Bakı, 10 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin(FHN) “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mersedes” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1988-ci il təvəllüdlü Eminaqarov Zaur Rəşid oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.