RU

MİNİMUM ƏMƏKHAQQI, YÜKSƏK VERGİ... – Onların qazancı yaşayış minimumuna yaxın olacaq

"Vergi Məcəlləsinə" təklif edilən yeni dəyişikliklərə əsasən, yeni ildən özəl sektorda 2500 manatadək əməkhaqqı 3 faiz gəlir vergisinə cəlb ediləcək. Dövlət və neft-qaz sektorunda olduğu kimi, özəl sektorda da vergidən azad olunan məbləğ 200 manat nəzərdə tutulub.

2026-cı ildə isə hökumət yaşayış minimumunu və ehtiyac meyarını 300 manat səviyyəsində müəyyən edib. Əmək qabiliyyətli şəxslər üçün bu rəqəm 317 manat, uşaqlar üçün 260 manat, pensiyaçılar üçün isə 245 manat təşkil edəcək.

Ehtiyac meyarı – 1 ay ərzində 1 nəfərin yaşamaq üçün ehtiyac duyduğu ən zəruri ərzaq, gündəlik tələbat malları və s. xərcləridir. Xatırladaq ki, 2026-cı ildə minimum əməkhaqqı artmayacaq – 400 manat səviyyəsində qalacaq. Amma 400 manatın 200 manatından 3 faiz də gəlir vergisi tutulacaq. Beləliklə, minimum əməkhaqqı alan vətəndaşın əlində bu qədər pul qalacaq:

İşçinin sosial sığorta haqqı: əməkhaqqının 3%-i olub, çıxılır.

İşsizlik sığortası haqqı: əməkhaqqının 0,5%-i təşkil edir.

Tibbi sığorta: əməkhaqqının 2%-i olur (ailə üçün olduğu halda).

Beləliklə, 400 manatlıq minimum əməkhaqqından çıxılmalar təxminən belə ola bilər:

Gəlir vergisi:

200 manat × 3% = 6 manat

Sosial sığorta haqqı:

400 manat × 3% = 12 manat

İşsizlik sığortası haqqı:

400 manat × 0,5% = 2 manat

İcbari tibbi sığorta haqqı:

400 manat × 2% = 8 manat

Cəmi tutulmalar: 6 + 12 + 2 + 8 = 28 manat

İşçinin əlində qalan vəsait:

400 – 28 = 372 manat.

Beləliklə, minimum əməkhaqqı alan vətəndaşın real gəliri 372 manat olacaq. Bu da o deməkdir ki, 2026-cı ildə minimum əməkhaqqı alan işçinin gəliri cəmisi 55 manat fərqlə yaşayış minimumunu (317 manat) üstələyir.

Dövlət Statistika Komitəsinin və müxtəlif əmək bazarı araşdırmalarının məlumatları göstərir ki, hazırda ölkədə muzdla çalışanların ümumi sayı 1,77 milyon nəfərdir. Onların arasında maaş bölgüsü kəskin fərqlənir. Orta aylıq əməkhaqqı 2025-ci ilin yanvar–avqust aylarında 1043 manat göstərilsə də, bu rəqəm əmək bazarındakı real vəziyyəti tam əks etdirmir. Maaş bölgüsündə yüksək gəlir alan kiçik təbəqə orta göstəricini süni şəkildə artırır.

Müstəqil ekspertlərin iddialarına görə, Azərbaycanda muzdla işləyənlərin içərisində 400 manat və ondan bir qədər yuxarı əməkhaqqı alanların sayı kifayət qədər yüksəkdir. Yəni işləyənlərin müəyyən hissəsi sosial ödənişlər çıxıldıqdan sonra minimum əməkhaqqına yaxın və ya bir qədər çox gəlir əldə edir.

Ekspertlər hesab edirlər ki, buna görə də minimum əməkhaqqına yaxın maaş alanların vergidən azad olunması sosial ədalət baxımından əhəmiyyətlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təklif edir ki, minimum əməkhaqqı gəlir vergisindən azad edilməlidir. Onun sözlərinə görə, əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq, oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur: “Həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunması sosial təminat baxımından da arzuolunandır. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik”.

İqtisadçı hesab edir ki, həm dövlət, həm də özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşların da gəlirlərini artıra bilər.

“Belə ki, bu halda gəlir vergisi hesablanarkən vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşların artımına gətirib çıxarar. Bu o deməkdir ki, bu halda 2500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər”, – o qeyd edib./azpolitika

Избранный
19
1
hurriyyet.az

10Источники