RU

Bakıda qardaşlıq zirvəsi

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Azərbaycan-Türkiyə-Pakistan birliyinin mesajı verildi

8 Noyabr - Zəfər Günündə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirildi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirak etdiyi və dünyanın diqqət mərkəzində olan təntənəli paradda Azərbaycanın hərbi qüdrəti, sarsılmaz gücü nümayiş olundu.  

Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnlərinin Bakıdan, Azadlıq meydanından dünyaya yayılması, qardaş dövlətlərin liderlərinin Qarabağ Zəfərinin beşinci ildönümünə həsr olunmuş paradda çiyin-çiyinə dayanaraq üç ölkənin azman hərbçilərinin mətin addımlarla  tribuna önündən keçmələrini seyr etmələri əbədi qardaşlığın təntənəsi idi. 

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paraddakı çıxışı zamanı Prezident, Silahli Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev məhz bu qürurlu məqama diqqət çəkdi: "Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır...

...Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür".

Qafqazda davamlı sülhə gedən yolun məhək daşı

Azərbaycan Vətən müharibəsinin son gününə qədər qardaş ölkələr olan Türkiyə və Pakistanın siyasi, mənəvi dəstəyini daim hiss etdi. Bu, ölkəmizə torpaqlarının azadlığı uğrunda haqq mübarizəsində əlavə güc-qüvvət verdi.

Əzəli qardaşlıq əlaqələrinə malik Azərbaycan və Türkiyə dövlətlərimizin, xalqlarımızın varlığına qarşı təhdid olan terrorizmə, işğal siyasətinə qarşı birlikdə mübarizə aparır, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində daim bir-birlərinə kömək edirlər. İki qardaş ölkənin vahid gücü təkcə ölkələrimizin inkişafı, təhlükəsizliyi deyil, beynəlxalq əhəmiyyətli məsələlərin həlli üçün də vacib rol oynayır. Bu gün Azərbaycan-Türkiyə birliyinin gücü ilə dünyada da hesablaşılır və regionla bağlı istənilən məsələ, layihə bu iki ölkənin maraqları çəçivəsində reallaşdırılır. 44 günlük müharibədə Türkiyənin Azərbaycana açıq şəkildə siyasi və mənəvi dəstək verməsi ölkəmizə düşmən mövqe tutanların əl-qolunu bağladı. Həmin vaxt Türkiyə ən ali səviyyədə Azərbaycanın tək olmadığı mesajını dünyaya çatdırdı və  tarixi ədaləti, eləcə də beynəlxalq hüququn tələblərini təmin etməsinə maneçilik törətmək istəyən xarici gücləri neytrallaşdırdı. 

10 dekabr 2020-ci ildə Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevlə birlikdə iştirak etməsi iki qardaş ölkənin qələbə qürurunu birgə yaşadığının təzahürü idi. 

Eyni zamanda 2021-ci ilin 15 iyun tarixində, xalqımızın Qurtuluş Günündə Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin əlaqələrini strateji müttəfiqlik səviyyəsinə yüksəltdi.

8 Noyabr - Zəfər Günündə keçirilən hərbi paraddakı çıxışında Prezident İlham Əliyev Vətən savaşı  zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi dəstəyi bir daha vurğuladı: "Bu gün bizim paradda əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!" deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq".

Öz növbəsində paraddakı çıxışında Prezident Rəcəb Tayyib Ərdoğan söylədi ki, Qarabağ Zəfəri vicdanları qanadan böyük bir ədalətsizliyə son qoymaqla qalmadı.  Eyni zamanda bölgəmizdə yeni bir dövrün qapılarını açdı: "Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük".

Türkiyə lideri çıxışında onu da qeyd etdi ki, Azərbaycanın sarsılmaz dəstəyi ilə Şimali Kipr Türk Respublikasının türk dünyası içərisindəki mövqeyinin güclənməsini arzu edir.

Məlum olduğu kimi, Azərbaycan Şimali Kipr məsələsində daim Türkiyənin yanındadır və bu istiqamətdə əməli addımlar atır. 

Hər zaman çiyin-çiyinə

   

İkinci Qarabağ müharibəsi dövründə qardaş Pakistan da Azərbaycana ən yüksək səviyyədə siyasi və mənəvi dəstək göstərdi. 

28 oktyabr 2020-ci ildə Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul etdi.

Onu da deyək ki, Pakistan Ermənistanın Azərbaycana qarşı otuzillik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biridir. Eləcə də Vətən müharibəsində Pakistan Azərbaycanın yanında oldu, haqlı mübarizəsində ona siyasi, mənəvi dayaq durdu. 

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paraddakı çıxışında dedi ki, Pakistan, Azərbaycan və Türkiyə - ürəkləri bir döyünən üç qardaş bu gün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə, hamılıqla qeyd edir: "Azərbaycanlı və türk qardaşların arxasınca marşla gedən müzəffər Silahlı Qüvvələrimizi görmək, əlhəmdülillah, hər il güclənən möhkəm dostluğumuzun gözəl rəmzi olan "ÆF-17 İldırım" qırıcı təyyarələrin gurultulu səsinə qərq olan səmanı seyr etmək nə dərəcədə fəxarət və duyğulandıran mənzərədir".

Xatırladaq ki, bir neçə ay əvvəl Pakistan və Hindistan arasında baş verən gərginlik zamanı Azərbaycan və Türkiyə bu ölkəyə açıq şəkildə dəstəyini bildirdi.

Noyabrın 8-də Azadlıq meydanında keçirilən hərbi paradda Pakistan Baş naziri də bu məqama diqqət çəkdi: "Bu ilin mayında Hindistanla dördgünlük mübarizə zamanı bütün dünya Azərbaycan ilə Türkiyənin böyük xalqlarının və qətiyyətli rəhbərlərinin Pakistanın yanında dayandığının şahidi oldu".

Onu da xatırladaq ki, bu il 28 May - Müstəqillik Günündə qardaş ölkələr - Azərbaycan, Türkiyə və Pakistanın liderləri Laçında Zirvə görüşü keçirdilər. Azad Qarabağ torpağından sülh mesajları verən liderlər xalqlarının, ölkələrinin milli maraqlarına istənilən təhdidə qarşı birgə mübarizə aparacaqlarını dünyaya bəyan etdilər.

8 Noyabr - Zəfər Günündə Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Azərbaycan-Türkiyə-Pakistan hərbçilərinin birgə iştirakı da üç qardaş və dost ölkənin faktiki hərbi ittifaq formasında olmasının nümayişi idi. 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Избранный
40
azerbaijan-news.az

1Источники