Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib.
Aznews.az xəbər verir ki, nümayəndə heyətinə "On İki Həvari Kvorumu"nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildir.
Söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb.
Qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıblar.
Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğulayıb. Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin yeni mərhələyə keçdiyini bildirən Prezident İlham Əliyev bu ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm sənədlərin imzalandığını xatırladıb.