RU

Azərbaycanda çalışan əcnəbinin digırlərindən fərqləndirən cəhət - O, bunu etiraf etdi!

"Sabah" milli komandalarla bağlı fasiləyə yüksək əhval-ruhiyyədə yollandı.

Komanda "Qəbələ"nin ardınca "Kəpəz"i də məğlub edərək, fasilə öncəsi 3-cü pillədə özünə yer etdi.

Üstəlik, "Sabah" rəqiblərinə nisbətdə 1 oyun az keçirib. Düzdü, Masazır təmsilçisinin təxirə salınmış oyunu lider "Qarabağ"ladır. Amma istənilən halda, "Sabah"ı çempionatın potensial lideri saymaq olar.

Komanda 3 xal qazansa da, "Qəbələ" ilə oyunda olduğu kimi bu matçda da heç də ideal görünmürdü.

Həmişə gördüyümüz "Sabah" deyildi. Amma istənilən halda 3 xal, 3 xaldır. Əvvəlki mövsümlərdə "Sabah"da əsas çatışmayan cəhət bu idi.

Pis oynadığı oyunlarda qələbəyə həsrət qalırdı. İndi isə Valdas Dambrauskas bir yolunu tapıb hətta nisbətən zəif təsir bağışladıqları oyunlardan da 3 xalı çıxarmağı bacarır.

Bəlkə də indi gözə görünmür, amma mövsümün sonunda bu xallar qızıl dəyərində olacaq.

"Sabah"da daha bir müsbət məqam gözə dəydi. Bəlkə də çoxu bu məqamı gözdən qaçırdı.

Oyundan sonra Dambrauskas israrla qələbəyə rəğmən yaxşı oynamadıqlarını qeyd etdi. Baş məşqçilərdən çox nadir hallarda eşitdiyimiz sözlərdi.

Bir çox baş məşqçi, əsasən də legioner mütəxəssislər ən kiçik qələbəni belə klub rəhbərliyinin gözündə böyütməyə, sanki böyük bir iş bacarmış kimi sırımağa çalışırlar.

Dambrauskas isə səmimidir, adam son 5 oyunda qazanılan 4 qələbəni, potensial lider olmaqlarını gözə soxmaqdansa, çatışmazlıqları dilə gətirir.

Hələ ideal oyun sərgiləmədiklərini, bu cür oyunla "Qarabağ", "Neftçi" kimi rəqiblərlə çətin olacağını qeyd edir.

Oysa da ki, onun "Sabah"ı cari mövsümdə digər iddialılar - "Turan", "Zirə" kimi komandalarla oyunlarda kifayət qədər üstün futbolla 3 xalı hesabına yazıb.

Buna baxmayaraq, Dambrauskas sakitləşmir, rahatlaşmır. Bununla futbolçuları da rahatlaşmağa qoymur. Düz də edir.

Turnir cədvəlinə baxan hər bir ağıllı insan əsl mübarizənin hələ irəlidə olduğunu, bu mübarizədən sağlam çıxmaq üçün isə indikindən daha artığını ortaya qoymaq lazım olduğunu yaxşı bilir - Dambrauskas kimi.

Xəlil Sadıq

Избранный
39
sportinfo.az

1Источники