RU

Tariximizin Zəfər səhifəsi: NOYABR DASTANI!

Millətin mübarizəsindən doğan qələbələr ayı...

“Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa Vətəndir” misraları Azərbaycanın son 30 illik azadlıq mübarizəsinin, həqiqət savaşının əsl simvoludur. 30 illik bir yolun hər günü, hər dəqiqəsi bu mübarizəni özündə əks etdirdi. “Tarix yaranmaz, yazılar” deyib babalarımız. Biz də öz tariximizi özümüz yazdıq - qanımızla, canımızla, hayqırtımızla. Eşidilməyən haqq səsimizi ucaltdıqca ucaltdıq. Ta ki eşidilənə qədər. Ta ki həqiqət duyuluna qədər...

Nəhayət, o gün gəldi. Böyük Şəhriyarın “Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan” misrasının günü idi o gün. Böyük Zəfərə gedən yolun başlanğıcı idi o gün. Sentyabrın 27-də əsası qoyulan bu “yol” cəmisi 44 günə, amma 30 ilə bədəli olmuş 44 günə çəkildi...

Noyabr ayı artıq beş ildir ki, həyatımıza Zəfər ayı kimi daxil olub. Artıq 5 ildir ki, bu ay təkcə təqvimdəki növbəti fəsil dəyişimi, növbəti tarix dəyişimi deyil - artıq 5 ildir ki, bu ay xalqımızın taleyinin dönüş tarixidr. 5 ildir ki, Zəfər ayı adlanan ay qürurumuzun geri qayıdışının, sevincimizin yerə-göyə sığmamasının, hər məkanda, hər yerdə “Qarabağ Azərbaycandır!” sədasının eşidilməsinin tarixidir. Otuz il davam edən həsrətə son qoyan, bizi Şuşaya, Qarabağa, Laçına, Zəngilana, Cəbrayıla, Füzuliyə, Qubadlıya, Kəlbəcərə qovuşduran bir aydır zəfər ayı. Bu bir yolun başlanğıcı deyil, bu, bir yolun sonu da deyil - bu, böyük bir yolun davamıdır. Bu, elə bir yoldur ki, addımladıqca hər qarışında rəşadətin, qəhrəmanlığın salnaməsi ilə rastlaşırsan - bu yelə bir yoldur ki, hər cığırı bir qəhrəmanlıq dastanıdır...

Zəfər ayı xalqımızın milli iradəsinin, dövlətin siyasi uzaqgörənliyinin və ordumuzun qələbə əzminin təntənəsidir. Bəlkə də mistitkadır - amma noyabr sanki tarixdə bir yerdə toplanmış böyük yaddaşdır: hər günü bir mərhələ, hər tarixi bir simvol, hər hadisəsi bir millətin yenidən doğuluşunun rəmzidir...

Zəfər ayı - bu adın özü belə qürur doğurur. Xronologiyasına nəzər saldıqda, noyabrın hər bir tarixi günü sanki Azərbaycanın bütövləşmə yolundakı addımların ardıcıllığı kimi görünür.

Zəfər yolu: keçmişdən gələcəyə uzanan müqəddəs yol

Zəfər ayının rəmzi başlanğıcı Zəfər yoludur. Bu yol təkcə fiziki bir infrastruktur deyil, milli yaddaşın, tarixi qürurun, ruhani dirçəlişin yoludur. Füzulidən Şuşayadək uzanan bu 101 kilometrlik yol Azərbaycan xalqının azadlıq iradəsinin simvoludur. Bu yol qan bahasına, can bahasına çəkilib. Hər qarışı şəhid qanı ilə yoğrulmuş bu torpaqlardan keçən yol əslində xalqın otuz illik sükutunun, həsrətinin və dözümünün qələbəyə çevrilməsinin təsviridir. Bəziləri Zəfər yolunu 30 illik mübarizənin sonu kimi qiymətləndirir. Amma əslində bu, son deyil - başlanğıcdır.

Bu yol dünənlə sabahı birləşdirən körpüdür. O, keçmiş ağrılarımızdan gələcəyə aparan yoldur. Zəfər yolunun çəkilişinə şəxsən Prezident İlham Əliyevin rəhbərlik etməsi, hər bir tikinti mərhələsində dövlət başçısının orada olması bu yolun sözün leksik mənasında yalnız “yol” olmadığını göstərdi - bu yol dünənimizi sabahımıza qovuşduran yoldur.

Zəfər yolu ilə hər kəs bir gün keçəcək - tək maşınla yox, qəlbi ilə. Bu yolun hər daşı, hər döngəsi bir qəhrəmanın izi, bir şəhidin nəfəsidir. Bu yolla getmək, əslində, Zəfər ruhunun içindən keçməkdir.

Bu yol, həm də Azərbaycanın yenidənqurma və inkişaf simvoludur. Müharibədən dərhal sonra dövlətin bu ərazilərdə həyata keçirdiyi quruculuq işləri - Füzuli aeroportu, yeni yollar, enerji infrastrukturunun bərpası göstərdi ki, Azərbaycan qələbəni yalnız hərb meydanında deyil, bərpa və quruculuq meydanında da davam etdirir.

Zəfər yolu xalqımızı, tarixi yaddaşımızı, özümüzü, bugünümüzü, sabahımızı gələcəyə aparan yoldur - keçmişin dərsini, bugünün gücünü, sabahın ümidini birləşdirən mənəvi xətdir...

9 noyabr: Dövlət Bayrağı Gününün əzəməti

Zəfər ayının ikinci böyük tarixi - 9 noyabr Dövlət Bayrağı Günüdür. Bayraq nədir sualının bəlkə də cavabı çoxdur - bayraq milli kimliyimizin, müstəqilliyimizin və əqidəmizin  rəmzidir, mübarizəmizin simvoludur, varlığımızın isbatıdır.

Azərbaycan bayrağının mavi, qırmızı və yaşıl rəngləri xalqımızın tarixi yolunun təcəssümüdür. Hər rəngində, hər boyağında, hər simvolunda tariximizin yatdığı, mənəviyyatımızın sığındığı, əbədiyyətimizin yer aldığı, yolumuzun əks olunduğu bir kimlikdir bayrağımız. Bu bayraqla biz döyüşə getdik, bu bayrağa sarılıb şəhidlərimizi torpağa verdik, bu bayrağı işğaldan azad edilmiş torpaqlarda ucaltdıq. Hər yüksəldilən bayraq dirəyi, həmin torpaqların azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə qaldırılan abidəyə çevrildi.

Prezident İlham Əliyevin “Şuşada, Qarabağda üçrəngli bayrağımız dalğalanacaq” sözləri illərlə xalqın qəlbində ümid çırağı idi. 2020-ci ilin Zəfərindən sonra bu sözlər reallığa çevrildi. Bu gün Qarabağın hər şəhərində, hər kəndində Azərbaycan bayrağı dalğalanır. Bu bayraq həm də dövlətçilik ənənəmizin bərpasının simvoludur. Prezidentin rəhbərliyi ilə bayraq ucalan hər bölgədə milli qürur hissi, həmrəyliyin və birliyin simvolu yaşanır. Bayraq Günü həm də bizə xatırladır ki, müstəqillik yalnız qazanılmır, qorunur. Hər dəfə bayrağa baxanda, onun dalğalanması ilə sanki şəhidlərimizin ruhu ucalır, xalqın başı bir az da dik olur. Bayraq ucalığı bizim üçün yerlə göyün birləşdiyi bir yerdir: bu ucalıq dövlətimin, millətimin ucalığıdır... Dünən üçün azadlığımı özündə simvolizə edən üçrəngli bayraq bu gün regionda ədalətin, sülhün və müstəqil siyasətin rəmzinə çevrilib. Dünyanın siyasi paytaxtlarında, təşkilatlarının önündə şərəflə dalğalanan Azərbaycan bayrağı bizim qətiyyətimizin, yolumuzun dönməzliyinin, ədalətə hörmətimizin, əsarətə üsyanımızın simvoludur!!!

10 noyabr: Qələbənin möhrünün vurulduğu gün...

2020-ci ilin 10 noyabrı: bu tarixi 30 il gözlənilən gün və ya Qələbənin anı kimi də xatırlamaq olar. Bu gün Azərbaycan tarixində əbədi qalacaq bir gündür. Bu tarixdə imzalanan üçtərəfli bəyanatla Ermənistan kapitulyasiya aktını qəbul etdi və 30 illik işğal dövrü rəsmi olaraq sona çatdı. Bu sənəd Azərbaycanın qələbəsini düşmənin özü tərəfindən etiraf edən sənəddir. 44 günlük müharibə boyu ordumuzun qazandığı qələbələr, düşmənin məğlubiyyəti ilə nəticələnən hər döyüş, 10 noyabrda hüquqi və siyasi reallığa çevrildi.

Bu bəyanat təkcə müharibəyə son qoymadı, həm də regionda yeni geosiyasi düzənin başlanğıcını qoydu. Azərbaycan ərazisində suverenliyini tam bərpa etdi, hərbi-siyasi balans tam dəyişdi. Nəinki  bölgə, böyük bir coğrafiya Azərbaycanın dizaynı ilə öz gələcək yolunu müəyyənləşdirdi.

10 noyabr qələbənin diplomatik möhürü oldu. Bu sənədin hər maddəsi Azərbaycan Ordusunun qəhrəmanlığı, Prezident İlham Əliyevin siyasi iradəsi və xalqın birliyinin nəticəsi kimi tarixə qızıl hərflərlə həkk olundu.

O gün milyonlarla azərbaycanlı göz yaşlarını saxlaya bilmədi - həm sevincdən, həm də şəhidlərimizin ruhunu anaraq. 10 noyabr həm də şəhidlərin müqəddəs xatirəsinə hörmətin  günüdür.

Bu gün biz həmin sənədi yalnız düşmənin məğlubiyyətini etirafı kimi dəyərləndirmirik - bu bəyanat illərlə bir millətin tələb etdiyi, nəhayətində özünün qətiyyəti ilə geri aldığı manifestdir. 10 noyabr göstərdi ki, Azərbaycanın iradəsinə qarşı dayana biləcək heç bir qüvvə yoxdur. Bugünün rakursundan boylananda 10 noyabrın anlamı daha fərqli görünür: bu, qələbənin təsdiqi ilə yanaşı, Azərbaycanın böyüklüyünün, Azərbaycanın əzəmətinin qəbulu idi. Bütün dünya, bu sənədi imzalayan ölkələr, bölgə dövlətləri, dostlarımız və düşmənlərimiz bu sənədlə bir həqiqəti əxz etdi: Artıq Azərbaycanın yaratdığı reallıqlarda yaşayacağıq, artıq Azərbaycanın formalaşdırdığı reallıqları müzakirə edəcəyik. Bu gün bizim qüdrətimizin bəyan edildiyi bir gün oldu...

12 noyabr - Konstitusiya Günü: Dövlətçiliyin hüquqi dayağı

Zəfər ayının xronologiyasında növbəti əlamətdar gün - 12 noyabr Konstitusiya Günüdür. Bu günün Azərbaycanın hüquqi dövlətçilik tarixində xüsusi yeri var. 1995-ci il noyabrın 12-də qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi, hüquqi və sosial sisteminin bünövrəsini qoydu. Bu sənəd müstəqil Azərbaycanın əsas qanunu olmaqla, vətəndaş cəmiyyətinin inkişafı üçün möhkəm hüquqi çərçivə formalaşdırdı.

Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatıdır. Zəfərdən sonra bu günün mənası daha da dərinləşib - çünki bu Konstitusiya artıq bütün Azərbaycan ərazisində tam qüvvədədir. Otuz il işğal altında qalan torpaqlarımızda Azərbaycan qanunu, Azərbaycan himni, Azərbaycan bayrağı, Azərbaycan Konstitusiyası bərpa olunub. Bu gün bu sənəd yalnız hüquqi deyil, həm də mənəvi simvola çevrilib. Konstitusiya Günü bizə həm də yol göstərir: müstəqillik yalnız silahla deyil, qanunla, ədalətlə, hüquqla qorunur.

Prezident İlham Əliyevin islahatlar kursu, şəffaf idarəçilik və hüquq sisteminin təkmilləşdirilməsi Konstitusiyanın prinsiplərinə əsaslanır. Zəfər dövründə hüquqi sistemimizin modernləşməsi Azərbaycanın qlobal dünyaya demokratik təqdimatıdır.

Zəfərimizin 5-ci ili ölkəmizdə Kosntitusiya və Suverenlik ilidir. Ötən 5 il suveren ərazilərimizin fiziki bərpası ilə yanaşı, həm də hüquqi varlığımızın təsdiqi ilə yadda qalıb. Bu 5 il gələcək əsrlərin, qərinələrin təməlini qoyur - təməlimiz isə hər zaman olduğu kimi hüquqa, ədalətə, birliyə və bütövlüyə əsaslanır...

17 noyabr Milli Dirçəliş Günü: Ruhun yenidən doğuluşu

Zəfər ayının əlamətdar günləri xronikasının növbəti dayanacağı noyabrın 17-si Milli Dirçəliş Günüdür: bu tarix xalqın azadlıq düşüncəsinin oyanışını, milli mübarizənin başlanğıcını simvollaşdırır.

1988-ci ilin həmin günü Bakının Azadlıq meydanında minlərlə insan sovet imperiyasının zülmünə, ədalətsizliyə, erməni separatizminə qarşı ayağa qalxdı. Bu gün təkcə siyasi etiraz deyildi, azərbaycanlı kimliyinin oyanışı idi. O meydanda atılan şüarlar, səslənən “Azərbaycan!” nidaları bir millətin öz taleyinə sahib çıxmaq istəyi idi.

Bu günün mənəvi əhəmiyyəti Zəfər dövründə daha da böyüyüb. Çünki 17 noyabr 1988-də başlayan milli ruh, 2020-ci ilin noyabrında Zəfərlə taclandı. Milli Dirçəliş Günü bizə göstərir ki, azadlıq ideyası xalqın genetik yaddaşında əbədi yaşayır. 1988-ci ildə meydanlarda başlayan ruh, bu gün Qarabağda, Şuşada, Xankəndidə dalğalanan bayraqda yaşayır. Azərbaycan dövləti özünün ən güclü dövrünü yaşayır - bu, məhz dirçəlişdən, doğuluşdan bəri gəlinən yolun doğruluğu və qətiyyəti ilə səciyyələnir. Azərbaycan xalqı sübut etdi ki, dirçəliş sadəcə siyasi hadisə deyil, həm də ruhun oyanışıdır. Qalib xalqa çevrilməmiz bu yolun sonundakı işığa yetişməmizin təntənəsidir. Bu gün üçün dünənimizə minnətdarıq, dünənimiz üçün savaşdıq, sabahımızı qazandıq...

Millətin yaddaşına həkk olunmuş əbədiyyət salnaməsi...

Bəli, Zəfər ayı Azərbaycan tarixində qələbə, birlik, dövlətçilik və milli ruhun ayıdır.

Hər bir tarixi günü bir mərhələ, bir addım, bir rəmzdir.

Zəfər yolu: azadlıq yolumuzdur!

Bayraq Günü: kimliyimizin simvoludur!

10 noyabr: qələbənin möhürüdür!

12 noyabr: dövlətçiliyin hüquqi dayağıdır!

17 noyabr: ruhun dirçəlişidir!

Bu aya Azərbaycan xalqı özünün tarixinin bir parçasını yerləşdirib - bu ay bizim tariximizin bir parçasıdır. Bu tarix Prezident İlham Əliyevin liderliyi, Ordumuzun qəhrəmanlığı və xalqın birliyi ilə yazıldı. Zəfər ayı sönməyəcək bir yaddaşdır - millətin yaddaşına həkk olunmuş əbədiyyət salnaməsidir.

Pərviz SADAYOĞLU

Избранный
40
yeniazerbaycan.com

1Источники