RU

Naxçıvandakı Duzdağ Müalicə Mərkəzi bağlanır? – Açıqlama

Xəbər verdiyimiz kimi, Naxçıvan Duz Muzeyi ləğv edilib. Muzeyin ləğv edilmə səbəbi məlum deyil. Ləğv barədə qərarın iki ay ərzində icra ediləcəyi bildirilir.

Qeyd edək ki, Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzey 2017-ci ildə yaradılmışdı.

Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb.

 



Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Günel Nur Musavat.com-a bildirib ki, bəzi media resurslarında yayılan “Naxçıvan Duz Muzeyinin ləğvi” ilə bağlı xəbərlərdə Duzdağ Müalicə Mərkəzinə aid fotoşəkillərin istifadə edilməsi ictimaiyyətdə müəyyən yanlış təsəvvür yaradıb:

“Duzdağ Müalicə Mərkəzi fəaliyyətini davam etdirir. Bəzi media resurslarında yayılan məlumatlarda “Naxçıvan Duz Muzeyinin ləğvi” ilə bağlı xəbərlərdə Duzdağ Müalicə Mərkəzinə aid fotoşəkillərin istifadə edilməsi ictimaiyyətdə müəyyən yanlış təsəvvür yaradıb. Duz Muzeyi iki ilə qədər Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərdi. Sonrakı taleyindən xəbərimiz olmadı.

Bu münasibətlə bildiririk ki, Duzdağ Müalicə Mərkəzi Duz Muzeyindən fərqli qurumdur və öz fəaliyyətini tam şəkildə davam etdirir. Paylaşılan fotoşəkillər səhvən mərkəzimizə aid olduğu üçün bəzi oxucular tərəfindən mərkəzin də fəaliyyətini dayandırdığı kimi anlaşılıb.

Duzdağ Müalicə Mərkəzi hazırda fəaliyyətini genişləndirir, müasir tibbi xidmətlərin tətbiqi, yeni müalicə proqramlarının yaradılması və qonaqlar üçün rahat infrastrukturun təmin olunması istiqamətində ardıcıl işlər həyata keçirilir.

Mərkəz həm yerli, həm də xarici qonaqlar üçün unikal təbii şəfa mühiti təqdim etməklə, regionun aparıcı sağlamlıq və turizm məkanlarından biri kimi fəaliyyət göstərir.

Duzdağ Müalicə Mərkəzi adından media qurumlarından və ictimaiyyətdən xahiş olunur ki, bu məsələ ilə bağlı yayılan vizual materiallarda dəqiqlik gözlənilsin və mərkəzimizlə bağlı yanlış təsəvvürlərin qarşısının alınmasına diqqət yetirilsin.

Mərkəzimiz hər zaman olduğu kimi, bu gün də öz fəaliyyətini uğurla davam etdirir və bütün qonaqları Duzdağın şəfalı mühitindən yararlanmağa dəvət edir”

Избранный
30
4
sitat.info

5Источники