RU

“Tibb müəssisələrində ciddi problemlər var” - Tanınmış həkimdən AÇIQLAMA

"Mən həmişə belə mövzularda obyektiv olmağa çalışmışam. Burada məsələ ondan ibarətdir ki, tibbi müəssisələrinin maddi-texniki bazalarında ciddi problemlər var. Həm avadanlıq çatışmazlığı, həm də təmir tərəfdən əskiklər çoxdur". 

Bu sözləri "Yeni Sabah"a açıqlamasında tanınmış radioloq Aydın Əliyev deyib. O bildirib ki, icbari tibbi sığortaya qədərki dövrdə tibb müəssisələrinin təchizatı daha aşağı səviyyədə idi:

"SSRİ dağıldıqdan sonra yeni qurulan və təmir edilən tibb müəssisələrinin sayı indiki əhalinin sayına adekvat deyil. Xüsusən də icbari tibbi sığortaya qədərki dövrdə tibb müəssisələrinin təchizatı daha aşağı səviyyədə idi. Bu, 30 illik dövrü əhatə edir. İcbari tibbi sığorta 2020-ci ildən başlayıb. Həmin müddət ərzində həm dərman təchizatı, həm də maddi texniki təminatın yenilənməsi çox aşağı səviyyədə idi".

Həkim bildirib ki, səhiyyə sahəsindəki digər ciddi problem kadr çatışmazlığı ilə bağlıdır:

"Kadr çatışmazlığı isə son illər daha çox artıb. Sovet dövründə əhalinin sayına müvafiq olaraq, daha çox həkim universitetdə təhsil alırdı. İndi təəssüflər olsun ki, yaxşı kadrların bir çoxu xaricə getmək istəyir. Bu həqiqətən ağrılı reallıqdır. Gənc və perspektivli kadrların əksəriyyəti inkişaf etmiş ölkələrə üz tutur. Onlar həmin ölkələrdə olan rifah halını gördükdən sonra bura qayıtmaq istəmir. Biz onları qınaya bilmərik. Elə bil şərait yaratmalıyıq ki, gənc həkimlərin özləri ölkəmizdə qalmağa üstəlik versinlər. Əks təqdirdə, daha ciddi böhran yarana bilər".

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ötən həftə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deyib ki, Azərbaycandakı 2500-ə yaxın tibb məntəqəsinin 43 faizi xidmətə yararsızdır. O, səhiyyə sahəsində kadr çatışmazlığının olduğunu da təsdiqləyib.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
46
2
yenisabah.az

3Источники