Braziliyanın Amazon bölgəsində yerləşən Belen şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində ciddi etiraz aksiyası baş verib.
Hafta.az Braziliya mətbuatına istinadla xəbər verir ki, onlarla yerli icma nümayəndəsi sammitin keçirildiyi əraziyə daxil olmağa cəhd göstərib və təhlükəsizlik əməkdaşları ilə toqquşma yaşanıb. Etirazçılar hökumət və beynəlxalq ictimaiyyətdən iqlim dəyişikliyinə qarşı təcili tədbirlər görməyi, Amazon meşələrinin qorunmasını və yerli xalqların hüquqlarının təmin edilməsini tələb ediblər.
Aksiya iştirakçıları “Torpağımız satılmır” və “Pul yeyilməz” kimi şüarlar səsləndiriblər. Tupinamba icmasının liderlərindən olan Gilmar çıxışında bildirib:
“Biz pula deyil, torpağa, təbiətə möhtacıq. Yaşamaq üçün torpağımızı, meşəmizi qorumaq istəyirik”.
Hadisə zamanı təhlükəsizlik əməkdaşları etirazçıları ərazidən uzaqlaşdırmağa çalışıb, giriş hissəsində müvəqqəti baryerlər qurulub. Qısa müddətli qarşıdurma nəticəsində iki təhlükəsizlik əməkdaşının yüngül xəsarət aldığı, binanın giriş hissəsinə isə cüzi zərər dəydiyi bildirilir.
BMT-nin rəsmi nümayəndəsi hadisə ilə bağlı açıqlamasında bildirib ki, Braziliya və BMT-nin təhlükəsizlik qüvvələri vəziyyətə dərhal reaksiya verib və tədbirin təhlükəsizliyini təmin edib:
“Hadisə araşdırılır, məkan tam təhlükəsizdir və COP30 danışıqları əvvəlki kimi davam edir”.
Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva COP30 müzakirələrində yerli icmaları iqlim siyasətinin əsas tərəfdaşları kimi təqdim edib. Həftənin əvvəlində bir neçə yerli lider qayıqlarla Belenə gələrək, meşələrin idarə olunması və qorunması məsələlərində daha çox söz sahibi olmaq istədiklərini bəyan ediblər.
Amazon bölgəsinin tanınmış liderlərindən Raoni Metuktire də çıxışında bildirib ki, yerli xalqlar meşələrin qorunmasında əsas rol oynamalıdırlar və hökumət onlara daha geniş səlahiyyətlər verməlidir.