir edən rəsmlər də təqdim olunub.

Təşkilatçılar miniatürün hazırlanma mərhələləri, istifadə olunan materiallar və modelləşdirmə dünyasındakı ən son texniki yeniliklər barədə də ətraflı danışıblar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.