RU

Qurbağa əti ilə bağlı ŞOK XƏBƏRDARLIQ: Əgər yesəniz, bu xəstəliklərə yoluxacaqsınız

Tək bizim ölkədə deyil, dünya ət bazarında qlobal böhran yaşanır. Çox güman ki, elə bu səbəbdən qiymətlər rekord həddə çatıb.

Bir il əvvəl bazarımızda mal ətinin bir kiloqramının qiyməti 13 manat 75 qəpik, quzu əti isə 18 manat 25 qəpik, bəzi yerlərdə isə 19 manat idi.

Elə Dövlət Statistika Komitəsi də 2025-ci ildə ət və ət məhsullarını demək olar ki, hər ay bahalaşdığını açıqladı. Bildirdi ki, ilin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8 faiz artıb.

Bu ilin sentyabr ayında , məsələn “8-ci kilometr” bazarında mal ətinin bir kiloqramı 17-19 manat arası, quzu əti isə 22 manata satılıb.

Bu o deməkdir, konkret iş yeri olmayan və yaxud günəmuzd işləyən əhalinin böyük əksəriyyətinin ay ərzində 3-4 dəfə ət yemək imkanı sıfıra bərabərdir.
Ət yüksək keyfiyyətli protein, dəmir, fosfor, kükürd, maqnezium kimi minerallar və PP, B2 və B1. vitaminlərinin əsas mənbəyi olduğunu bilən, ağır, riskli işlərdə, günəmuzd işlərdə işləyən insanların aqibəti bizi seçim axtarmağa məcbur etdi.

Ət almağa imkanı olmayanlar nə yesə , orqanizmləri güclü olar?

Çox araşdırdıqdan sonra məlum oldu ki, Qurbağa əti aşağı yağlı, yüksək zülallı və vitamin-mineral baxımından zəngin bir qidadır. Tərkibində Omega-3, kalium, fosfor, A və D vitaminləri var. Məlumdur ki, Bakıda bir sıra restoranların menyusunda qurbağa əti təklif olunur. Qurbağa ətinin Asiya ölkələrindən dondurulmuş şəkildə Azərbaycana idxal olunduğu və Bakıdakı restoranların ondan müxtəlid yemək növləri hazırladığı bildirilir.

Əhalimizin böyük əksəriyyəti müsəlmandır deyə “müsəlmanlara qurbağa əti yemək olarmı” sualı da bizi xeyli məşğul etdi. Araşdırmalardan sonra aydın oldu ki, fikir müxtəlifliyi var. Məsələn, ilahiyyatçı Tural İrfan deyir ki, düzdür,

Quranda qurbağa ətinin haram olması yoxdur,

İslam üləmasının çoxluğuna görə, qurbağa yemək doğru deyil. Elə ilahiyyatçı Ağa Hacıbəylinin fikri də bundan fərqli deyil: Hacıbəyli deyib ki, Məhəmməd peyğəmbərin dövründə qurbağanın öldürülməsi qadağan edilib, yeyilməsi isə caiz görülməyib.

Əslində hədislərdə bununla bağlı maraqlı məlumatlar var. Deyilir ki, bir gün bir həkim peyğəmbərimizdən qurbağadan alınıb hazırlanan bir dərman haqqında danışdığı deyilir. Peyğəmbərimiz qurbağanın öldürülməsini qadağan edib.

Həmçinin peyğəmbərimiz başqa bir hədisdə murdar (pis, xəbis) hesab edilən şeylərin dərman kimi istifadə olunmağını qadağan edib.

Belə qənaətə gəlinir ki, peyğəmbərimiz qurbağanı çirkin hesab edib. Amma Qurani-Kərimdə isə Allah Təala sadəcə olaraq təmiz olanları yemək əmri buyurub. (Əhməd ibn Hənbəl, 3/453; Əbu Davud, Tibb, 11; Nəsai, Sayd, 36; İbn Macə, Sayd, 10.)

Qurbağanın da təmiz su hövzələrində yaşadığını nəzərə alsaq, qurbağanın müsəlmanlara haram olmadığını görərik.

Bundan sonra da Xalq təbabəti üzrə mütəxəssis Seyfəddin Əsədin mediadakı açıqlaması müsəlmanlara qurbağa yeməkdə dəstək oldu.

Seyfəddin həkim deyir ki, dünyada iki təmiz canlıdan biri qurbağadır. Qurbağa beş dəfə özünü suya salıb çıxarır və təmizlənir. Yəni bu qədər təmizdir. Qurbağa ətini istəyənlər rahatlıqla yeyə bilər, çünki qadağası yoxdur. Tibbi baxımdan da heç bir əks-göstəriş yoxdur. O ki qaldı toyuq əti ilə müqayisəyə – qurbağa ətini bir dəfə dadan adam həmişə onu yemək istəyir. Çox zaman toyuq ətindən üstün tutulur. Xüsusi təyinatlılarda hazırlıq keçən şəxslərə qurbağa əti verilir. Amma yeyilməsi üçün xüsusi yetişdirilən qurbağalar istifadə olunmalıdır. Eyni zamanda digər ət məhsulları necə saxlanılırsa, qurbağa da o qaydada soyuducuda xüsusi şəraitdə saxlanmalıdır. Qurbağa min bir dərdin dərmanıdır – bronxial astma, zob xəstəlikləri, süd vəzisinin mastopatiyası, yuxusuzluq kimi problemlərin müalicəsində qurbağadan istifadə olunur”.

Qida mütəxəsisi Ağa Salamovun açıqlaması da “qurbağa əti” həvəslilərin iştahını açdı. Qida mütəxəssisi deyir ki, əgər kimsə desə ki, qurbağa əti yeyən adam ölər və ya zəhərlənər – bu, yanlışdır. Burada əsas məsələ qurbağanın haradan əldə olunmasıdır. Əgər ölkəyə gətirilən qurbağalar təbiətdən, yəni göl və ya bataqlıq kimi yerlərdən tutulubsa, bu, təhlükəli ola bilər. Çünki təbii mühitdə yaşayan qurbağaların orqanizmində müxtəlif bakteriyalar və zərərli mikroorqanizmlər olur. Bu da qida zəhərlənməsinə səbəb ola bilər.
Ancaq broyler şəklində, yəni fermalarda xüsusi baytar nəzarəti altında yetişdirilən qurbağalar zərərsiz hesab olunur və istehlakı üçün təhlükə daşımır

Elə müsəlman olaraq yenicə iştahlanmaq istəyirdik ki, həkim-terapevt Zakir Quliyevin “qurbağa” haqqında rəyi gözümüzə sataşdı. Həkim də deyir ki, qurbağa ətinin tərkibində ciddi parazitlər, bakterial infeksiyalar var.

“Qurbağa daha çox çirkli sularda yaşadığı üçün salmonella, ayremonas kimi infeksiyalarla zəngin olur. Eyni zamanda tərkibində güclü, öldürücü xüsusiyyətə malik olan zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya, hətta anaflaktik şoka qədər gətirib çıxara bilər”.

Sonda araşdırmalarımdan məlum oldu ki, sən demə, qurbağanın əsasən ayaq hissəsi yeyilirmiş. Hər 100 qram qurbağa ətində təxminən 73 kalori, 16 qram zülal və cəmi 1 qram yağ mövcuddur. Nəzərə alsaq ki, qurbağalar dondurulmuş şəkildə ölkəyə gətirilir və biri 3-5 manat aralığında satışa çıxarılır.

Xatırladaq ki, bu ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi bir sıra heyvan mənşəli qida məhsullarının xarici ölkələrə ixracının həyata keçirildiyini və İtaliya, Fransaya 3.6 ton qurbağa ayağı məhsulunun satıldığını açıqlayıb.

P.S. Qoyun, quzu, mal əti yeyə bilməyənlərin taleyi qurbağa sarıdan da gətirmədi.

Əntiqə Rəşid

Избранный
32
nocomment.az

1Источники