RU

Soyuq başla düşünüb hərarətli qərarlar qəbul etməyin zamanı

Putinin strateji məğlubiyyəti

Dörd ay əvvəl, iyul ayında Ukraynada idim. Bir həftə Kiyev və ətrafında- Rusiya ordusunun qətliam törətdiyi İrpen, Buça şəhərlərində də oldum. Kiyevdə qaldığım müddət ərzində müharibəni gecələr sirena səsləri, dron, raket hücumları ilə hiss edir, sığınacağa gedir, səhərisi gün dağıntıları görürdüm. Qalan saatlarda sanki adi həyat yaşanırdı. İndi, yəni dörd aydan sonra Kiyevdə o adi həyat təsiri bağışlayan reallıqdan əsər-əlamət qalmayıb. Yaşamaq daha təhlükəli bir dövrə daxil olub. Nə işıq var, nə qaz. Həyat bütün ağırlığı, hər keçən gün çətinliyi ilə Ukrayna xalqının üstünə gəlir, dünya isə təbii fəlakətin yox, insanların, daha doğrusu Putinin yaratdığı faciənin şahidliyini edir.

Ukrayna bu gün bəşəriyyətin gözü qarşısında davam edən bir matəmgahdır. Soyuqların başlaması ilə Rusiyanın Ukrayna enerji blokunu darmadağın etməsi əhalini soyuqdan və işıqsızlıqdan elə bir çətinliyə salıb ki, sərhədlərdə ölkəni tərk edənlərin böyük bir növbəsi yaranıb. Növbə o qədər böyükdür ki, Polşa və Moldova istiqamətində çətinliklə 12 saat ərzində sərhəd keçmək mümkün olur. Sərhədi keçən əhalini isə müharibənin ilk aylarından fərqli olaraq çox pis qarşılayırlar. Yeni Ukrayna qaçqınlarına demək olar ki, heç bir yardım edilmir və məcbur edirlər ki, Qərbi Avropa ölkələrinə-Almaniyaya, Niderlanda, Belçikaya və digər ölkələrə keçsinlər. Hərçənd, o ölkələrdə də yaxşı qarşılanmırlar. Putin isə müharibəni daha da şiddətləndirir və “eyni millətik” dediyi ukraynalıları daha amansız hücumlara məruz qoyur.

IMG_4935.jpeg

Putin müharibəsi öz təbiətini dəyişməyib və Pokrovskdan sonra da dəyişməyəcək. 16 aydır Pokrovsk istiqamətində uğur əldə edə bilməyən Putin, Trampın sanksiyasından sonra “ət müharibəsi” hesabına bu şəhəri işğal etməyi əmr edib, bütün Donbasa sahib olduğunu dünyaya sübut etmək istəyir. Amma, bu son olmayacaq. Putin ekspansiyasının son nöqtəsi Pokrovsk, Kramatorsk və ya Slavyansk deyil, Ujqoroddur, yəni Ukraynanın sərhədinin bitdiyi, NATO sərhədinin başlandığı yer. Deməli, müharibənin bu ilin, ya gələn ilin sonuna bitəcəyi kimi guya “nikbin” proqnoz vermək istəməyimizlə arzularımızı dilə gətirirmişik, reallığı yox. Və bu mənzərə dünyanın, ən əsası isə ABŞ prezidenti Donald Trampın gözü qarşısında baş verir.

Prezident səlahiyyətlərinin icrasına başladığı gündən Putini yox, Zelenskini hədəf alan Donald Tramp Rusiya prezidentinə olan xüsusi loyal münasibəti ilə Ukraynanı daha çıxılmaz vəziyyətə gətirib çıxarıb. Pokrovsk kimi böyük bir şəhər Baxmutdan bəri Rusiyanın nəzarəti altına düşməyib. Avdeyevka ən kiçik yaşayış məntəqəsi idi. Lakin həm o vaxt, həm də indi səbəb eynidir: hərbi yardımın olmaması. Avdeyevkanı itirəndə ABŞ-da respublikaçılar dəstəyi dayandırdılar. İndi Baydenin təmin etdiyi yardım paketi sadəcə tükəndiyi üçün Pokrovsk kimi müdafiə olunan şəhər itirilmək üzrədir. Yeni paket isə yoxdur, Avropanın ləng yardımı Amerika yardımını əvəz edə bilməz. Bunu həll etmək üçün Donald Tramp Putinə olan loyallığını sərt münasibətlə əvəzləməlidir.

Amma heç də hadisələr Rusiyanın tamamilə xeyrinə deyil. Bir az strateji düşünüb, baş verənləri təhlil etsək, hər şeyin Putinin maraqlarına uyğun olmadığını görərik. Etiraf edilməlidir ki, Ukrayna ərazisinin 20%-ə qədəri işğa olsa da, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı məqsədlərinə çata bilməyib, üstəlik, müharibə onun strateji uğursuzluğuna çevrilib. 2022-ci ildə Ukraynaya müdaxilə Şimali Atlantika Alyansının genişlənməsinə səbəb oldu.

Rusiya ilə 1300 kilometrlik quru sərhədi olan Finlandiya və Baltik dənizinə çıxışı olan İsveç bloka qoşuldu. Baxmayaraq ki, "xüsusi əməliyyatın" başladığını elan edən Putin "NATO hərbi maşınının" Rusiya sərhədlərinə yaxınlaşmasına icazə verməyəcəyini bildirmişdi.

Eyni zamanda, Kremlin Ukrayna prezidenti Vladimir Zelenskini vəzifədən uzaqlaşdırmaq ümidləri puç oldu. Putin Belarusdakı kimi planlaşdırdığı “dost” və ya kukla hökuməti Ukraynada əldə edə bilmədi və bilməyəcək.

Putinin guya müharibəni başlamaq səbəblərindən biri Ukraynanı “demilitarizasiya” etmək idi. İndi Avropa ölkələri “ayılaraq” həm öz müdafiələrini möhkəmlətmək üçün büdcələrinin 5%-ni hərbi xərclərə yönəldiblər, eyni zamanda Ukraynanı da silahlandırırlar.

Nəticələrə və perspektivlərə detallı nəzər salaq:

IMG_4936.jpeg

- Rusiyanın cəbhədə inanılmaz itkilər bahasına əldə etdiyi "yavaş və əhəmiyyətsiz qazanclara" baxmayaraq, müharibəni başladan Putin üçün "strateji məğlubiyyət" real görsənir.

- Operativ baxımdan bu müharibə dalana dirənib və "danışıqlar masasına oturmağın vaxtıdır, çünki bu, həyat itkisidir". NATO davamlı sülh əldə olunana qədər Ukraynanın yanında "dayanacaq".

- Rusiyanın gələcək hücumlarının risklərindən danışarkən, əgər bunlar baş verərsə, çox güman ki, hədəf Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva olacaq. Bu halda, NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi tətbiq olunacaq.

- NATO-nun hazırkı prioriteti hava hücumundan müdafiədir, Polşa və Rumıniyaya sızan Rusiya dronları ilə bağlı son hadisələr alyansı gücləndirməyə sövq edib.

Bütün bu reallıqlar sübut edir ki, Putin Ukraynada "strateji məğlubiyyətə" uğrayır.

Pokrovsk alınandan sonra, Putin Donbası tam ələ keçirdiyini bəyan edib atəşkəsə razı olacaqmı? Bəs, hadisələrin indiki mərhələsində ABŞ, daha doğrusu Tramp nə edəcək? Əgər yalnız son sanksiyalardan əlavə sanksiyalar tətbiq olunmazsa, Ukraynaya “Tomohavk” raketlərin veriləcəyi qətiləşməzsə.., Putin müharibəyə davam deyəcək və Xerson, Zaporojye vilayətlərini tamamilə ələ keçirmək üçün müharibəni davam etdirəcək. Bu da yetməyəcək, Pokrovskdan sonra Dnepropetrovsk istiqaməti relyefə görə ruslar üçün əlverişli görünür.

Rusiyaya təzyiq, Ukraynaya hərtərəfli dəstək naminə dünya, Avropa, ən əsası Tramp qarşıdakı soyuq qış günlərini soyuq başla düşünüb hərarətli qərarlar verməlidirlər. Əks halda.., yalnız Ukraynanın deyil, digər postsovet ölkələrin, hətta Avropanın ağır və çətin dövrü başlaya bilər.

Избранный
55
22
musavat.com

10Источники