RU

Qalib Sərkərdə sözünü deyib: “Qorxmasınlar…”

Rusiya taxılının ardınca Qazaxıstan buğdası da Azərbaycan və Gürcüstan ərazisindən daşınaraq Ermənistana çatdırılıb.

Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, yük Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən tranzitlə çatdırılıb.

Prezident İlham Əliyev Azərbaycandan Ermənistana taxıl daşınmasına icazə verdikdən, tranzit yollarımızı ermənilərin üzünə açıq elan etdikdən sonra hər biri 15 vaqon olmaqla iki taxıl qatarı ölkəmizin ərazisindən Ermənistana keçib.

Ermənistanın baş naziri Nikol Paşinyan üçüncü dəfə dövlətimizin başçısına təşəkkür edib. 

Yəqin ki, bir müddət sonra ABŞ və Avropa liderləri, diplomatları İlham Əliyevin Ermənistan üçün taxıl yolunu açmasına da adekvat reaksiya verəcəklər. Hələlik Azərbaycan Prezidentinin əvvəlki onları heyrətləndirən addım və qərarlarından bəhs edirlər. Belə görünür heyrətamiz qərarlara çevik münasibət bildirməyə çətinlik çəkirlər, bəzən də bunu yuxu hesab edirlər. Elə özümüzdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru 44+1 günə işğalçılardan və separatçılardan təmizləməyimizi indiyədək yuxu hesab edənlərimiz azdırmı? Eləcə də əcnəbilər hələ yuxudadırlar, doğru-dürüst anlaya bilmirlər ki, nələr baş verir, necə olur ölkəsinə qarşı müharibə cinayətləri törədən, Naxçıvan bölgəsini hələ də blokada vəziyyətində saxlayan Ermənistana taxıl yolu verilir?

Hacalanırlar ki, axı, Ermənistan işğal illərində Azərbaycanın dəmir yollarının balansında olan, Naxçıvana aparan dəmiryollarının dəmir relslırini, stansoyalarını da tar-mar edib, Qarabağ və Şərqi Zəngəzurdakı xətləri də eləcə, indi Azərbaycan necə olur ermənilərin üzünə çörək yolunu açır? Dövlət başçımızın elan etdiyi qərar çoxlarını şaşırtdı. Onların bəziləri gözləyirdilər ki, İlham Əliyev Zəngəzur dəhlizini tanklarla açmağı əmr edəcək və “həmsədrlər” yenə diriləcəklər. “Sülhməramlı” oyunu oynamaq istıyənlərin, Avropa İttifaqının binokllu cəsus dəstəsinin də gözlərinin kökü saraldı. Axı, gərginlik arzusundaydılar. İlham Əliyev isə ermənilərə çörək yolu açdı. Bu, sülhün özüdür!

Azərbaycanın Naxçıvan regionunu 30 ildən artıq blokadada saxlamağın qarşılığında əsl kişilik, mərdlik davranışı! Qərb diplomatları necə şaşırmasınlar?! Hətta Nikol Paşinyan özü də etiraf etdi ki, onlar çox təəccübləniblər. Bunlar bəşəri ideyalarla yaşayan, çalışan və bəşəriyyətə sülh, rifah, normal münasibətlər bəxş edən siyasətin başında duran Lideri necə anlasınlar axı? Dünənə qədər Gəncədə, Bərdədə, Naftalanda...yuxuda olan körpələri raketlə öldürənlərdir...Onları başa düşmək çətin deyil. Uşaqlarını “türk sənin düşmənindir” təlimatı ilə böyüdənlərin yanaşmasına görə, azərbaycanlılar da onların uşaqlarını süngüyə keçirməli idilər. Axı, bu günün söhbəti deyil, bir əsr əvvəl də bizim körpələri borulara, quyulara doldurub dəhşətli işgəncələrlə öldürüblər...

Ona görə də Azərbaycan Prezidenti “Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”, söylədi.

Amma görünür ermənilər çox qorxurlar. Hətta Azərbaycanın, azərbaycanlıların onlara təhlükə törətməyəcəyini bildikləri halda belə, özlərinin tarix boyu törətdiklərinə görə narahatdırlar.

Ermənistanın keçmiş ombudsmanı və “Birlik qanadları” siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyan da çox həyəcanlanıb. Onun erməni mediasına açıqlamasına diqqət edin: “Qərbi Azərbaycan təşkilatının QHT olduğunu və Azərbaycan hakimiyyəti ilə heç bir əlaqəsinin olmadığını iddia edərək bizi aldadırlar”. Tatoyan iddia edib ki, bu, Ermənistanın işğalı ilə bağlı konkret strategiyadır, yüz minlərlə Azərbaycan vətəndaşını Ermənistanda məskunlaşdırmaqla ölkəmizi işğal etmək planı var. Keçmiş ombudsman bu dərəcədə xəstədir. Ermənistanı işğal planı olsaydı, İlham Əliyev rəhbərlik etdiyi orduya 5 il öncə “dur” komandasını verməzdi və Trampın köməkçisi də bu gün heyrətlənməz, bəlkə də bu gün əsgərlərimizin hərbi keçidi Bakıda yox, İrəvanın baş meydanında baş verədi, ABŞ də bunu normal qarşılayardı. Tatoyan və digərləri vaxtilə “yeni ərazilər işğal etmək”, “Bakıya qədər irəliləmək” kimi sarsaq iddialara düşmüşdülər axı. O mənada zənn edirlər ki, Azərbaycan Qərbi azərbaycanlıların öz evlərinə - Qərbi Azərbaycana ləyaqətli qayıdışını təmin etməklə əslində Ermənistanı işğal etməyi hədəfləyir.

Politoloq Benyamin Matevosyan da əməlli qorxub.

Sitat: “Baxın, şahidi olduq. Əliyev deyir ki, “Sevan” xəritələrdə yoxdur, Göyçə var. Paşinyan deyir ki, yaxşı, Ermənistan Respublikasında, məsələn, parlamentarilər “Artsax Respublikası”nın bayrağını nümayiş etdirirlər, “Artsax” sözünü işlədirlər və Azərbaycan buna reaksiya verir.

Biz həqiqətən çox genişmiqyaslı, kobud manipulyasiya ilə üzləşirik. Fərq ondadır ki, söhbət dövlət dəstəyindən gedir. Qərbi Azərbaycan sadəcə bir fenomen deyil, Prezident Administrasiyası tərəfindən maliyyələşdirilən dövlət layihəsidir”, - deyən erməni politoloq bu yaxınlarda Brüsseldə “Qərbi Azərbaycana qayıtmaq hüququ”na həsr olunmuş sammitin keçirildiyini xatırladıb. Paşinyanı da hədəfə alırlar bu məsələlərlə bağlı. Amma erməni baş nazir hələ də Qərbi Azərbaycan məsələsində susur, elə zənn edir ki, Qarabağdan könüllü gedən ermənilərin geri qayıdışının mümkünsüzlüyünü deməklə Qərbi Azərbaycan əhalisi ilə bağlı da rəsmi Bakının tələblərini “zərərsizləşdirə” biləcək.

 Prezidentin AMEA-dakı çıxışından sonra ermənilər çox ciddi təşviş keçirirlər. Hətta Bakıdakı hərbi parad qədər geniş rezonans doğurub Qərbi Azərbaycan və Göyçə mövzusu. Həm də bilirlər axı, İlham Əliyev dedisə, məsələ bitmişdir! Bilirlər ki, sonda deyilənlər baş verəcək. Sadəcə, vaxtı uzatmağa çalışırlar. Anlaya bilmirlər ki, ötən əsrdə azı 3 dəfə deportasiya olunmuş azərbaycanlıların beynəlxalq hüquqa əsaslanan haqları tanınmalıdır, əksi mümkün deyil! Qərbi Azərbaycan əhalisinin ləyaqətli qayıdışına imkan vermək Ermənistanın sülhə münasibəti üçün əsas amildir. Həm də Azərbaycan dövlətinin prioritetləri sırasında yer alır bu məsələ. Sən məni evimə qayıtmağa, qəbirlərimi ziyarət etməyə qoymursan, deyirsən gəl, ədavətə son qoyaq, mehriban qonşu olaq, bu, mümkün deyil axı...

Yazını yekunlaşdırarkən erməni mediası manşetlərdən daha Qərbi Azərbaycanla bağlı daha bir həyəcanlı yazı tirajladı: “Azərbaycanda QHT-lər “Qərbi Azərbaycana qayıtmaq” mövzusunda fəaliyyətlərini gücləndirirlər”. Görünür, Bakıda səslənən “qorxmasınlar” mesajı hələ ünvanlara çatmayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirdiyi görüşdə “Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”, demişdi. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun şəkildə işlər davam edir. Artıq Qərbi Azərbaycana ləyaqətli qayıdış məsələsi beynəlxalq müstəviyə çıxarılıb, Ermənistanı təşvişə salan budur. İlahi ədalət öz yerini tapacaq, şübhəmiz yoxdur! Amma İlham Əliyev demişkən, “qorxmasınlar!” Azərbaycanlılardan kimsəyə xətər dəyməyib, toxunan olmasa...

Bu gün bütün dünyanın gözü Bakıya, Azadlıq meydanına dikilmişdi: Azərbaycan 21-ci əsrin Böyük Zəfərinin 5-ci ildönümündə Türkiyə və Pakistan kimi etibarlı qardaşlarının lider və hərbçilərinin iştirakı ilə möhtəşəm hərbi parad keçirdi! Bu, “Yurdda sülh, Dünyada barış”ı özündə ehtiva edən hərbi keçid idi, kimsə qorxmasın, əgər bizə qarşı xain niyyətləri yoxdursa…Qalib Sərkərdə də sözünü deyib: QORXMASINLAR! Amma yerlərini bilsinlər!!!

Bu arada, Ermənistan bir az da geciksəydi, qurulmaqda olan və “olmazsa, olmaz”a çevrilən Zəngəzur qatarına yetişə bilməyəcək, dalanda qalacaqdı! Amma normal mövqenin qarşılığında çörək qatarlarını Azərbaycan ərazisindən qəbul etdi. Daha da ağıllanacaqsa, o qatar birbaşa Zəngilandan keçib gedəcək…Ən yaxşısı sülh və barışdır! 

Избранный
64
musavat.com

1Источники