RU

Qarabağ intizarından Zəngəzur və Araz dəhlizinədək keçilən şərəfli yol

Vaxt var idi gündəmimizin əsas müzakirə mövzularından biri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçiriləcək Soçi görüşündə Qarabağ məsələsinin müzakirə mövzusu olub-olmayacağı barədə baş sındırırdıq. Həsrətlə gözləyirdik, gözlərimiz yolda, qulağımız səsdə olardı. Bu gün Türkiyənin cumhurbaşqanının Qarabağ Zəfərinin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyevlə çiyin-çiyinə dayanması, Azərbaycan və Türkiyənin əbədiyyətə qədər bir yerdə olacağı barədə ürəyimizi riqqətə gətirən çıxışından, Qarabağın və Şərqi Zəngəzurdakı quruculuq işlərindən fəxarətlə danışmasından bəhs edirik. Bir zamanlar hansısa kənar müdaxilə ilə üzləşə biləcəyimiz halda, qardaş Türkiyə kimi dost Pakistanın da ölkəmizə yardım edib-etməyəcəyi haqda təxminlər səslənirdi. 8 Noyabr paradında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif şərəf tribunasından çıxış edib hər birimizi qürurlandırdı. Ardınca Türkiyə və Pakistan hərbçiləri Azərbaycan komandosları ilə birlikdə Azadlıq meydanından mətin addımlarla keçərək düşmənə “ağıll ol” mesajı verdilər. Paytaxtımızın səmasında süzən Türkiyənin “F-16”ları, Pakistan və Çin istehsalı olan “JF-17 Thunder”ləri bütün dünyaya səs saldılar. Quruda da, səmada da, birlik nümayişinə şahid oludu hər kəs. On illər öncə bunlar bizim üçün xəyal idi. Xəyallarımızı gerçəkləşdirən dövlətimizlə, ordumuzla, liderimizlə qürurlanmaq haqqına sahib olmuşuq, şükürlər olsun!

Hikmət

8 Noyabr hərbi paradı dünyanın aparıcı media orqanlarının əsas mövzularındandır. Öz ərazilərini təkbaşına azad edən dövlətin qüdrətinin, dost-qardaş ölkələrlə sədaqətə əsaslanan müttəfiqliyinin nümayişi oldu bu hərbi keçid. Bir zamanlar “Euronews” telekanalında Azərbaycan adını eşitməkdən ötrü həsrətlə gözləyirdik. Deyirdik görəsən torpaqlarımızın işğalda olması, Azərbaycan həqiqətlərinin dünyaya yayılması üçün obyektiv bir reportaj görəcəyikmi? Bəzən həqiqətlər dilə gətiriləndə uşaq kimi fərəhlənirdik. Budur, dünyaca məşhur telekanal 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paraddan reportaj yayımlayıb. Azərbaycanın on illərlə davam edən işğala son verdiyi vurğulanıb, Prezident İlham Əliyevin hərbi paraddakı çıxışına diqqət çəkilib. Həmçinin Qarabağın bərpasından bəhs edilib.

Prezident

Prezident İlham Əliyev hərbi paradda azad olunmuş ərazilərdəki dirçəlişdən məmnuniyyətlə bəhs etdi. Sitat: “Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır”. Bəli, bayrağımız şəhid qanları ilə yoğrulmuş torpaqlarımızda əbədi dalğalanacaq! Bu günlərdə, elə Bakıdakı hərbi paraddan sonra da Ermənistandakı revanşistlərin yenidən baş qaldırdığını, Qarabağdan dovşan kimi qaçmış separartçıların xarici havadarlarından aldıqları təlimatlar əsasında yuvalarından çıxıb, baş qaldırdıqlarını, dil uzatdıqlarını müşahidə edirik. Deyəsən, onların da könlünə Bakıdakı təcridxanasında çay içmək düşüb, əks təqdirdə Köçəryan, Sərkisyan, Balasanyan və digər “yan”-lar, Qarabağ canilərinin boşboğazlığının səbəbini anlamaq olmur. İlham Əiyev onların tabutuna mismarı hələ 2020-ci ilin 44 günlük Vətən Müharibəsindən sonra, Ağdam məscidinin qarşısında vurmuşdu, “biz Köçəryanın və Sərkisyanın ordusuna qalib gəldik”, deməklə, darmadağın edilmiş “keçilməz” Ohanyan səddini cəhənnəmə göndərməklə sözünü dedi Qalib Ali Baş Komandanımız! Bundan sonra Köçəryan, yaxud Sərkisyanın ölü gözləri görər hakimiyyəti! Əgər Nikol Paşinyanın imzaladığı kapitulyasiya aktını, Vaşinqtondakı razılaşmalarını tanımayacaqlarsa, bundan zərər çəkən Ermənistan və erməni xalqı olacaq, bundan sonrasını özləri düşünsünlər!

Hikmət

Azərbaycan isə öz işində, öz yolundadır. Qələbəmizi həzm edə bilməyənlər də artıq reallığı dərk etməyə başlayıb, Azərbaycanla əməkdaşlığa can atırlar, Makrondan digərlərinədək! Dünənə qədər Azərbaycanı reallıqla – torpaqlarımızın ilhaqı ilə - barışmağa çağıran, gizli-açıq şəkildə təzyiqlər edən mərkəzlər, paytaxtlar, təşkilatlar bu gün heyrətlə dövlətimizin keçdiyi bu, şərəfli yolundan bəhs edirlər, həm qısqanclıqla, həm də həsədlə! “Euronews”un reportajında Prezident İlham Əliyevin 6 noyabrda Bakıda NATO nümayəndə heyəti ilə görüşündən bəhs edilməsi də ölkəmizə böyük diqqətin göstəricisidir. Diqqət edin, kimlərsə NATO ilə əməkdaşlığa görə zülüm-zillətlə baş-başa qalıb, amma Azərbaycanın uğurlu xarici siyasəti, İlham Əliyevin rəhbərliyi ilə xarici siyasətimizin, diplmatiyamızın ustalığı nəticəsində Alyansla ikitərəfli əsaslarla əməkdaşlığımıza kimsə burun soxa bilmir, çünki rəsmi Bakının strategiyası hansısa xarici müdaxiləyə əsas və bəhanə yaratmır. Bütün ölkələr və təşkilatlarla “sosial məsafəni gözləmək şərtilə” əməkdaşlıq edirik - bu, bir Azərbaycan nümunəsidir!

Hərbi

Azərbaycan ordusunun 5 min nəfərlik xüsusi təyinatlısının hərbi paraddakı nümayişi həm də yaxın gələcəyin anonsudur. İlham Əliyev hələ 44 günlük müharibədən az sonra ordumuzun Türkiyə modelinə keçidindən bəhs etmişdi. Budəfəki nümayiş həm də o deməkdir ki, peşəkar orduya keçidə çox az qaldı. NATO standartlı orduya malikdir artıq Azərbaycan, bu, möhtəşəm nəticədir! Azərbaycan bu günədək çox uzun və şərəfli yol keçdi. NATO ilə əməkdaşlıq, NATO-nun aparıcı ölkələrindən, güclü orduya malik dövlətlərindən olan qardaş Türkiyə ilə təkcə bir il ərzində 25 hərbi təlim keçirməyimizin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, dünya mediası Azərbaycanın NATO ilə əməkdaşlığından bəhs edərkən enerji təhlükəsizliyi və regional əlaqələr, eləcə də sülhməramlı əməliyyatlarda birgə iştirakını vurğulayır. Ordumuz bir sıra qaynar nöqtələrdə sülhməramlı olaraq iştirak etməklə özünü təsdiqlədi. Bu gün qalib ordu olaraq daha güclüdür, həm də 4-5-ci nəsil silahlarla təchizolunması ordumuzun imkanlarını qat-qat yüksəldib. Amma məram-məqsəd eynidir: sülh və təhlükəsizlik naminə güclənirik!

Zəngəzur

Dünənə qədər Azərbaycan Ermənistanın işğalına məruz qalmasından bəhs edir, dünyanı ədalətə çağırırdı. Bu gün Azərbaycan Zəngəzur dəhlizini tikir, dünyanın iki qitəsini qovuşduracaq nəhəng marşrutu reallaşdırmaq istiqamətində xarüqələr yaradır. Təsadüfi deyil ki, “Euronews” daxil, bir sıra aparıcı telekanallar, media orqanları 8 avqustda Vaşinqtonda paraflanmış sülh sənədindən, Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli münasibətlərin bərpasına yönəlmiş mövqeyindən, Zəngəzur dəhlizindən (TRIPP layihəsi) bəhs edirlər. Bu reallığı Azərbaycan yaradıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə! Vaxt gələcək dünyaca ünlü telekanallar Zəngəzur dəhlizindən, Araz dəhlizindən keçən qatarların və avtomobillərin Naxçıvan bölgəmizə və qardaş Türkiyəyə təhlükəsiz şəraitdə yetişməsindən bəhs edən reportajlar yayımlayacaqlar! İlham Əliyev dediyi hər bir sözün arxasındadır, bunu prezidentlik dövründə dəfələrlə sübuta yetirib, özü də artıqlaması ilə! “Şuşasız işimiz yarımçıq qalar”, demişdi, nəinki Şuşanı, Xankəndini, Xocalını, Xocavəndi, Hadrutu, Ağdərəni...də azad etdi! Zəngəzur dəhlizini vəd etmişdi, üstəlik Araz dəhlizini də açır. Təsəvvür edin, bir dəhliz söz vermişdi, önümüzü kəsmək istəyənlərin acığına ikincisini də reallaşdırır! İnşallah gələcək bizimdir, bu günümüzün qədrini bilək, bir olaq, diri olaq, iri olaq!

Elşad Paşasoy,
Musavat.com

Избранный
36
2
musavat.com

3Источники